Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan-Britaniya əməkdaşlığı iqtisadi inkişafın yeni perspektivlərini açır”
Tarix: 14-11-2026 | Saat: 08:57
Bölmə:Manşet / Siyasət | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan-Britaniya əməkdaşlığı iqtisadi inkişafın yeni perspektivlərini açır”

“Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiya imkanlarının artırılması baxımından yeni mərhələnin başlanğıcıdır. Noyabrın 12-də Dublində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən imzalanmış Birgə Bəyannamə iki ölkənin iqtisadi münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi sənəddir. Sənəddə ticarət, investisiya, enerji, infrastruktur və maliyyə sahələrinə xüsusi yer ayrılması Britaniyanın Azərbaycanla əməkdaşlığa uzunmüddətli perspektivdən yanaşdığını göstərir. Azərbaycan-Britaniya iqtisadi əlaqələrinin ənənəvi əsasını enerji sektoru təşkil edir. Ölkəmizin zəngin enerji resurslarının beynəlxalq bazarlara çıxarılmasında Britaniya şirkətlərinin iştirakı, xüsusilə BP ilə uzunmüddətli tərəfdaşlıq qarşılıqlı etimadın və iqtisadi maraqların uzlaşdırılmasının uğurlu nümunəsidir. Bu əməkdaşlıq Azərbaycanın enerji potensialının reallaşdırılmasına, beynəlxalq enerji təhlükəsizliyinə töhfəsinə və ölkəmizin investisiya cəlbediciliyinin artmasına xidmət edib. Yeni Bəyannamə isə mövcud əməkdaşlığın daha geniş iqtisadi istiqamətlər üzrə inkişaf etdirilməsi üçün siyasi və institusional zəmin yaradır. Bərpaolunan enerji, yaşıl maliyyələşdirmə, aşağı karbonlu texnologiyalar, infrastruktur və xidmətlər üzrə tərəfdaşlığın təşviqi iqtisadi münasibətlərin şaxələndirilməsinə imkan verəcək.
Sənəddə bizneslərarası əlaqələrin inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi, maliyyə və kapital bazarlarında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı müddəalar da xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətlər Britaniya kapitalının və qabaqcıl idarəetmə təcrübəsinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə cəlb olunmasına, yeni iş yerlərinin yaradılmasına və yerli müəssisələrin rəqabət qabiliyyətinin yüksəldilməsinə töhfə verə bilər. Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinə verilən önəm isə razılaşmaların praktik nəticələrə çevrilməsi üçün mühüm mexanizmdir.”

Milli Məclisin deputatı Novruzəli Aslanov bu sözləri aia.az-a açıqlamasında deyib.

Parlament üzvü bildirib ki, məhz Azərbaycanın əlverişli coğrafi mövqeyi iqtisadi tərəfdaşlığın regional miqyasını daha da genişləndirir: “Orta Dəhlizin inkişafına dəstək, nəqliyyat və logistika infrastrukturuna investisiyaların təşviqi ölkəmizin beynəlxalq ticarətdə tranzit imkanlarını artırır. TRIPP layihəsi də bu baxımdan yeni iqtisadi perspektivlər yaradan regional bağlantı təşəbbüsüdür. Britaniyanın nəqliyyat əlaqələrinin inkişafına və regional iqtisadi inteqrasiyaya müsbət yanaşması Azərbaycanın irəli sürdüyü təşəbbüslərin əhəmiyyətini artırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi şaxələndirmə siyasəti Azərbaycanın xarici investisiyalar üçün etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib. Böyük Britaniyanın ölkəmizə investisiya marağı da məhz yaradılmış əlverişli biznes mühiti, iqtisadi sabitlik və uzunmüddətli inkişaf perspektivləri ilə bağlıdır. Beləliklə, Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Britaniya iqtisadi münasibətlərini ənənəvi sahələrdən yeni texnologiyalara, yaşıl enerjiyə və regional infrastruktur layihələrinə doğru genişləndirir. Bu sənədin əsas üstünlüyü siyasi razılaşmaları konkret iqtisadi imkanlarla əlaqələndirməsindədir. Qarşılıqlı faydaya əsaslanan bu yanaşma hər iki ölkənin uzunmüddətli inkişaf maraqlarına xidmət edir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2026