Mobil versiya
Kamaləddin Qafarov: “Pakistanla əməkdaşlıq ölkəmiz üçün strateji əhəmiyyət daşıyır”
Tarix: 28-02-2025 | Saat: 12:02
Bölmə:Manşet / Siyasət / Seçilənlər-2 | çapa göndər

Kamaləddin Qafarov: “Pakistanla əməkdaşlıq ölkəmiz  üçün strateji əhəmiyyət daşıyır”

“Azərbaycan və Pakistan bir çox beynəlxalq platformalarda eyni maraqlar sərgiləyən, öz fəaliyyətlərini koordinasiya edən, bir-birini bir çox məsələlərdə qeyd-şərtsiz dəstəkləyən dost ölkələrdir. İki ölkənin dövlət başçıları arasındakı dövri təmaslar daha sıx tərəfdaşlıq münasibətlərinin formalaşmasına zəmin yaradıb”.

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputatın fikrincə, bu zəmin əsasında hazırda ölkələrimiz arasında müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və digər sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. “Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 24-də ölkəmizə səfərinin nəticələri də bunu deməyə əsas verir ki, iki dost ölkə arasında münasibətlər bundan sonra da şaxələnməkdə və dərinləşməkdə davam edəcək. Azərbaycan və Pakistan liderlərinin keçirdikləri təkbətək və geniş tərkibdə görüşlərdən sonra mətbuata bəyanatla etdiyi çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev bunu bir daha diqqət mərkəzinə gətirdi. Dövlət başçısı bəyan etdi ki, aparılan müzakirələrdə ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyi bir daha qeyd olunub, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün Azərbaycan-Pakistan əməkdaşlığının strateji əhəmiyyəti bir daha vurğulanıb. Həmçinin iki ölkənin liderləri müasir dünyanın beynəlxalq gündəliyində duran çoxsaylı məsələləri müzakirə edərək bildiriblər ki, beynəlxalq münasibətlərin cari gedişatı ilə bağlı Azərbaycan və Pakistanın mövqeyi və baxışları tam üst-üstə düşür.”

K.Qafarov müzakirə olunan mövzuların əhəmiyyətindən bəhs edərək deyib: “Ölkə rəhbərlərinin görüşü zamanı həm Pakistan, həm də Azərbaycan üçün son dərəcə önəmli məsələlər müzakirə olunub. Qərara alınıb ki, ölkələrarası ticarətin həcmini artırmaq üçün daha ciddi səylər göstərilsin. Cənab Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, müzakirələrin nəzərəçarpan hissəsi ticari və iqtisadi sektorlara həsr edilib. Ölkələrimiz arasında ticarət dövriyyəsinin cəmi bir neçə on milyonla ölçülməsi isə məyusluq doğuran hal kimi qeyd olunub. Təbii ki, ən vacib məsələlərdən biri kimi, müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub. Öz çıxışında bu məqamı da xüsusi vurğulayan cənab Prezident bildirdi ki, Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi avadanlığı artıq alıb. Həmin avadanlıqların keyfiyyəti çox yüksəkdir və məmnunluq doğurur. Qərara alınıb ki, bu istiqamətdə işlər davam etdirilsin. Eyni zamanda, Azərbaycan və Pakistan rəhbərləri müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanlarını da müzakirə ediblər. Əldə olunan nəticələr isə belə deməyə əsas verir ki, bu sahə ölkələrimiz arasındakı əməkdaşlığın digər mühüm sektoru olacaq. Məlumdur ki, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişaf etdirir. Bu gün ölkəmizdə istehsal olunan müdafiə sənayesi məhsulları artıq 30-dan çox ölkəyə ixrac edilir. Cənab Prezident İlham Əliyev birgə istehsal ilə ixracyönümlü təchizatın daha da artacağını diqqətə çatdırdı. Qeyd edək ki, Pakistanın Baş nazirinin ölkəmizə səfəri zamanı imzalanmış sazişlərin ümumi sayı 10-dan artıqdır və bu mühüm sənədlər gələcək əməkdaşlıq üçün əlverişli zəmin yaradacaq”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-02-2025