Mobil versiya
Əsgər Babalı: "Mən gözümdən düşən hər damlanı eşq ilə yazıb, Gələcək nəslə yeni, tazə qəzəlxan verirəm. "
Tarix: 17-08-2024 | Saat: 09:04
Bölmə:Özəl / Yazar3 | çapa göndər

Əsgər Babalı: "Mən gözümdən düşən hər damlanı eşq ilə yazıb, Gələcək nəslə yeni, tazə qəzəlxan verirəm. "


Əsgər Babalı Lökbatanda yaşayır. 166 nömrəli məktəb-liseyin X sinif şagirdidir. Klassik ədəbiyyatı sevir və bu ruhda qəzəllər yazır. Ruhuna hakim olanı, qəlbini titrədən, ilhama gətirən anları yazır Əsgər. Yazılarından görünür ki, o, yeni bir nəfəslə və ilhamla gəlir ədəbiyyata. Bu gəncin daxili dünyasının söz incilərini sizlərə ərməğan etməklə ədəbiyyata özünəmxsus yolla gəlişini alqışlayırıq.
****
Ruhumdakı aramlıq odur qəmlər içində
Yoxdur elə həmdəm mənə həmdəmlər içində

Ey şair, əyil, öp ananın pak qədəmindən,
Alçal ki, ucalsın canın aləmlər içində.

Dünya ki, cəhənnəmdir, ana, oğluna amma,
Cənnətdir üzün nuru cəhənnəmlər içində.

Cəhd eylə ki, insan, ananı həmişə əziz tut,
Bəlkə olasan möhtərəm, adəmlər içində.

Hər gün o mübarək qədəmə şükr edən insan,
Bir şükrə min hörmət qazanar, kəmlər içində.

Məlhəmli baxışlar və şirin sözləri hər gün,
Etmiş məni ən xürrəmi xürrəmlər içində.

Allah buyurub Kəbədən üz döndər anançün,
Ən ali anamdır o, müəzzəmlər içində.

Dünya gözəli, möcüzü əlbət analardı,
Var möcüzi-əsrâr bu görkəmlər içində.

****
Ey mah, niqabı çək üzünə yâd görməsin,
Göttərmı yarə qəlbini, fəryadı görməsin.

Parlaq bir ulduz eşqinə düşdün, bir ulduzu,
Yandırdın, amma sönmüsən, ey dad, görməsin.

Şirin üçün çıxıb dağa, birdən sevər səni,
Gizlən, yaxınlaşıb sənə Fərhâd görməsin.

Dərd əhlin harda gördünsə artırdı qəmlərin,
Cəhd eylə ki, fələk səni naşâd görməsin.

Ey məhliqa, gözəlləri heyran edib rüxun,
Çoxdur diyari-eşq'də səyyâd, görməsin.

Ustadi-əzəm eylədi miras bu sən'əti,
Əsgər zəifdi şe'ridə, ustadı görməsin.


****

Bir gün verəcəksən qəbirə cânı, ey insan,
Canın qəbristandı son ünvanı, ey insan.

Cəhd et, bu cahan mülkünə aldanma fənadır,
Bizlərdə 5-10 günlük olan fani, ey insan.

Dünya evini ömrünə zinət kimi sanma,
Qətl eyləyir imanları bu cani, ey insan.

Şeytan dağıdır hər yanı, dünyamıza bəsdir,
Vardır biri, ömür eyləmə şeytani, ey insan.

İman ilə qəlbində çiçəklər yaşat hər vaxt,
Şeytan ilə soldurma gülüstânı, ey insan.

Dərk et, gələn Əzraili, cavid deyil heç kəs,
Öldürdü əcəl, şâhı Süleymanı, ey insan.

Öl, canı fəda ver-dedin, ey gül:-gözüm üstə,
Yanmaqdayam hicranə, gül açmış közüm üstə.

Sevdan əzəlimdən bəri cismimdədi, ey gül,
Sanki qurulub gülşəni-sevda özüm üstə.

Tərk etdiyin andan bəri həsrətli bu günlər,
Ağır gecənin zülməti var gündüzüm üstə.

Sanki şüşə üstündə ayağım zədələndi,
Bir körpə uşaqtək gəzirəm mən dizim üstə.

