Mobil versiya
Səttar Möhbalıyev: "Böyük Britaniya ilə əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi prioritetlərin reallaşdırılması baxımından əhəmiyyətli imkanlar yaradır"
Tarix: 14-11-2026 | Saat: 09:06
Bölmə:Manşet / Siyasət | çapa göndər

Səttar Möhbalıyev: "Böyük Britaniya ilə əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi prioritetlərin reallaşdırılması baxımından əhəmiyyətli imkanlar yaradır"

Dövlətlərarası münasibətlərin möhkəmliyi yalnız siyasi dialoqun intensivliyi ilə deyil, həm də iqtisadi əlaqələrin dərinliyi, qarşılıqlı investisiyaların həcmi, elmi-texnoloji əməkdaşlığın imkanları və xalqlar arasında formalaşan etimad mühiti ilə ölçülür. Bu baxımdan 2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında əməkdaşlığın yeni və perspektivli istiqamətlərini müəyyənləşdirən mühüm sənəddir.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Bəyannamənin diqqətçəkən xüsusiyyətlərindən biri iqtisadi münasibətlərə yalnız ənənəvi ticarət və investisiya əlaqələri çərçivəsində yanaşılmamasıdır. Sənəddə iqtisadiyyatın şaxələndirilməsi, innovasiya, yaşıl enerji, maliyyə bazarları, nəqliyyat-logistika, rəqəmsal transformasiya, təhsil və elmi tədqiqatlar vahid strateji əməkdaşlıq sisteminin mühüm komponentləri kimi təqdim olunur. Bu isə tərəflərin münasibətlərə uzunmüddətli inkişaf və qarşılıqlı fayda prizmasından yanaşdıqlarını göstərir. Azərbaycanın iqtisadi inkişaf strategiyasında beynəlxalq tərəfdaşlarla əlaqələrin genişləndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi, ölkəyə investisiyaların cəlb olunması və müasir texnologiyaların tətbiqi xüsusi yer tutur. Böyük Britaniya ilə əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi də bu prioritetlərin reallaşdırılması baxımından əhəmiyyətli imkanlar yaradır. Bəyannamədə ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, davamlı və şaxələndirilmiş iqtisadi artımın təşviqi əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Xüsusilə bərpaolunan enerji, infrastruktur və xidmətlər sahəsində uzunmüddətli kommersiya tərəfdaşlıqlarının inkişafı, bilik və təcrübə mübadiləsi, bizneslərarası əlaqələrin təşviqi diqqət mərkəzindədir. Burada mühüm məqam ondan ibarətdir ki, əməkdaşlıq yalnız kapital qoyuluşu ilə məhdudlaşmır, hər iki ölkənin iqtisadiyyatında yeni iş yerlərinin, peşə bacarıqlarının və əlavə dəyərin yaradılmasını da nəzərdə tutur. Belə yanaşma iqtisadi tərəfdaşlığın keyfiyyətcə yeni modelini formalaşdırır. Çünki müasir dövrdə investisiyanın əsl səmərəsi onun yalnız maliyyə göstəriciləri ilə deyil, iqtisadiyyata gətirdiyi texnologiya, bilik, idarəetmə təcrübəsi və insan kapitalının inkişafına verdiyi töhfə ilə müəyyənləşir. Bəyannamənin xüsusi əhəmiyyət daşıyan istiqamətlərindən biri Orta Dəhlizin inkişafına dəstəkdir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və regional bağlantıların genişləndirilməsi istiqamətində həyata keçirdiyi layihələr ölkəmizi beynəlxalq logistika sisteminin mühüm iştirakçılarından birinə çevirib. Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutlarının inkişafı təkcə yükdaşımaların sürətlənməsi demək deyil. Bu, həm də yeni ticarət imkanları, investisiya axınları, regional iqtisadi inteqrasiya və dövlətlər arasında qarşılıqlı asılılığın daha sağlam əsaslar üzərində formalaşmasıdır. Böyük Britaniyanın Orta Dəhlizin inkişafını dəstəkləməsi Azərbaycan üçün bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Millət vəkili onu da deyib ki, enerji sahəsində əməkdaşlıq da sənədin mühüm istiqamətlərindəndir. Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış edir. Ölkəmizin zəngin enerji resursları, inkişaf etmiş infrastruktur imkanları və beynəlxalq enerji layihələrində qazandığı təcrübə bu mövqenin möhkəmlənməsinə şərait yaradıb. Bəyannamədə bərpaolunan enerjinin inkişafı, yaşıl maliyyələşdirmə, aşağı karbonlu texnologiyalar, enerji təhlükəsizliyi və sıfır emissiya hədəflərinə doğru irəliləyiş üzrə əməkdaşlığın nəzərdə tutulması məhz bu reallıqlardan irəli gəlir. Sənəddə maliyyə və kapital bazarları üzrə əməkdaşlığa xüsusi diqqət yetirilməsi də təsadüfi deyil. Davamlı investisiyaların, ticarət maliyyəsinin, kiçik və orta biznesin inkişafının və yaşıl maliyyələşdirmənin dəstəklənməsi iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi üçün vacib şərtlərdir Bu baxımdan Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın rolunun xüsusi vurğulanması mühüm əhəmiyyət kəsb edir. Komissiyanın investisiya, iqtisadi şaxələndirmə, Orta Dəhliz və enerji əməkdaşlığı üzrə birgə təşəbbüslərin irəlilədilməsi üçün əsas platforma kimi nəzərdə tutulması Bəyannamədəki məqsədlərin praktiki nəticələrə çevrilməsi üçün institusional zəmin yaradır. Ancaq müasir tərəfdaşlığın ən mühüm istiqamətlərindən biri də insan kapitalının inkişafıdır. Bəyannamədə təhsil, elm, tədqiqat və innovasiyanın uzunmüddətli rifahın, məhsuldarlığın və sosial dayanıqlığın əsas amilləri kimi qiymətləndirilməsi bu baxımdan xüsusi diqqətə layiqdir. Ali təhsil, peşə təhsili, rəqəmsal və texniki bacarıqlar, dövlət sektorunda təlim, eləcə də süni intellekt və rəqəmsal idarəetmə sahələrində təcrübə mübadiləsi iki ölkənin əməkdaşlığına yeni intellektual məzmun qazandırır. Universitetlər, tədqiqat institutları və sənaye müəssisələri arasında tərəfdaşlığın təşviqi elmin iqtisadi inkişafla əlaqələndirilməsi baxımından mühüm perspektivlər açır. Xüsusilə süni intellekt, inkişaf etməkdə olan texnologiyalar və həyat elmləri üzrə əməkdaşlıq müasir dövrün çağırışlarına verilən strateji cavab kimi dəyərləndirilə bilər. Bəyannamədə insanlararası əlaqələrin, mədəni mübadilələrin və peşəkar şəbəkələrin inkişafına yer ayrılması da tərəfdaşlığın humanitar əsaslarını gücləndirir. Dövlətlər arasında münasibətlərin davamlılığı xalqların bir-birini tanımasından, qarşılıqlı anlaşmanın genişlənməsindən və vətəndaş cəmiyyətləri arasında birbaşa əlaqələrin formalaşmasından da asılıdır.
Beləliklə, Dublin şəhərində imzalanmış Birgə Bəyannamə Azərbaycan-Britaniya münasibətlərini ənənəvi diplomatik əməkdaşlıq çərçivəsindən çıxararaq iqtisadiyyat, enerji, nəqliyyat, maliyyə, təhsil və texnologiya sahələrini əhatə edən geniş strateji tərəfdaşlıq modelinə istiqamətləndirir. Bu sənədin əsas üstünlüyü gələcəyə hesablanmış məqsədlərin konkret əməkdaşlıq sahələri və institusional mexanizmlərlə əlaqələndirilməsidir. İndi qarşıda duran başlıca vəzifə müəyyən edilmiş istiqamətlərin ardıcıl şəkildə həyata keçirilməsi, razılaşmaların real layihələrə, layihələrin isə hər iki ölkənin inkişafına töhfə verən nəticələrə çevrilməsidir. Çünki həqiqi strateji tərəfdaşlıq yalnız iqtisadi maraqların uzlaşması deyil, həm də biliklərin, təcrübənin, texnologiyaların və inkişaf imkanlarının paylaşılmasıdır. Azərbaycan-Britaniya əməkdaşlığının yeni mərhələsi məhz belə geniş və çoxşaxəli perspektivlər vəd edir-deyə Səttar Möhblıyev fikrini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2026