Mobil versiya
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Tarix: 26-09-2024 | Saat: 10:47
Bölmə:Siyasət | çapa göndər

Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir

Azərbaycan otuz il davam edən işğala son qoydu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən, düşünülmüş böyük siyasəti, ordumuzun yüksək səviyyədə hazırlığı və bütün xalqın “Dəmir yumruq” ətrafında sıx birləşməsi xalqımıza İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində qələbə qazandırdı. Azərbaycan öz suverenliyini tam bərpa etdi.

Cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatında vətən oğulları öz gücünü, qüdrətini bütün dünyaya bəyan etdilər. Və bu, dünya miqyasında tarixi hadisə idi. Ermənilərin özləri haqqında yaratdıqları mif darmadağın oldu. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer tutdu.

Çox sevindirici haldır ki, bu il prezident seçkiləri, eyni zamanda parlament seçkiləri ölkəmizin tarixində ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində keçirildi.

Sentyabr ayının 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasda çıxış edərək deputatları təbrik etdi. Qeyd etdi ki, “İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açır. 30 ilin işğalı arxada qaldı. İndi ölkəmiz genişmiqyaslı quruculuq, inkişaf işinə qədəm qoymuşdur və nəticələr də göz qabağındadır. Son 3-4 il ərzində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik. Halbuki bunu qəbul etmək istəməyən ölkələr və dairələr var idi, bu gün də var. Biz hamımız bunu yaxşı görürük ki, bizə qarşı əsassız ittihamlar davam edir. Ancaq bu, nə bizim iradəmizə, nə də xalqımızın iradəsinə heç cür təsir edə bilməz”.

Bəli, bu gün işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı tikinti-bərpa işləri gedir. Yaşayış binaları, xəstəxana, məktəb binaları tikilir, avtomobil yolları çəkilir, körpülər salınır. Üç min kilometr avtomobil yolu artıq çəkilib. “İstisu” su zavodu açılıb. Qarabağ universitetində 1200-dən çox tələbə təhsil almağa başlayıb. Dəmir yolları və iki hava limanı istifadəyə verilib. Yaxın müddətdə uzunluğu 70 kilometr olan 45 tunelin çəkilməsi nəzərdə tutulub.

Mədəni, tarixi irsimizin qorunması üçün praktiki işlər görülür, tarixi abidələr bərpa edilir. Ermənilər tərəfindən dağıdılmış yeddi məscid yenidən qurulub, səkkiz məscidin inşası davam edir. Zəfər muzeyləri, işğal muzeyləri, zəfər parkları salınır. Artıq bir çox ərazilərimiz erməni canilərinin basdırdıqları minalardan təmizlənib. Öz doğma ev-eşiyindən didərgin düşmüş minlərlə soydaşlarımız sevinclə 30 il həsrətini çəkdikləri yurdlarına dönürlər. Onların hər biri orada evlə və özlərinə uyğun işlə təmin olunurlar.

Quruculuq işlərində bir çox qardaş ölkələr də iştirak edirlər. Bu günə kimi bərpa işlərində Özbəkistan və Qazaxıstan yaxından iştirak edib. Eyni zamanda Füzuli şəhərində məktəb və uşaqların yaradıcılıq mərkəzi inşa edilib. Hal-hazırda isə Qırğızıstan Respublikası Ağdam şəhərində məktəb binasının inşası ilə məşğuldur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Birinci nömrəli vəzifə hərbi gücümüzün artırılmasıdır. Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətrafımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meylləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir.

Ölkə qarşısında böyük vəzifələr durur, ilk növbədə, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsi. Ancaq əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər.

Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə, bu xülyalarla yaşayır. Onlar İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər.

Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır. Media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur - bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın.”

Bildiyimiz kimi İkinci Qarabağ müharibəsində 12 mindən çox fərarisi olan Ermənistan heç vaxt Azərbaycanla müharibə həvəsinə düşə bilməz. Onları maddi, mənəvi cəhətdən dəstəkləyən, onlara silah-sursat verən bəzi ölkələrin onlara havadarlıq etməyinin nəticəsində ermənilər özlərini güclü hesab edirlər. Lakin prezidentimizin dediyi kimi: “Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dilində danışmaq mümkün olmayacaq”.

İkinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində Azərbaycan öz hərbi gücünü böyük dərəcədə artırıb, ordumuzda yeni silahlı birləşmələr yaradılıb, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırılıb. Yeni Xüsusi Təyinatlı Qüvvələr, Komando qüvvələri yaradılıb və onların da say tərkibi ildən-ilə artır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir.

