Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan NATO ölkələri ilə əlaqələrini həm Alyans çərçivəsində, həm də ikitərəfli formatda uğurla inkişaf etdirir”
Tarix: 19-03-2024 | Saat: 09:23
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan NATO ölkələri ilə əlaqələrini həm Alyans çərçivəsində, həm də ikitərəfli formatda uğurla inkişaf etdirir”

“Bu gün Azərbaycan NATO ilə istər təşkilat çərçivəsində, istərsə də bu təşkilata üzv olan ayrı-ayrı ölkələrlə ikitərəfli formatda əlaqələrini uğurla inkişaf etdirir. İlk növbədə deyə bilərik ki, Azərbaycan 1994-cü ildə NATO ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzalayıb. Bu sənəd 1996-cı ildə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən təsdiq edilərək NATO-nun Baş katibinə təqdim edilmişdir. Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq Proqramı 1996-cı ildə Şimali Atlantika Şurası tərəfindən təsdiq edilib. 1997-ci ilin noyabrında Azərbaycan NATO əməliyyatlarının müdafiə planlamasına Azərbaycanı daha sıx cəlb etmək üçün SNT Planlaşdırma və Baxış Prosesinə qoşuldu. Diqqətəlayiq haldır ki, NATO-ya üzv ölkələr 2006-cı ildə Riqada keçirilən Şimali Atlantika Şurası toplantısında, 2008-ci ildə Buxarestdə keçirilən NATO/EAPC toplantısında və 2009-cu ildə Strasburqda keçirilən zirvələrdə verilən bəyannamələr çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyiblər. Azərbaycan Prezidenti cənab İlham Əliyev 2012-ci ildə Çikaqoda, 2014-cü ilin sentyabrında Uelsdə, 2016-cı ilin iyulunda Varşavada NATO Sammiti zamanı Əfqanıstanla bağlı Dövlət və Hökumət Başçılarının Görüşlərində iştirak etmişdir. Bütün bunlar Azərbaycan ilə NATO arasında kifayət qədər sıx tərəfdaşlıq əlaqələrinin olduğunu göstərir. Bu hal öz təsdiqini martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberqin mətbuata bəyanatla çıxışlarında da öz əksini tapıb.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat həmçinin qeyd edib ki, Şimali Atlantika Alyansının Baş katibinin cənab Prezident İlham Əliyevlə müzakirə etdiyi mövzular arasında enerji təhlükəsizliyi ilə bağlı gündəmə xüsusi yer ayrılması təşkilatın bu məsələlərdə Azərbaycanın rolunu yüksək qiymətləndirdiyini göstərir: “Birmənalı olaraq deyə bilərik ki, bu gün Avropada Azərbaycanın NATO-ya üzv və tərəfdaş ölkələrin enerji təhlükəsizliklərinin təmintaında oynadığı önəmli rol bu təşkilatla münasibətlərin inkişafına mühüm töhfələr verir. Öz çıxışında cənab Prezident İlham Əliyev bu məsələyə də toxunaraq bildirdi ki, son vaxtlar qaz təchizatı baxımından azərbaycanla əməkdaşlıq edən NATO-ya üzv və tərəfdaş ölkələrin sayı getdikcə artmaqdadır. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə Alyansın tərəfdaş ölkəsidir. Gözləmək olar ki, növbəti illərdə bu tərəfdaşların sayı bir qədər də artacaq. Azərbaycan isə, yaxın gələcəkdə Avropa ölkələrinə həm də bərpaolunan enerji növlərini ixrac etməyə başlayacaq. Əlbəttə ki, bununla Avropa ölkələrinin, o cümlədən NATO-ya üzv və tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin təminatı məsələsində Azərbaycanın aparıcı mövqeyi daha da möhkəmlənəcək” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024