Mobil versiya
Rusiyada azərbaycanlılara qarşı eyni repressiya dalğası başlayıb - DETALLAR
Tarix: 21-08-2026 | Saat: 22:47
Bölmə:Dünya | çapa göndər

Rusiyada azərbaycanlılara qarşı eyni repressiya dalğası başlayıb - DETALLAR


“Mədəni və Etnik Müxtəliflik Mərkəzi” İctimai Birliyinin sədri, ədəbiyyatşünas və redaktor Seyfəddin Hüseynli Rusiyada azərbaycanlılara qarşı münasibətlə bağlı bəyanat yayıb.
aia.az xəbər verir ki, S.Hüseynli bəyanatında Azərbaycan tərəfinin iki ölkə arasında münasibətlərin və ictimai əlaqələrin normallaşdırılması istiqamətində atdığı konstruktiv addımlara baxmayaraq, son günlər Rusiyada Azərbaycana qarşı yeni antiazərbaycan dalğasının müşahidə olunduğunu bildirib.

Onun sözlərinə görə, Rusiyanın bir sıra media platformalarında Azərbaycanı hədəfə alan, rəsmi Bakının müstəqil siyasi xəttinə qarşı ittihamlar səsləndirilir və yolverilməz təhdidlərə yer verilir.

S.Hüseynli Rusiyada azərbaycanlılara qarşı təzyiqlərin, xüsusilə də diaspor nümayəndələrinin üzləşdiyi halların narahatlıq doğurduğunu vurğulayıb. O, bəzi Rusiya vətəndaşı olan azərbaycanlıların da hüquq-mühafizə orqanlarının qanunsuz təzyiqlərinə məruz qaldığını iddia edib.

Bəyanatda Ural Federal Dairəsi, xüsusilə Yekaterinburq şəhərində baş verən hadisələrə ayrıca diqqət çəkilib. S.Hüseynli 2025-ci il iyunun 27-də yerli güc strukturlarının azərbaycanlı ailələrə qarşı əməliyyat keçirdiyini, Hüseyn və Ziyəddin Səfərov qardaşlarının öldürüldüyünü bildirib.

O, hadisədən sonra aralarında qardaşı Səfərov Bakirin də olduğu bir sıra azərbaycanlıların saxlanıldığını və barələrində məhkəmə-istintaq proseslərinin başladığını qeyd edib. S.Hüseynlinin iddiasına görə, həmin şəxslərdən bəziləri uzunmüddətli həbs cəzalarına məhkum edilib və Rusiyanın ucqar bölgələrində yerləşən cəzaçəkmə müəssisələrinə göndəriliblər.

Bəyanatda Moskvada Azərbaycan diasporu rəhbərlərindən biri kimi təqdim olunan Bəxtiyar Həsənov barəsində deportasiya qərarının çıxarılması, eləcə də Perm şəhərində azərbaycanlı diaspor nümayəndəsinin evinə güc strukturlarının basqın etməsi barədə yayılan məlumatlara da toxunulub.

Seyfəddin Hüseynli Rusiyada azərbaycanlılara və digər xalqların nümayəndələrinə qarşı ayrı-seçkilik və repressiya hallarının dayandırılmasına çağırıb.

“Rusiya Federasiyasında azərbaycanlılara və digər xalqlara, etnik qruplara qarşı hər cür ayrı-seçkilik və repressiya hiddətlə pislənməli və belə hallara son qoyulmalıdır”, – deyə o bildirib.

S.Hüseynli həmçinin müasir hüquqi dövlət prinsiplərinə zidd hesab etdiyi halların qarşısının alınmasını və “əsassız həbs edilmiş” qardaşı, qohumları və digər azərbaycanlıların azadlığa buraxılmasını tələb edib.

Mərkəz rəhbəri bəyanatının sonunda rus xalqına münasibətinin Rusiya hökumətinin və güc strukturlarının fəaliyyətinə münasibətdən fərqləndiyini vurğulayıb. O, rus xalqının zəngin mədəni-humanitar ənənələrinə hörmət etdiyini və mövcud problemlərin xalqlar arasında münasibətlərə mənfi təsir göstərməməli olduğunu qeyd edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-08-2026