Mobil versiya
Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının yüksəlişi: strateji birlik və tarixi məsuliyyət
Tarix: 16-11-2025 | Saat: 18:28
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının yüksəlişi: strateji birlik və tarixi məsuliyyət

 Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında ikitərəfli əsasda qurulan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri, həmçinin dövlət başçıları səviyyəsində mövcud olan fəal siyasi dialoq və qarşılıqlı səfərlər bu əməkdaşlıq formatının uğurunda mühüm rol oynayır. O cümlədən Azərbaycan və Özbəkistan arasında tarixi və mədəni əlaqələr, ortaq köklər və mənəvi dəyərlər əsasında qurulmuş münasibətlər regionda nümunəvi tərəfdaşlıq modeli kimi artıq çoxdan özünü təsdiqləyib. Cənab Prezident İlham Əliyevin noyabrın 13-də Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibəsində Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə dair səsləndirdiyi fikirlər Azərbaycanın bölgədəki rolunu və qardaş ölkələrlə formalaşan strateji əməkdaşlığın mahiyyətini aydın ifadə edir.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində səsləndirdiyi sözlər bu birlik fəlsəfəsinin mahiyyətini çox dəqiq ifadə edir: “Azərbaycan və Mərkəzi Asiya ölkələri bu gün artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, geosiyasi və iqtisadi məkanı formalaşdırır. Bu məkan xalqlarımızı birləşdirən ortaq tarixdən, dəyərlərdən, coğrafi yaxınlıqdan və ən əsası, siyasi iradədən güc alır. İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir. Bu gün Xəzər dənizi sadəcə coğrafi anlayış deyil, hər şeydən əvvəl xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi əməkdaşlığının rəmzidir.” Bu sitatın özü Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin yalnız diplomatik çərçivədən ibarət olmadığını, dərin tarixi və strateji təmələ söykəndiyini göstərir. Cənab Prezidentin vurğuladığı kimi, Xəzər dənizi bizi bölən deyil, birləşdirən, regionu vahid enerji-logistika dəhlizinə çevirən, mühüm əməkdaşlıq platforması yaradan unikal körpüdür.

Fikirlərini davam etdirən Tamam Cəfərova qeyd edib ki, Prezident İlham Əliyevin UzA-ya müsahibəsində səsləndirdiyi fikirlər Azərbaycanla Özbəkistan arasında münasibətlərin daha yüksək mərhələyə keçdiyini göstərir. Azərbaycan - Özbəkistan əlaqələri təkcə regional əməkdaşlığın bir hissəsi deyil, bütövlükdə Türk dünyası daxilində nümunəvi tərəfdaşlıq modelidir. Cənab Prezident İlham Əliyev öz müsahibəsində ikitərəfli münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini və bu dərinləşmənin həm siyasi etimada, həm də liderlər arasındakı şəxsi dostluğa söykəndiyini xüsusi vurğulayır.
Qardaşlıq münasibəti artıq strateji müttəfiqliyin məzmunu ilə zənginləşir. Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə daimi və sarsılmaz dəstəyi, Qarabağın bərpasında yaxından iştirakı, xüsusilə Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası bu müttəfiqliyin konkret ifadəsidir. Bu barədə cənab Prezident müsahibəsində deyib: “Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz və xalqlarımız arasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi qəbul edəcəyik.” Bəli, biz bu qardaş dəstəyini hər zaman xatırlayacağıq.

Deputat qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq təkcə, ikitərəfli formatda deyil, həm də beynəlxalq platformalarda da uğurla inkişaf edir. Belə ki, Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının üzvləri kimi türk birliyinin möhkəmləndirilməsində də fəal iştirak edirlər. Eyni zamanda, əlaqələrimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etməkdədir.
Prezident İlham Əliyevin UzA-ya müsahibəsi göstərir ki, Azərbaycan–Özbəkistan münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, türk dünyasının qlobal miqyasda mövqeyini gücləndirən strateji xətt kimi inkişaf edir. Xəzər dənizi, Orta Dəhliz, enerji və sənaye əməkdaşlığı, siyasi həmrəylik və mədəni birlik — bütün bunlar yeni siyasi reallığın formalaşmasına xidmət edir. Bu gün Azərbaycan və Mərkəzi Asiya ölkələri ayrılıqda fəaliyyət göstərən dövlətlər deyil — vahid tarixi-mədəni məkanın, vahid geosiyasi baxışın, vahid inkişaf strategiyasının daşıyıcılarıdır. Bu birlik regionumuzun gələcəyini daha güclü, daha dayanıqlı və daha rəqabətqabiliyyətli edir. Bu gün Azərbaycan yalnız öz regionunun deyil, bütövlükdə türk dünyasının inkişafına, inteqrasiyasına və təhlükəsizliyinə töhfə verən aparıcı dövlətlərdən biridir. Mərkəzi Asiya ilə münasibətlərimizin yüksələn xətti isə bu missiyanın ayrılmaz tərkib hissəsidir- deyə millət vəkili Tamam Cəfərova bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2025