Mobil versiya
Moskvada ard-arda sui-qəsdlər: Bu dəfə Azarovun keçmiş sözçüsü partladıldı
Tarix: 14-11-2026 | Saat: 00:13
Bölmə:Dünya | çapa göndər

Moskvada ard-arda sui-qəsdlər: Bu dəfə Azarovun keçmiş sözçüsü partladıldı


Rusiyanın paytaxtı Moskvanın cənubunda, Çertanovo rayonundakı Kirovoqradskaya küçəsində hərəkətdə olan yolsuzluq avtomobili partladılıb. Hadisə nəticəsində avtomobilin sükanı arxasında olan 72 yaşlı Sergey Zavorotnı ağır xəsarətlər alıb.

Rusiya İstintaq Komitəsinin və yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış yerli vaxtla saat 10:24 radələrində baş verib. Zavorotnının idarə etdiyi qara rəngli “Toyota Fortuner” markalı avtomobil həyətdən çıxdıqdan təxminən 200 metr sonra partlayış dalğasına məruz qalıb. İlkin istintaq versiyasına əsasən, avtomobilin alt hissəsinə — bilavasitə sürücü oturacağının altına əldəqayırma partlayıcı qurğu yerləşdirilib. Partlayışın gücü o qədər böyük olub ki, sürücü avtomobilin salonundan yolun hərəkət hissəsinə atılıb, maşının detalları və təkər qalıqları isə ətrafa səpələnib.

Zərərçəkmiş döş qəfəsi, bel və ayaq nahiyələrindən aldığı ağır qəlpə yaraları ilə təcili olaraq Moskva xəstəxanalarından birinə çatdırılıb. Həkimlər onun vəziyyətinin kritik olduğunu bildirirlər. Rusiya İstintaq Komitəsi faktla bağlı “ümumi təhlükəli üsulla adam öldürməyə cəhd” maddəsi üzrə cinayət işi açıb.
Sergey Zavorotnı 2010–2014-cü illərdə Ukraynanın sabiq baş naziri Nikolay Azarovun mətbuat katibi və müşaviri vəzifəsində çalışıb. 2014-cü ildə Ukraynada baş verən “Maydan” hadisələrindən və Viktor Yanukoviç hakimiyyətinin devrilməsindən sonra o, Azarovla birlikdə Rusiyaya qaçıb. Son illərdə Zavorotnı Rusiyada politoloq, publisist və siyasi şərhçi kimi fəaliyyət göstərərək Ukrayna əleyhinə və kremlpərəst təbliğat xarakterli çıxışları ilə tanınıb. O, həmçinin “Antifaşist” nəşrinə rəhbərlik edib və 2018-ci ildə Ukraynadakı 2014-cü il hadisələrini Qərbin müdaxiləsi kimi təqdim edən kitab nəşr etdirib. Bundan əlavə, ABŞ Senatının Kəşfiyyat Komitəsinin hesabatlarında onun Rusiya Xarici Kəşfiyyat Xidməti ilə əlaqəli təsir əməliyyatlarında iştirak etdiyi qeyd olunub.

Sabiq baş nazir Nikolay Azarov Rusiya mətbuatına açıqlamasında Zavorotnının sağ olduğunu, lakin vəziyyətinin kritik olduğunu təsdiqləyib və partlayışın təşkilində Ukrayna xüsusi xidmət orqanlarını ittiham edib. Kiyev rəsmiləri isə hələlik hadisə ilə bağlı rəsmi şərh verməyiblər.

Qeyd edək ki, bu, son iki gün ərzində Rusiyada baş verən ikinci analoji hadisədir. Bir gün əvvəl — noyabrın 12-də Sankt-Peterburq yaxınlığındakı Şuşarı qəsəbəsində də avtomobil partladılmış və Rusiya Hərbi Kosmik Qüvvələrinin polkovniki həlak olmuşdu.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2026