Mobil versiya
Şuşanın azad olunması çağdaş hərbi-siyasi tarixin mühüm səhifələrindəndir
Tarix: 04-11-2026 | Saat: 10:52
Bölmə:Manşet / Siyasət | çapa göndər

Şuşanın azad olunması çağdaş hərbi-siyasi tarixin mühüm səhifələrindəndir

8 Noyabr Azərbaycan xalqının yaddaşına əbədi həkk olunan, milli qürurumuzu və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirən tarixi gündür. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin taleyini həll edən Şuşa əməliyyatı Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Məhz həmin gün Şuşanın işğaldan azad edilməsi ilə xalqımızın illərlə ürəyində yaşatdığı həsrətə son qoyuldu, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ başa çatdı. Bu səbəbdən 8 Noyabr həm Zəfər Günü, həm də Şuşanın azadlıq tarixinin rəmzidir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad olunmasından sonra qeyd etdiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözləri xalqımızın Qələbə sevincini və sarsılmaz iradəsini ifadə etdi. Bu tarixi müraciət yalnız Şuşanın azadlığını deyil, Azərbaycanın öz torpaqlarına qayıdış əzmini və gələcəyə inamını da nümayiş etdirdi.

Şuşanın azad olunması uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, güclü ordu quruculuğunun və xalqımızın birliyinin nəticəsi idi. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası əsasında Azərbaycanın hərtərəfli inkişafı təmin olundu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi və hərbi qüdrəti daha da artdı. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə bu siyasətin uğurlu nəticəsi kimi Azərbaycanın yeni reallıqlar yaratmaq gücünü təsdiqlədi.

Şuşa yalnız strateji əhəmiyyətə malik şəhər deyil, həm də Azərbaycan xalqının zəngin tarixinin, milli-mənəvi dəyərlərinin və mədəniyyətinin rəmzidir. Qarabağın tacı adlandırılan bu şəhər əsrlər boyu musiqinin, poeziyanın və incəsənətin inkişafında mühüm rol oynayıb. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, 2022-ci ilin “Şuşa İli” olması, 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı, 2026-cı ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı kimi tanınması şəhərin beynəlxalq nüfuzunu daha da artırıb.

İşğaldan azad olunduqdan sonra Şuşada genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Tarixi və dini abidələr, mədəniyyət ocaqları bərpa edilir, şəhərin memarlıq simasının qorunmasına xüsusi diqqət yetirilir. Vaqif Poeziya Günlərinin və “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının yenidən keçirilməsi Şuşanın əvvəlki mədəni həyatına qayıdışının mühüm göstəriciləridir. Şəhərin Baş planına uyğun aparılan işlər onun tarixi irsini qorumaqla yanaşı, müasir yaşayış mühitinin formalaşdırılmasını da nəzərdə tutur. Şuşaya çəkilən 101 kilometrlik Zəfər yolu isə bu müqəddəs şəhərə qayıdışın rəmzinə çevrilib.

Şuşanın dirçəldilməsinin ən mühüm göstəricilərindən biri keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışıdır. 2026-cı il oktyabrın 23-nə olan məlumata əsasən, Şuşa şəhərində 377 ailə olmaqla 1 411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə olmaqla 78 nəfər, Kiçik Qaladərəsi kəndində isə 26 ailə olmaqla 90 nəfər məskunlaşıb. Beləliklə, ümumilikdə 420 ailə, 1 579 nəfər doğma torpaqlarına qayıdaraq yeni həyata başlayıb. Bu rəqəmlər azad edilmiş ərazilərdə həyatın bərpasının, insanların öz yurdlarına qovuşmasının real nəticəsidir.

Bu gün Şuşa keçmişin ağrılarını geridə qoyaraq gələcəyə inamla addımlayır. Burada həyata keçirilən quruculuq işləri, mədəni tədbirlər və sakinlərin doğma yurda qayıdışı Azərbaycanın öz torpaqlarında dayanıqlı həyat qurmaq əzmini göstərir. Şuşa artıq yalnız Zəfərin deyil, həm də milli birliyin, tarixi yaddaşın və gələcəyə inamın rəmzidir.

8 Noyabr – Şuşa şəhəri günü xalqımızın qəhrəmanlıq salnaməsini, dövlətimizin gücünü və milli iradəsini bir daha xatırladır. Şuşanın azadlığı ilə başlayan yeni mərhələ Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi və Qarabağın dirçəldilməsi ilə davam edir. Əminliklə demək olar ki, Şuşa bundan sonra da Azərbaycan xalqının qürur mənbəyi, mədəniyyətin beşiyi və Zəfərin əbədi ünvanı olacaqdır.

Mahir Süleymanlı
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-11-2026