Bir kəlmə dedim ki, sevirəm- ta ki o gündən,
Dünya mənə düşmən kəsilib bir sözüm üstə.


****

Padişahım ömrümə bir gün sərəncam eyləyər,
Həsrəti-vəslin bitirməklə məni tam eyləyər.

Həm mələklər feyz alar nitqimdən, həm ruhum doyar,
Çün mələklər şahı hər gün ruha ilham eyləyər.

Sevgilim bəzmi-vüsalında mənə dəvət verib,
Nazü -nemət süfrəsindən eşqi ikram eyləyər.

Kim baş əymiş tə'nə vurmaqla ki rişxənd etdilər,
Amma bilmirlər ki eşq aşiqləri ram eyləyər.

Nəfs'dir vəslin qabağın bağlayan, adət budur,
Doğru aşiq əhdi pozmaz nəsfi edam eyləyər.

Arizu eylər görə yarın cəmalın bir dəfə,
Aşiq ümmidi-vüsali-yar hər axşam eyləyər.

****


Soyuq kəlamlar etmisən soyuqlayıb məhəbbətim,
Keçir zaman, ötür ay, il nədənsə bitmir həsrətim,
Gedirsən indi, sevgilim, budur ki tək vəsiyyətim,
Heç eybi yoxdu indi get, ölüm gələndə gəlginən.

İlahi sanki bəxş edib varaği-ömrü dilbərə,
Məlakə can verir mənə üzün görəndə bir kərə.
Görürsən ağlaram hər an, bu halə etmə məsxərə,
Gülüm, məzəmmət etməyə üzüm güləndə gəlginən.

Ələm misalı göylərə fələk tez əsdirər məni,
Həyatım imtahan kimi, bu hicri kəsdirər məni,
Canım cavan-cavan çıxar, əcəl tələsdirər məni,
Özüm ölərsəm eybi yox, sözüm öləndə gəlginən.

Küləkdi ,telbətel gəzər səsiylə bəstəkar olar,
Saatların pıçıltısı zamanla ahu-zar olar.
Bəşər Xudanı sevməsə xəlayiq eşqə xar olar,
Ürək həqiqi eşqini Xuda biləndə gəlginən.

Şəhid anası

Gözü yaşlı bir qadın var oğul axtarır kədərlə,
Gəzir ölkə-ölkə yazıq, gəzir axtarır şəhərlə,
Bu şəhərdə qarşılaşmır daha sanki bir nəfərlə,
Ölü ruha qərq olubdur, ölüdən betərdi indi.
Qadınınsa təkcə dərdi ölü bir nəfərdi indi.

Şəhid oldu oğlu bir gün, vətən eşqi canın aldı,
Ananın saçın ağardıb, atasını dərdə saldı.
Ana yazıq: oğlum-oğlum -deyərək cavan qocaldı,
Son ümidi var həyatda, daha son səfərdir indi.
Qalan ömrü tənhalıqda yaşamaq hədərdir indi.

Ürəyində vardı matəm, qəmi yıxdı bəxtiyarı,
Yenə qəmlə yaşlayıbdı gözün oğlun intizarı,
Bir ilahi eşqə xatir verib oğlun həqqə sarı,
Pak ayağı altı cənnət, yeri mö'təbərdir indi.
Qazanıb oğul şəhadət, ana bəxtəvərdir indi.


Verirəm

Şahi-dünya idim aşiq düşərək xar oldum,
Sevgim uğrunda bada təxti-Süleyman verirəm.

Gözəlim, zülfi-pərişanı üzündən yana çək,
Üzünü görməyərək canı pərişan verirəm.

Rüxi-canandan ötür ömr eləməklə beləcə,
Tuti könlüm quşuna mən şəkəristan verirəm.

Sanki tufanlı dəniz sahiliyəm, ey dildar,
Məni şiddətlə əzir dalğaların can verirəm.

Zülfünə məhbus edib aləmi bir-birinə qatıb,
Hər gün arsızca deyir aşiqə zindan verirəm.

Mən gözümdən düşən hər damlanı eşq ilə yazıb,
Gələcək nəslə yeni, tazə qəzəlxan verirəm.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024