Mobil versiya
24 Noyabr 1988: Qərbi azərbaycanlıların son deportasiyası – terror və qəddarlığın başlanğıcı
Tarix: 24-11-2025 | Saat: 22:27
Bölmə:Karusel / Manşet / Gündəm / Özəl / Qərbi Azərbaycan | çapa göndər

24 Noyabr 1988:

Şəmsi Qoca,
Qərbi Azərbaycan İcması
Aparatının elmi işçisi

Azərbaycan xalqının XX əsrdə məruz qaldığı ən böyük faciələrdən biri, tarixi-etnik torpaqları olan Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisindən) dördüncü və sonuncu dəfə kütləvi şəkildə deportasiya edilməsidir. 1988–1989-cu illərdə həyata keçirilən bu etnik təmizləmə aktı Ermənistan ərazisindəki min illik Azərbaycan varlığına tamamilə son qoydu.

Bu son deportasiya aktı birbaşa 1988-ci ilin fevralında başlayan Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi ilə sıx əlaqəli idi. Erməni tərəfinin məqsədi Ermənistan SSR-i monoetnik dövlətə çevirmək və Qarabağ iddiasını coğrafi cəhətdən əsaslandırmaq idi. Bu prosesdə Ermənistan SSR-in rəhbərliyinin və hərəkat liderlərinin rolu həlledici oldu. Onların təşviqi ilə yerli hakimiyyət orqanları və milis hissələri terror aktlarında iştirak edən qeyri-qanuni silahlı dəstələrə – "saqqalılar"a – dəstək verirdi. SSRİ rəhbərliyinin isə laqeydliyi bu cinayətlərin cəzasız qalmasına şərait yaratdı.

Kütləvi zorakılıqdan əvvəlki mərhələdə psixoloji təzyiqlər və kiçik dalğalı köçürülmələr aparılırdı. Lakin hadisələr məhz 24 noyabr 1988-ci il tarixindən etibarən geri dönüşü olmayan qəti mərhələyə qədəm qoydu. Bu gün kütləvi və mütəşəkkil zorakılığın pik nöqtəyə çatdığı, Ermənistanın xüsusi xidmət orqanlarının və radikal dəstələrinin azərbaycanlı kəndlərini "təmizləmək" üçün açıq terror əməliyyatlarına başladığı gün kimi yaddaşlara həkk olunub.

Noyabrın sonlarında terror və qəddarlıq Ermənistanın müxtəlif bölgələrini bürüdü. Xüsusilə Qafan, Allahverdi (Alaverdi) və Cəlaloğlu (Stepanavan) rayonları deportasiya və qırğınların ən ağır yaşandığı bölgələr oldu. Qafanda azərbaycanlılara qarşı kütləvi qətllər və işgəncələr törədildi. Allahverdi və Cəlaloğlu rayonlarında isə azərbaycanlılar evlərindən qovularaq, başı kəsilmiş və işgəncə verilmiş şəxslərin də olduğu qurbanlar siyahısına əlavə edildi.

Bütün bölgələrdə azərbaycanlılar qışın soyuğunda, qarda, ayaqyalın, başıaçıq şəkildə dağlara və meşələrə üz tutmağa məcbur edildi. Zorakılıq formaları dəhşətli idi: işgəncə ilə qətl, odlu silahla qətl, yandırılma, maşınla vurulma, və hətta dəhşətli hisslərdən keçirilən infarkt nəticəsində ölüm halları qeydə alınmışdır. Ümumilikdə 1988–1989-cu illərdə Qərbi Azərbaycanda 226 soydaşımız ermənilər tərəfindən öldürülmüş, 400 nəfərdən çoxu isə ağır bədən xəsarətləri almışdır.

Bu qısa müddət ərzində, yəni 1989-cu ilin əvvəlinə qədər, 250 minə yaxın azərbaycanlı öz tarixi yurdlarından zorla qovuldu.
Nəticədə Ermənistan ərazisi azərbaycanlılardan tamamilə təmizləndi. Azərbaycan xalqına məxsus yüzlərlə qəbristanlıq və digər tarixi, dini, mədəni abidə dağıdıldı və erməniləşdirildi. Qərbi Azərbaycanlıların öz doğma torpaqlarına geri dönüş haqqı bu gün də Azərbaycanın əsas strateji məqsədlərindən biri olaraq qalmaqdadır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-11-2025