Mobil versiya
Almaniyada 81 yaşında koronavirusdan sağalan professor bu virusdan yazdı
Tarix: 31-03-2020 | Saat: 19:52
Bölmə:Qərbi Azərbaycan / Dünya | çapa göndər

Almaniyada 81 yaşında koronavirusdan sağalan professor bu virusdan yazdı






Almaniyada koronavirusa yoluxan azərbaycanlı həkim, tibb üzrə professor Agbeyk Azerbaijani bu xəstəlikdən necə qurtardığı barədə Aia.az-a yazıb.

Həmin yazını tərcümə ilə təqdim edirik.

Yeni növ koronavirus və ya COVİD-19 adlandırılan bu virus hüceyrələrə çox tez girərək inkişaf edir və mutasiyaya uğrayır. Ona görə də bu virusun normal inkubasiya dövrü 2-4 gündür, amma 12 günə qədər də çəkə bilər.

Son araşdırmalara görə, bu yeni növ virus ilk dəfə Çinin Uhan şəhərindəki heyvan bazarında ortaya çıxıb. Bir xanım canlı heyvanların da satıldığı bazara yarasa gətirib. Onu kəsəndə qanı barmağına bulaşıb və xəstələnib. Noyabrın sonunda bir həkim bir neçə xəstədə qəribə simptomlar müşahidə edib və bu haqda hökumətə məlumat verib. Təəsüüf ki, Çin hökuməti həkimi həbs edib və məsələni gizlədib. Dekabrın ortalarında, yoluxma sayı artdıqdan sonra isə bunu etiraf edib.

Bu xəstəlik SARS və MERS-dən( dəvədən keçir) fərqlidir. Quşlardan başqa, digər heyvanlardan, hətta çöl pişiyindən belə keçə bilir.

Simptomları

Çox vaxt soyuqdəymə simptomları ilə başlayır, əlavə olaraq halsızlıq, 38 dərəcədən yuxarı qızdırma, baş ağrısı, quru öskürək, boğaz ağrısı, burun tıxanıqlığı, iybilmənin itirilməsi və bəzən də ishal kimi əlamətlərlə müşahidə olunur.

Başlanğıcda əgər güclü immunitetiniz olsa, burun və boğazınızı duru antiseptiklə və ya duzlu-sirkəli su ilə qarqara etsəniz, çox ehtimal ki, virus ağciyərlərə deyil, mədəyə gedə və oradakı asidlər vasitəsilə məhv ola bilər. Nəfəs darlığı, sinə sancıları başlayarsa və sətəlcəmə çevrilərsə, çox ciddi tədbirlər görülməlidir.

0.5-3 % xəstə bakterial infeksiyaya tutula bilər ki, bu daha da ağır vəziyyətdir. Normalda 80 faiz xəstə bunu çox yüngül soyuqdəymə halı kimi keçirə, vitamin və Resochin(Cholorquine phosphate və ya hydroxychloroquine) formulalı dərmanlarla müalicə oluna bilər.

Mən bu dərmanı 40 ildir amibli ishallarda, malyariyada, hətta revmatoid artrit, Lupus (qırmızı qurd eşənəyi) kimi xəstəliklərdə belə istifadə edirəm. Təssüf ki, "Bayer" firması niyəsə keçən ilin istehsalını dayandırıb.

ABŞ-a Cholorguine 250 mg tabletindən 3 milyon ədəd satıb, amma Almaniyada tapılmır. Bu dərman xəstəlik sinəyə keçmədən kömək edə bilir. Xəstəlik çox şiddətli hal alarsa, köməyi dəymir, amma əks təsirləri azdır.

Bəzi yeni dərmanlar var ki, ya hələ sınaqdan keçirilir, ya da bəzi ölkələrdə artıq istifadə olunur: Kaltera 133.3/33.3 mg (Lopinavir və ritonavirdən təşkil olunub) və Remdesvir daha yaxşı təsir göstərib, müalicə edə bilir.

Təəssüf ki, virusu tam müalicə edəcək dərman və ya peyvənd kəşf olunmayıb. Almaniyanın Tübingen şəhərində CureVac laboratoriyasında peyvənd tapılıb. Ancaq peyvənd xəstəliyə tutulduqdan sonra işə yaramır. Adını çəkdiyim dərmanları ABŞ-ın qida və dərman məhsullarına nəzarət idarəsi (FDA) təsdiqləməyib, amma özləri istifadə edir.

Koronavirus yaşlılarda, immuniteti çox zəif olanlarda, diabetlilərdə, ürək və xroniki, bir sözlə, ağır xəstəliyi olanlarda təhlükəlidir. Amma unutmamalıyıq ki, təkcə yaşlılar deyil, yaşı 45-dən aşağı olanlar da bu virusu ağır keçirə bilər. Hətta körpələr və cavanlar da bu virusa yoluxur. Bu xəstəlikdən ölən 19 yaşlı gənclər var.

Qorunma yolları

Birincisi, bədənimizi təmiz saxlayıb, əllərimizin hər tərəfini 20 saniyə boyunca sabunla yumalı, çöldə əlcək geyinməli, küçədə, hətta evdə belə bir-birimizlə 1.5 metr məsafə saxlamalıyıq.

