Mobil versiya
“Bakı Ermənistanı Finlandiyaya çevirir” isterikası başladı
Tarix: 13-08-2026 | Saat: 13:36
Bölmə:Dünya | çapa göndər

“Bakı Ermənistanı Finlandiyaya çevirir” isterikası başladı


Erməni müxalifətinin bu termini işlətməsində məqsədi nə?

Son günlər Ermənistanın daxili siyasi diskussiyalarında diqqət çəkən anlayışlardan biri “Finlandiyalaşma”dır. Musavat.com erməni mediasına istinadla xəbər verir ki, müxalifət və bəzi ekspertlər Nikol Paşinyan hökumətinin Azərbaycanla münasibətlərin normallaşdırılması, konstitusiya dəyişiklikləri, nəqliyyat layihələri və enerji siyasəti ilə bağlı atdığı addımları bu anlayışla əlaqələndirirlər. Onların arqumentinə görə, İrəvan formal olaraq müstəqil dövlət olaraq qalsa da, xarici siyasət və təhlükəsizlik qərarlarında qonşu dövlətlərin təsirinin artdığı bir mərhələyə daxil olur.

“Finlandiyalaşma” termini tarixən daha çox Finlandiyanın “Soyuq müharibə” dövründə Sovet İttifaqı ilə münasibətlərini xarakterizə etmək üçün işlədilib. Bu modeldə Finlandiya öz dövlət institutlarını və formal suverenliyini qoruyurdu, lakin Moskvanın təhlükəsizlik maraqlarını nəzərə almaq məcburiyyətində qalırdı. Ermənistan müxalifətinin hazırkı yanaşmasında isə bu tarixi analoji vəziyyətin yeni formada təkrarlanması təhlükəsindən danışılır: fərq ondadır ki, söhbət bu dəfə Moskvanın deyil, Azərbaycanın regional təsir imkanlarının genişlənməsindən gedir.
Müxalifətin ən ciddi etirazlarından biri Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır. Müxalifət xüsusilə Ermənistanın Müstəqillik Bəyannaməsinə Konstitusiyada edilən istinadın aradan qaldırılması məsələsini Azərbaycanın tələblərindən biri kimi təqdim edir. İkinci mühüm istiqamət nəqliyyat və kommunikasiya layihələridir. Ermənistan müxalifəti TRIPP layihəsini adi regional nəqliyyat xətti kimi qəbul etmir və onun Ermənistan ərazisində suverenliyin hansı səviyyədə qorunacağı ilə bağlı suallar doğurduğunu bildirir. Əgər nəqliyyat dəhlizi Ermənistanın qanunvericiliyi, sərhəd nəzarəti və gömrük sistemi çərçivəsində fəaliyyət göstərirsə, bu, regional inteqrasiyanın bir formasıdır. Əgər ayrıca, xüsusi hüquqi rejim yaradılırsa, müxalifətin “suverenliyin məhdudlaşdırılması” arqumenti daha çox siyasi çəki qazana bilər.

“Finlandiyalaşma” tezisinin üçüncü dayağı enerji məsələsidir. Ermənistan müxalifəti Azərbaycan Prezidenti İlham Əliyevin Metsamor AES ilə bağlı son açıqlamalarını “ölkənin enerji təhlükəsizliyinə müdaxilə” kimi qiymətləndirir. Mənbədə Ermənistan müxalifətinin nümayəndələri hesab edirlər ki, atom elektrik stansiyasının gələcəyi məsələsində Bakıdan gələn siyasi mesajlar İrəvan üçün əlavə təzyiq yaradır.
Ermənistan müxalifətinin “Finlandiyalaşma” ifadəsini işlətməsi, əslində, Paşinyan hakimiyyətinin sülh prosesinə və xarici siyasətinə qarşı mövqeyidir.
Əgər Ermənistan sülh müqaviləsi çərçivəsində Azərbaycanla münasibətləri normallaşdırır, sərhədləri açır, nəqliyyat kommunikasiyalarına qoşulur və eyni zamanda öz konstitusion, təhlükəsizlik və enerji qərarlarını müstəqil şəkildə qəbul edirsə, bunu “Finlandiyalaşma” adlandırmaq axmaqlıqdır. Görünür, əli hər yerdən üzülmüş erməni revanşist qüvvələrin özəyini təşkil edən müxalifət indi də bu terminologiya adı altında Paşinyan hakimiyyətinə qarşı mübarizəni davam etdirmək niyyətindədirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-08-2026