Mobil versiya
“Vətən Müharibəsi” Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı
Tarix: 26-09-2024 | Saat: 16:30
Bölmə:Özəl | çapa göndər

“Vətən Müharibəsi” Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı

Azərbaycanın ərazi bütövlüyü yolunda canlarını fəda etmiş Şəhidlərimizi dərin ehtiramla yad edirik
27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir.
27 sentyabr uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişdi. 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini-torpaqlarımızın işğaldan qurtarılması, o minbit torpaqlara əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini qoydu.
27 sentyabr Vətən müharibəmizin başlanma tarixi və Möhtəşəm Qələbə tariximizdir. Azərbaycan ordusu noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsinin işğalına son qoyuldu. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Nəhayət, 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

Azərbaycan öz coğrafiyası üçün xain əllərin cızdığı bütün məkrli planları beləcə alt-üst etdi; Torpaqlarına sahib çıxdı. Dağlıq Qarabağ söz birləşməsini leksikondan çıxaran cəsarət ortaya qoydu; Qarabağ və Şərqi Zəngəzur inzibati ərazi vahidi anlayışını rəsmən zehinlərə gətirdi; Dəyişdirilmiş toponimlərə doğma, əsl adını geri qazandırdı və bu proses davamlı xarakter daşıyır.
Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi və gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda, xalqımızın həmrəyliyi nəticəsində qazanıldı.
Prezident İlham Əliyevin rəhbərliyi altında, Ordumuzun gücü, xalqımızın birliyi, əsgər və zabitlərimizin qanı-canı bahasına torpaqlarımız işğaldan azad olundu. Azərbaycan bir daha güclü bir dövlət kimi öz qüdrətini bütün dünyaya göstərdi.
44 gün ərzində Qələbə qazanmağımız sözsüz ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət, Azərbaycan Ordusunun Vətənə məhəbbəti və xalqımızın “dəmir yumruq” kimi Ali Baş Komandanın ətrafında birləsməsinin nəticəsi idi.
Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Bu günü bizə bəxş edən qəhrəman hərbçilərimizi hər zaman böyük minnətdarlıqla yad edirik. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi Qələbənin əsas amilləridir. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatlarında əldə edilən möhtəşəm qələbələr dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpasını təmin etmişdir.
Tarixi ədalətin öz yerini tutması, Qarabağın və Şərqi Zəngəzurun 30 illik işğaldan azad edilməsi Azərbaycanın müstəqillik tarixində yeni dövr açmışdır. Düşmənə endirilən “dəmir yumruq” dövlətimizin qüdrətinin və xalqımızın birliyinin rəmzinə çevrilmişdir.
Azərbaycan Qələbə qazandı, tarixi ədalət bərpa olundu. İşğaldan qurtuluşu sonlandıran Zəfərin başlanğıcı 27 sentyabrdı. Bu tarix Azərbaycan Ordusunun qüdrətini tarixləşdirən qələbənin ilkidir...

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini Şamo Qasımov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2024