Respublikamızın bütün hərbi zavodlarında genişmiqyaslı modernləşmə işləri aparılır. Yeni avadanlıq, texnika, silah-sursat istehsal olunur. Azərbaycan Ordusu getdikcə güclənir və onun qarşısında heç bir güc dayana bilməz.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bu gün dünya silah bazarında aparıcı rol oynayan ölkələrin başı öz işlərinə qarışıb. Onlar daha çox öz daxili tələbatını ödəmək üçün çalışırlar. Ona görə dünya silah bazarında təbii olaraq qıtlıq yaranıbdır. Biz bunu da nəzərə almalıyıq. Eyni zamanda, bu sahə bizə imkan verəcək ki, hərbi-texniki məhsullarımızın ixrac coğrafiyasını genişləndirək. Artıq bir neçə yerli Azərbaycan şirkəti, özəl şirkət hərbi sənaye kompleksinin inkişafında iştirak edir.

Ermənistana Qərb ölkələrindən silah, sursat göndərilir. Biz şərti sərhəddə möhkəmlənirik, çünki hər an Ermənistandan istənilən təxribat gözləmək olar və Ermənistan tərəfi həm kütləvi surətdə silahlanır, eyni zamanda, xarici ölkələrlə, özü də böyük dövlətlərlə hərbi təlimlər keçirir. Bəzi hallarda açıq - necə ki, Fransa-Ermənistan hərbi əməkdaşlığı açıq-aşkar aparılır - bəzi hallarda isə məxfi formada.”

Şübhəsiz ki, Ermənistana silah verən, onu müharibəyə təhrik edən Qərb dövlətlərini Ermənistan və yaxud erməni xalqı maraqlandırmır. Erməni xalqı, sadəcə, onlar üçün bir alətdir, bir vasitədir ki, Azərbaycanı daim təzyiq altında saxlasın, Ermənistan ərazisindən istifadə edərək Azərbaycan üçün və Ermənistanın digər qonşuları üçün təhdid mənbələri yaratsın və bununla da öz maraqlarını təmin etsin.

Dövlət başçımız çıxışında Azərbaycanın daxili təhlükəsizliyi ilə bağlı lazımı tədbirlərin görüldüyünü, buna görə quru sərhədlərin hələ də bağlı saxlandığını və bunun daxili təhlükəsizliyin təmin edilməsi üçün yeganə düzgün addım olduğunu və belə təhdidlərin aradan qaldırılması üçün müvafiq qurumların fəal işlədiyini nəzərə çatdırdı. Cənab prezident qeyd etdi ki, sərhədlərimizin qorunması bizi xarici risklərdən qoruyacaq.

Respublikamızda uzun illərdir təhlükəsizlik, əmin-amanlıq təmin edilir. Azərbaycanda hökm sürən sabitlik, xalqımızın birliyi, vətənpərvərliyi, sülhsevərliyi bütün dünya üçün nümunə ola bilər. Şübhəsiz ki məhz bu təhlükəsizliyə, inkişafa, sabitliyə görə Azərbaycana xarici sərmayə cəlb olunur.

Azərbaycan Ermənistana sülh müqaviləsinin bağlanması təklifini edib. Lakin müqavilənin bu qədər uzadılmasından görünür ki, Ermənistan sülh istəmir. Və bu vaxtdan istifadə edərək, xarici himayədarlarının dəstəyi ilə hərbi potensial qurmaq istəyir. Artıq bəzi Avropa ölkələrinin və təkcə Avropa deyil, digər Qərb ölkələrinin nümayəndələri Ermənistan ordusunda işə başlayıblar. Ermənistan ordusu ilə ciddi təlimlər keçirlər.

Lakin nə olur olsun, onlar və onların havadarları unutmamalıdırlar ki, 30 il hazırlıq görən, istehkamlar quran, silahlarla təmin olunan Ermənistan ordusu tərəfimizdən bir neçə gün ərzində darmadağın edildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar və təbii olaraq, bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır.

Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır.

Ölkə qarşısında böyük vəzifələr durur, ilk növbədə, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsi. Ancaq əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər”.

Ermənistan höküməti və revanşist qüvvələr öz xülyalarından hələ də əl çəkmək istəmirlər. Yenidən güc toplayıb Qarabağı geri almaq fikrindədirlər. Onlar öz məğlubiyyətləri ilə barışa bilmirlər. Anlaya bilmirlər ki, bütün Azərbaycan ayağa qalxar, öz tarixi torpaqlarını heç vaxt yurdsuz, nankor işğalçılara verməz.

İşğaldan azad edilən ərazilərimiz bərpa olunacaq. Bütün köçkünlərimiz öz ev-eşiyinə qayıdacaq. Zəngəzur dəhlizi açılacaq. Biz inanırıq ki, buna nail olacağıq. Biz buna qadirik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Qarabağın və Şərqi Zəngəzurun bərpası bizim hər birimizin önəmli vəzifəsidir. Müharibədən sonra bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib. Eyni zamanda, keçmiş köçkünlərin qaytarılması üçün də işlər görülür və səkkiz mindən çox keçmiş köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib və hər ay, hər il onların sayı artacaqdır.

Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir”.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024