Mobil versiya
Paşinyanın girov etirafı, Mirzoyanın “türklər sabah...” pıçıltısı və...
Tarix: 13-05-2026 | Saat: 20:42
Bölmə:Dünya | çapa göndər

Paşinyanın girov etirafı, Mirzoyanın “türklər sabah...” pıçıltısı və...


Nikol Paşinyan seçiciləri ilə görüşdə bildirib ki, Qarabağ separatçıları vaxtilə Qarabağdakı erməniləri girov saxlayırdılar. Elə biləcə deyib ki, Qarabağda yaşayan icma kimi deyil, girov vəziyyətində saxlanılan insanlar olub. Yəni gec də olsa, bu kimi əqiqətin etirafını təqdir edirik.

Paşinyanın bu çıxışını yadıma 2023-cü ilin 10 sentyabrda, antiterror əməliyyatından bir neçə gün əvvəl yazdığım “Girov ermənilərin xilas vaxtı yetişir - GÜNDƏMİN ASTAR ÜZÜ” (https://musavat.com/news/azerbaycan-ve-rusiya-tir-lari-tanklarimizin-musayieti-ile-xankendiye-girov-ermenilerin-xilas-vaxti-yetisir_1004544.html) köşəsini xatırlatdı. O zaman bildirmişdim ki, Azərbaycanın qüdrətli ordusu tezliklə Qarabağdakı mülki erməniləri də separatçıların girovluğundan azad edəcək. Çox keçmədi ki, bütün dünya buna şahid oldu. Bu əminlik Ali Baş Komandana, cənab Prezidentə, inamdan irəli gəlirdi. Çünki ölkə Lideri 2023-cü ilin may ayının sonlarında Laçındakı evlərinə qayıdan sakinlərlə görüşündə separatçılara, canilərə qəti şəkildə xəbərdarlığını etmişdi, “miatsum”un kitabının bağlandığını, o saxta, qondarma “parlament” oyunlarının bitdiyini demişdi və onlara son dəfə şans vermişdi. Amma separatçılar o zaman növbəti cinayətlərə imza atdılar və Azərbaycan arasında növbəti, dırnaqarası, “seçki keçirməyə” cəhd göstərdilər, cavabları ağır oldu. Budur, Bakıda, cəzalarını çəkirlər və bütün təpkilərə baxmayaraq, Paşinyan belə, onların müdafiəsi üçün addım atmağa cürət etmir, heç həvəsli də deyil, çünki o da cinayətlərdən yaxşı xəbərdardır...

Nikol Paşinyan xüsusilə də antiterror tədbirlərindən - cəmi bir gündən də az çəkən unikal əməliyyatın həyata keçirilməsindən və mülki ermənilərin burnu qanamadan bu əməliyyatın reallaşmasından sonra – artıq sürətli şəkildə həqiqətləri dilə gətirməyə başlayıb. Seçki kampaniyasında “real Ermənistan”ın xəritəsini paylaşmaqla, eyni zamanda seçicilərlə daha cəsarətli şəkildə real söhbətlər aparmaqla, platformasında ilk növbədə Azərbaycanla sülhün əldə olunması tezisini önə çəkməklə, onun özünün və ölkəsinin taleyinin məhz Azərbaycanla əldə olunacaq razılaşmadan asılı olduğunu açıq şəkildə ifadə edir. Diqqətçəkən odur ki, Paşinyanın bu cəsarətli addımları həm də Ermənistan seçiciləri tərəfindən qəbul olunmaqdadır.

Ermənistan qəzetinin keçirdiyi sorğuda xüsusilə də yaşlı ermənilərin Azərbaycanla bağlı tamam fərqli mövqedən çıxış etməsinin özü də artıq hakim komandanın uğurları sırasına aid edilə bilər. Artıq bir çox ermənilər açıq şəkildə bildirirlər ki, Qarabağ heç vaxt Ermənistanın olmayıb, bunun hər hansı xəritədə olmadığını etiraf edirlər, heç bir ölkənin xəritəsində bunu görmədiklərini bildirirlər. İllər öncə belə söz deyənin “pişiyini ağaca dırmaşdırardılar”. Eyni zamanda Ermənistanda əvvəllər azərbaycanlıların yaşadığını, onlarla qonşu olduqlarını xatırlayırlar, hətta vaxtilə birlikdə çəkdirdikləri fotoları bu günə qədər saxladıqlarını cəsarətlə söyləyirlər. Bu reallığı yaradan Azərbaycan dövlətidir!

