Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycanın Zəfərində hərbi qüdrətlə yanaşı, diplomatik məharət də mühüm rol oynadı”
Tarix: 04-11-2026 | Saat: 10:44
Bölmə:Manşet / Siyasət | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycanın Zəfərində hərbi qüdrətlə yanaşı, diplomatik məharət də mühüm rol oynadı”

“8 Noyabr – Zəfər Günü xalqımızın milli iradəsinin, dövlətimizin gücünün və tarixi ədalətə bağlılığının təntənəsidir. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə Azərbaycanın uzun illər davam edən işğala son qoymaq əzmini, müstəqil siyasət yürütmək qüdrətini və milli məqsədlər ətrafında birləşmək bacarığını bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu tarixi nailiyyət hərbi hazırlığın, siyasi uzaqgörənliyin və xalq-ordu birliyinin məntiqi nəticəsi oldu. Zəfərin əsasını təşkil edən amillərdən biri Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun davam etdirilməsi idi. Ordu quruculuğu, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və cəmiyyətdə milli həmrəyliyin gücləndirilməsi ölkəmizin qələbəyə hazırlığını təmin etdi. Müharibə zamanı Ali Baş Komandanın qətiyyətli mövqeyi xalqın inamını daha da artırdı, “Dəmir yumruq” isə dövlət-xalq birliyinin rəmzinə çevrildi.”

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov bildirib.

Millət vəkilinin sözlərinə görə, Vətən müharibəsində Azərbaycan yalnız döyüş meydanında deyil, informasiya və diplomatiya müstəvisində də ciddi sınaqla üzləşmişdi: “Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinə verdiyi müsahibələr, faktlara əsaslanan açıqlamaları və çevik diplomatik fəaliyyəti ölkəmizə qarşı yönəlmiş təbliğatın qarşısının alınmasında müstəsna rol oynadı. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, erməni tərəfinin yaydığı yalanların ifşa edilməsi ölkəmizin haqlı mövqeyinin daha geniş anlaşılmasına şərait yaratdı. Millət vəkili vurğulayıb ki, informasiya cəbhəsindəki uğurların arxasında da milli birlik və siyasi həmrəylik dayanırdı. Azərbaycan xalqı müharibənin bütün mərhələlərində dövlətinin və ordusunun yanında oldu. Ön cəbhədə qəhrəmanlıq göstərən hərbçilərimizlə yanaşı, arxa cəbhədə çalışan insanlar da ümumi Qələbəyə öz töhfələrini verdilər. Hərbi əməliyyatlarla siyasi-diplomatik fəaliyyətin əlaqələndirilməsi Azərbaycanın qarşıya qoyduğu məqsədlərə çatmasını sürətləndirdi. Şuşanın 8 noyabr 2020-ci ildə azad edilməsi isə Zəfərin həlledici mərhələsi olmaqla xalqımızın mənəvi gücünü və tarixi bağlılığını bir daha təsdiqlədi. 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin bütün ərazisində tam bərpası isə ölkənin dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Bununla yanaşı, Qələbənin nəticələrinin möhkəmləndirilməsi istiqamətində görülən işlər də xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa layihələri, infrastrukturun yenidən qurulması və “Böyük Qayıdış” proqramı azad edilmiş ərazilərdə həyatın dirçəldilməsinə xidmət edir. Zəfər Azərbaycanın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. Bu gün ölkəmiz hərbi uğurunu quruculuq, iqtisadi inkişaf və regionda davamlı sülhün təmin olunması istiqamətindəki səylərlə tamamlayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsinə, milli maraqlarının qorunmasına və tarixi Qələbənin uzunmüddətli nəticələrinin təmin edilməsinə yönəlib” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-11-2026