Mobil versiya
Azərbaycan-Latviya münasibətlərində yeni üfüqlər -DEPUTAT YAZIR
Tarix: 23-04-2026 | Saat: 10:13
Bölmə:Özəl / Seçilənlər-9 / Manşet | çapa göndər

Azərbaycan-Latviya münasibətlərində yeni üfüqlər

Əziz Ələkbərli
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri


Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki rolunu köklü şəkildə dəyişərək onu regional güc mərkəzindən qlobal miqyaslı strateji tərəfdaşa çevirmişdir. Bu uğurların ən ali zirvəsi 30 illik işğala son qoyan Zəfər diplomatiyasıdır ki, bu da dövlətimizin milli maraqlarını bütün beynəlxalq platformalarda sarsılmaz iradə ilə qorumasının nəticəsidir. Azərbaycanın Qoşulmama Hərəkatına dörd il uğurla sədrlik etməsi, BMT-dən sonra dünyanın ikinci ən böyük təsisatına rəhbərlik edərək qlobal həmrəyliyin mərkəzinə çevrilməsi, habelə Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi çıxış etməsi İlham Əliyevin uzaqgörən strateji baxışlarının təzahürüdür.

Bu geniş xarici siyasət uğurları və Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu, Latviya Prezidentinin Bakıya səfəri zamanı bir daha təsdiqini tapmaqla yanaşı, ölkəmizin həm regional təhlükəsizliyin təminatçısı, həm də qlobal miqyaslı etibarlı strateji tərəfdaş kimi qazandığı diplomatik qələbələrin məntiqi davamıdır.

2026-cı il aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs arasında keçirilən görüşlər iki ölkə arasındakı dostluq bağlarının nə qədər sarsılmaz olduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısı bu səfərin ikitərəfli münasibətləri gücləndirəcəyinə və müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni, geniş imkanlar açacağına dair əminliyini ifadə edərək bildirdi ki, həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən müzakirələr beynəlxalq əhəmiyyət kəsb edən ən müxtəlif məsələləri əhatə edib.

Bu əməkdaşlığın çox güclü hüquqi çərçivəsi mövcuddur. Doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri ən yüksək zirvəyə qaldırıb və tərəflər ötən müddət ərzində məhz bu sənədin verdiyi imkanlar əsasında sıx çalışıblar. İqtisadi əlaqələrin dinamikasını göstərən ən mühüm faktlardan biri odur ki, cəmi bir həftə əvvəl Birgə Hökumətlərarası Komissiya Azərbaycanın azad edilmiş qədim məkanında – Qarabağda, Şuşada öz görüşünü keçirib. Həmsədrlərin məlumatları göstərir ki, qarşıda çox perspektivli planlar və bir yerdə görüləcək böyük işlər var. Bakıda təşkil olunan biznes-forum isə işgüzar əlaqələrin qurulması, qarşılıqlı sərmayələr üçün yeni meydanların tapılması və birgə istehsalatın təşkili baxımından nəhəng potensialın növbəti təzahürüdür.

Cənab Prezident İlham Əliyev iqtisadi gözləntilərini bu sözlərlə vurğuladı: “Düşünürəm ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır.” O, həmçinin ümidvar olduğunu bildirdi ki, biznes-forum indiyə qədər bir qədər mülayim görünən ticarət dövriyyəsinin kəskin şəkildə artırılmasında mühüm bir mərhələ olacaq. Tərəflər razılığa gəliblər ki, şirkətlərin informasiya çıxışını təmin etmək üçün proqramlar və sərmayə imkanları barədə daim bir-birlərini məlumatlandıracaqlar.
Əməkdaşlıq çərçivəsində nəzərdən keçirilən digər strateji sahə birbaşa uçuşların təşkilidir. Qlobal miqyasda bəzi hava şirkətlərinin çətinliklərlə, xüsusən aviayanacaq çatışmazlığı ilə üzləşdiyi bir dövrdə Azərbaycanın hava yolları şirkətinin bu cür problemlərdən əziyyət çəkməməsi yeni fürsətlər yaradır. Humanitar sahədə isə insanlar arasındakı təmaslar və təhsil əlaqələri xüsusi yer tutur. Hazırda Latviyada 450-dən çox azərbaycanlı tələbənin təhsil alması və onların bu ölkədən məmnunluğu məmnuniyyətlə qeyd edildi. Prezident özünün çoxsaylı Latviya səfərlərini xatırladaraq, həmkarını bu ölkənin qazandığı bütün nailiyyətlər münasibətilə təbrik etdi.

Regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində oldu. Prezident İlham Əliyev Cənubi Qafqaz və Baltik regionundakı vəziyyəti, ətrafda baş verən hadisələri müzakirə etdiklərini bildirərək, Azərbaycan-Ermənistan sülh prosesinə dair ən son məlumatları çatdırdı. O xatırlatdı ki, ötən ilin avqust ayında Prezident Trampın dəvəti ilə Ağ Evdə imzalanmış Birgə Bəyanatdan və xarici işlər nazirlərinin sülh sazişinin mətnini paraflamasından sonra bölgədə de-fakto sülh bərqərar olub. O vaxtdan bəri ticarət əlaqələrinin başlaması, xüsusən Azərbaycandan Ermənistana yanacaq məhsullarının təchiz olunması və vətəndaş cəmiyyəti nümayəndələrinin görüşləri normal mühitin yaradılmasına töhfə verir. Dövlət başçısı bu nümunənin əhəmiyyətini belə ifadə etdi: “Məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir: Siz ya sonsuz müharibəni və ya müharibələri davam etdirirsiniz, yaxud beynəlxalq hüquq əsasında istədiyinizə nail olduqda birdəfəlik dayanırsınız və sülhə hazır olduğunuzu nümayiş etdirirsiniz.”

Bəyanatın sonunda dövlətlərarası münasibətlərin şəxsi münasibətlər üzərində qurulan möhkəmliyi qeyd edildi. Cənab Prezident İlham Əliyev Edqars Rinkeviçsi 20 ilə yaxın bir müddətdir tanıdığını və əziz dostunu Bakıda qəbul etməkdən böyük şadlıq duyduğunu bildirdi. Geniş tərkibli görüşlər və imzalanan yeni sənədlər paketi bu tarixi ziyarətin strateji əhəmiyyətini bir daha sübut etmiş oldu.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2026