Mobil versiya
Nabranda 100 milyonluq “Atlant” hərraca çıxarıla bilər – HÖKM OXUNACAQ
Tarix: 14-11-2026 | Saat: 00:33
Bölmə:Ölkə | çapa göndər

Nabranda 100 milyonluq “Atlant” hərraca çıxarıla bilər –


Bakı Ağır Cinayətlər Məhkəməsində 171 vətəndaşa qarşı 14 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Nofəl Hacıyev və “Təbriz” MTK-nın icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekun mərhələyə çatıb. Məhkəmə tərkibinin müşavirədən qayıdaraq yekun hökmü elan edəcəyi tarix də bəllidir – noyabrın 16-da, saat 10:00-da 171 ailənin və dəyəri 100 milyon manata çatan nəhəng turizm kompleksinin taleyinə aydınlıq gətiriləcək.

İstintaq materiallarına əsasən, Nofəl Hacıyev “Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri vətəndaşlara satsa da, tikinti başa çatdırılmayıb və nəticədə 171 ailə həm evsiz, həm də pulsuz qalıb. Lakin məhkəmə prosesinin gedişi mənimsənilən 14 milyon manatdan artıq vəsaitin hara xərclənməsi ilə bağlı qalmaqallı detalları üzə çıxarıb.

Məhkəmədə geniş çıxış edən Nofəl Hacıyev ittiham olunduğu məbləğin aqibətinə aydınlıq gətirib. O bildirib ki, həm “Təbriz” MTK-da, həm də Nabrandakı məşhur “Atlant” Ailəvi İstirahət Mərkəzində qayınatası Tahir Qədəşovla şərik olub. Təqsirləndirilən şəxsin sözlərinə görə, vətəndaşlardan toplanan milyonlarla manat məhz qayınatasının təkidi ilə “Atlant”ın təmir-tikinti işlərinə, genişləndirilməsinə və abadlaşdırılmasına yönəldilib.

Nofəl Hacıyev qeyd edib ki, niyyəti istirahət mərkəzindən əldə olunacaq gəlir hesabına vətəndaşlar qarşısındakı mənzil öhdəliklərini yerinə yetirmək olub. Lakin 2022-ci ildən etibarən yaranan maliyyə çətinlikləri planları alt-üst edib. Onun sözlərinə görə, borcları bağlamaq üçün “Atlant”ın satılması gündəmə gəlib və hətta real alıcı da tapılıb, lakin Tahir Qədəşov son anda obyekti satmaqdan imtina edib.

Proses zamanı qayınata ilə kürəkən arasındakı münasibətlərin nə dərəcədə kəskinləşdiyi açıq şəkildə müşahidə olunub. İclasların birində Nofəl Hacıyev məhkəmə zalında qayınatasına üz tutaraq sərt ittihamlar səsləndirib: “Mən 30 il sənin qulun olmuşam. Allah sənə lənət eləsin!”

Bundan başqa, təqsirləndirilən şəxs qayınatasının istirahət mərkəzinin ərazisini genişləndirmək məqsədilə 800-dən çox ağacı kəsdirərək təbiətə də ciddi ziyan vurduğunu iddia edib.

İş üzrə maraqlı şəxs və şahid qismində tanınan Tahir Qədəşov isə əvvəlki ifadələrində kürəkəninin dediklərini təkzib edərək MTK-nın tikinti işlərinə qarışmadığını və vətəndaşlardan pul yığılmasından xəbərsiz olduğunu bildirib. Diqqət çəkən məqamlardan biri isə odur ki, hökm ərəfəsində keçirilən sonuncu həlledici iclasda nə Tahir Qədəşov, nə də onun vəkili iştirak edib.

Hazırda ibtidai istintaq orqanının qərarı ilə “Atlant” ailəvi istirahət mərkəzinin üzərinə həbs qoyulub. Maraqlıdır ki, həm təqsirləndirilən Nofəl Hacıyev, həm də pullarını geri ala bilməyən 171 zərərçəkmiş məhkəmədən eyni addımı atmağı xahiş edirlər. N.Hacıyev son çıxışında məhkəmənin “Atlant”ı müsadirə edərək vətəndaşlara vurulmuş ziyanın qarşılanmasını istəyib.

Zərərçəkənlər də öz növbəsində kompleksin hərrac yolu ilə satılaraq 14 milyon manatlıq ziyanın ödənilməsini tələb edirlər. Eyni zamanda, vətəndaşlar pulların mənimsənilməsində şərik olduğunu iddia etdikləri Tahir Qədəşovun şahid qismində deyil, təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb olunmasını və həbs edilməsini istəyirlər.

Xatırladaq ki, 2002-ci ildə Nabranın meşəlik və dənizsahili ərazisində salınmış “Atlant” ölkənin ən iri turizm obyektlərindən biri hesab olunur. Kompleksin ərazisində 4 akvapark, 200-ə yaxın kottec, otellər, restoranlar və geniş əyləncə infrastrukturu mövcuddur. Müstəqil qiymətləndiricilər bu nəhəng obyektin bazar dəyərini 80-100 milyon manat civarında qiymətləndirirlər.

İndi bütün diqqətlər noyabrın 16-na yönəlib. Bakı Ağır Cinayətlər Məhkəməsinin verəcəyi hökm həm illərdir mənzil yolunu gözləyən 171 ailənin taleyini, həm də 100 milyonluq “Atlant”ın gələcək aqibətini həll edəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2026