Dövlətimizin başçısının Cəbrayıl və Zəngilan xəbərdarlıqları da tam şəkildə ünvanlarına çatıb, artıq kimsə buna şübhə edə bilməz! Bunun özü də Nikol Paşinyanın 7 iyun seçkilərində əldə edəcəyi qələbəni yaxınlaşdırır. Ermənilər həmin gün sülh və ya müharibə seçimi qarşısında qalacaqlar: Paşinyan açıq şəkildə deyir, kim müharibəni istəyirsə, səsini revanşistlərə, müharibə istəyən canilərə versin və orduya yazılsın! Yerablur qəbristanlığı dolub, hansı erməni yenidən müharibə istəyər?!

Nikol Paşinyan ilk gündən seçki platformasında Azərbaycanla sülhün əldə olunması məsələsini önə çəkməklə unikal yol seçdi. Düzdür, bir sıra hallarda sərt mövqe ilə də rastlaşılır. Necə ki, ötən gün İrəvanda “Nikol satqın” deyə qışqıran bir etirazçı polis tərəfindən saxlanıldı. Eyni iddiada olan Rusiyaya bağlı revanşistlər, Qarabağ klanının təmsilçiləri Robert Köçəryan, Serj Sərkisyan və digərləri Paşinyanın hakimiyyətinə son qoymaql, həm də özləri ilə bağlı artıq hiss etdikləri təhlükədən sığortalanmağa cəhd göstərirlər. Çünki bilirlər ki, bu sülhün sonu həm də onların – Qarabağda cinayətkar rejimi quranların, on minlərlə insanın taleyinə zərbə vuranların, gerçək soyqırımı törədənlərin, ermənilərin özünün də kütləvi şəkildə bu müharibədə mənasız yerə ölməsinə səbəb olan hadisələrin məsul şəxslərinin - bir gün cəzalandırılması və müttəhim kürsüsündə oturması ilə nəticələnə bilər. O mənada, özlərinin xilası üçün Nikol Paşinyanı devirməyə çalışırlar.

Amma Nikol Paşinyan artıq bir sıra maneələri dəf etməyə nail olub, baxmayaraq ki, ara-sıra sərsəm iddialar da səslənir - Paşinyanın satqın olması, “türk cəsusu” olması ilə bağlı. Amma nədənsə bu iddiaları səsləndirənlər Köçəryan, Sərkisyan və digərlərinin Rusiyanın boyunduruğunda sürünməsi faktını görməzdən gəlirlər. Eyni zamanda Ermənistanı forposta çevirib, tam hüquqsuz vəziyyətdə qalmasına zəmin yaratdıqlarına görə onlar ittiham olunmurlar.

Amma artıq “ox yaydan çıxıb”, sülh naminə xeyli məsafə qət olunub. Son günlər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı ticarət əlaqələrinin davam etdirilməsinin intensivləşməsi, Ermənistanın da bu istiqamətdə addımlara hazırlaşması, qarşılıqlı səfərlər, üstəlik, Londonda Azərbaycan və Ermənistan sülh platformasına aid şəxslərin görüşünün keçirilməsi, delimitasiya-demarkasiya prosesinin davam etməsi, sülhün daha əlçatan olmasına zəmin yaradır.