Əllərimizi yumadan, yaxud da 70 faizdən az olmayan spirtlə təmizləmədən üzümüzə, ağzımıza, gözümüzə sürtməyək, çölə çıxarkən ancaq N95 maska ilə qorunaq. Bu maskalarda karbon filtri var ki, virusun qarşısını ala bilir. Tibbi maskalar virusu önləyə bilməz. Gözlər üçün də xizək eynəyi kimi yaxşı qoruyan gözlüklərdən istifadə etmək lazımdır. Ən mühümü çöldə hər kəsdən 1,5-2 metrdən çox məsafə saxlamaqdır.

Bəzi ehtimallara görə, bu virus metalda, taxtada, geyimlərimizdə, xüsusilə də ayaqqabılarımızda bir neçə gün yaşaya bilir. Hətta "Diamond Princess" gəmisinin kabinlərində 17 gündən sonra da canlı virus aşkarlanıb. Amma təmiz suda və üzmə hovuzlarında xlor və bromla virusu yox etmək mümkündür. Yerləri və əşyaları 0.5% hydrogen peroksid və ya 0.1% sodium hipoxloridlə(bleach və ya ağardıcı) təmizləmək lazımdır.

İmmun sistemini koronavirus əleyhinə necə güclü etməli?

1.İstirahət və yaxşı yatmaq.

2.Evdə bədən tərbiyəsi ilə məşğul olmaq. Gündə 4 dəfə dərin nəfəsalma, həmçinin yüngül gimnastika hərəkətləri etmək.

3.Düzgün qidalanma, bol su içmək, çoxlu meyvə-tərəvəz yeyib, ətdən daha az istifadə etmək. Ətin yerinə, yumurta, balıq, bişmiş qara quru lobya, paxla və çərəzlərlə qidalanmaq (məsələn, badam, qoz və.s).

Sarımsaq, soğan, zəncəfil, sarıkökdən çox istifadə etməkdə, şəkər və nişastalı, həmçinin xəmir yeməklərindən, doymamış yağlardan, spirtli içkilərdən uzaq durmaqda fayda var (bədəndə şəkərə çevrilə bilir). Çünki koronavirus şəkərdə daha çox bəslənir. Şəkər ağ qanın çoxunu təşkil edən neytrofillərin koronavirusla mübarizəsinə əngəl olur.

İnsanın immun sistemi çox dolaşıq və mürəkkəbdir. İmmun sistemi timus vəzindən, limfa sistemindən, dalaq və bağırsaqlardakı probiotiklərdən ibarətdir. Ən üstünləri sümük iliyi və ağ qan hüceyrələridir. Bunlar bədənə girən mikrob, virus, hətta xərçəng hüceyrələri kimi inflamasiyalarla (iltihab) mübarizə apararaq, onları mühasirəyə alıb, məhv edirlər.

Ağ qanda olan hüceyrələr bunlardır: neytrofil-62%, monositlər-5.3%, limfositlər-30%, eozinofillər-2.3%, bazofillər-0.3 %, plasmasellər-0.1% və digərləri. Bu hüceyrələrin vəzifəsi bədəni müdafiə edərək viruslara qarşı mübarizə aparmaqdır.

Təchizatsız müdafiə olmaz. İmmunitetin təchizatı bəzi vitaminlərdir. Monositlər qana buraxıldıqdan sonra müdafiə üçün makrofaqlar meydana gəlir və xəstə hüceyrələrə gedib, orada faqasitozla virusları və mikrobları yox etməyə başlayırlar. Neytrofillər isə ən çox müdafiə mexanizminə yardım edirlər. Virus və ya mikrob girən hüceyrələrdə makrofaqlara kömək edirlər. O biri qan hüceyrələri müdafiə mexanizmində elə də rol oynamırlar. Yalnız sümük iliyi bəzi vitaminlər verildiyi təqdirdə, ağ qan hüceyrələrinin istehsalını 20 dəfə artırır.

Ən mühüm vitamin bir çox xəstəliklərin qarşısının alınmasında rol oynayan D vitaminidir. Hətta koronaviruslu xəstələrdə müşahidə olunan quru öskürəkdə belə kömək edir.

Profilaktika dövründə və bu virus məhv edilənə qədər aşağıdakı vitaminlər çox faydalıdır:

1.Vitamin D3 5000-10000(İU). Gündə bir dəfə qəbul etmək, əlavə olaraq, yarım saat günəşdə gəzməklə təsirini daha yaxşı görmək olar.

2.Vitamin A 10000-20000(İU)

3. Vitamin B6 100-400(İU)

4. Vitamin E 400-800 (İU)

Bu vitaminlər yağda əridiyi üçün ancaq yemək arasında qəbul oluna bilər. Vitamin C bütün soyuqdəymə viruslarını aradan qaldırmaqda çox vacibdir. Mən 20 ilə qədər bunun bir qramlıq ampulasından istifadə edib, nəticəsini görmüşəm. İndi isə tablet və toz halında olanları çıxıb. Tabletinin iki qramını birdən qəbul etsək, çox hissəsi 3-4 saatda bədənimizdən sidiklə çıxacaq. Ən yaxşısı odur ki, gündə 2-3 dəfə 500 milliqramlıq dilaltı tabletini, yaxud da toz halda olanını istifadə edək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024