Belə bir durumda Türkiyə ilə Ermənistan arasında cərəyan edən proseslər, heç şübhəsiz ki, rəsmi Bakı ilə razılaşdırılmış şəkildə Ankaranın yürütdüyü siyasət də bu bölgədə həm sabitliyin, həm təhlükəsizliyin təmin olunmasını sürətləndirir və eyni zamanda Nikol Paşinyanın ermənilər üçün elan etdiyi gələcəyə zəmin yaradır.Bir gün öncə Ermənistan mediası sensasion bir məlumat yaymışdı. Nikol Paşinyanın seçicilərlə görüşü zamanı xarici işlər naziri Ararat Mirzoyan ona yaxınlaşaraq, mikrofonun açıq qaldığını hiss etmədən, “Türklər bu gün...” deyə bir xəbəri “isti-isti” baş nazirin qulağına pıçıldamışdı və bunun nəyin anonsu olduğu barədə Ermənistan mediası baş sındırırdı. Artıq bəlli oldu. Türkiyə Ermənistanla ticarət əlaqələrinin başlanmasına “yaşıl işıq” yandırıb. Şübhəmiz yoxdur ki, bu məsələdə Azərbaycan dövlətinin mövqeyi həlledici olub. Uzun illər boyunca iki qardaşın arasını vurmaq istəyənlər heç nəyə nail ola bilmədilər. Ermənistan çox çalışırdı ki, İrəvan və Ankara arasındakı müzakirələr Azərbaycan məsələsi olmadan reallaşsın, alınmadı!!!

Ancaq eyforiya-filan olmamalıdır! Unutmamışıq! Nikol Paşinyanın hazırda hələ icra etmədiyi mühüm məsələ Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının əks olunduğu Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Heç şübhəsiz ki, seçkilərdən sonra bu istiqamətdə daha cəsarətli addımlar atmağa başlayacaq. Çünki onun alternativi yoxdur.

Azərbaycanın dövlət başçısı hələ illər öncə birmənalı şəkildə bəyan edib ki, əgər Ermənistan Konstitusiyasında və normativ hüquqi aktlarda Azərbaycana qarşı ərazi iddialarına son qoyulmasa, Konstitusiya dəyişdirilməsə, o halda imzalanacaq sülhün mənası olmayacaq! Onun da zamanı çatacaq!Bu ərəfədə artıq ABŞ-dən Ermənistana “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” - Zəngəzur dəhlizi ilə bağlı prosesi müzakirə edəcək nümayəndə heyətinin gəlişi və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü də bu istiqamətdə mühüm gözləntilərdən xəbər verir. Paşinyan söz vermişdi: ilin ikinci yarısından işlərə başlanılacaq! Zəngilandan Naxçıvana cəmi 30 dəqiqəlik vəsafə barədə Prezident İlham Əliyev elə bu günlərdə danışdı, özü də həmin ünvanda! Təsadüfi deyildi ki, 3 nüvə dövləti ilə bağlı zəruri xatırlatmalar da edilmişdi və Ağ Ev hərəkətə keçdi...

Türkiyə ilə Ermənistan arasında bu müsbət inkişaflar fonunda, eyni zamanda Azərbaycan-Ermənistan münasibətlərində irəliləyişlər, son 30 ildən artıq müddətdə hətta təsəvvürə belə gətirilməyən inkişafların baş verməsi, habelə ABŞ-də, Vaşinqtonda, Ağ Evdə “TRİP” layihəsi ilə bağlı hər iki tərəfə müsbət dinamikanın müşahidə olunması onu göstərir ki, artıq bu bölgədəki prosesin qarşısını almağa kimsənin imkanı olmayacaq! Ən yaxşısı iki qitəni birləşdirəcək dəmir yolundan keçəcək qatara bilet almaqdır!

Beləcə, proses bütövlükdə bölgəni od-alovdan xilas edəcək səmtə gedir – İlham Əliyevin sülh planı əsasında! Bu plana qarşı çıxan revanşistlər isə Qarabağda 30 ildən çox girov saxladıqları, könüllü şəkildə Ermənistana köç etmiş Qarabağ ermənilərini deyil, Ermənistanın bütün əhalisini girovluqda saxlamaq istəyənlərdir. Ermənilər müharibəni və girovluğu seçirlərsə, səs versinlər, özləri bilər!musavat.com



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-05-2026