Mobil versiya
Tarixi qardaşlıqdan strateji müttəfiqliyə doğru inamlı yol
Tarix: 15-11-2025 | Saat: 11:27
Bölmə:Siyasət | çapa göndər

Tarixi qardaşlıqdan strateji müttəfiqliyə doğru inamlı yol

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə, bu qardaş ölkəyə səfər ərəfəsində sadəcə iki ölkə arasındakı münasibətlərin hesabatı deyil, tarixi, mədəni və geosiyasi birliyin bütün aspektlərini əhatə edən parlaq bir bəyannamədir. Bu müsahibə,eyni zamanda, Qafqaz ilə Mərkəzi Asiyanı bir-birindən ayıran Xəzər dənizini bir ləyaqət, tərəfdaşlıq və strateji əməkdaşlıq simvoluna çevirən yeni bir dövrün carçısıdır.

Cənab Prezident İlham Əliyev müsahibənin əvvəlində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin coğrafi və geosiyasi əhəmiyyətinə diqqət çəkərək, mühüm bir həqiqəti dilə gətirir: “İlk baxışda Azərbaycanı Mərkəzi Asiya ölkələrindən fiziki olaraq ayırsa da, Xəzər dənizi, əslində, mühüm birləşdirici amildir.” Dövlətimizin başçısı bu birliyin yalnız coğrafi olmadığını, əsrlərin süzgəcindən keçdiyini vurğulayır: “Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir.” Bu möhkəm təməl üzərində qurulan əlaqələr sayəsində, Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasındakı münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Son üç ildə dövlət başçıları arasında baş tutan onlarla qarşılıqlı səfərin dinamikası bu sarsılmaz birliyin ən bariz sübutudur.
Müsahibənin əsas mərkəzi mövzularından biri Azərbaycan-Özbəkistan əlaqələridir. Prezident bu münasibətləri ən yüksək səviyyədə qiymətləndirərək deyir: “Bu gün Azərbaycan ilə Özbəkistan arasında münasibətlər ən yüksək - müttəfiqlik səviyyəsindədir.” Bu uğurun memarları haqqında danışarkən, cənab Prezidentin sözlərində səmimi bir dostluq əks olunur: “Münasibətlərimizin inkişafına təsir edən digər, əhəmiyyəti heç də az olmayan amil Özbəkistan Prezidenti Şavkat Miromonoviç Mirziyoyev ilə aramızda yaranan şəxsi etimad və dostluq münasibətləridir.”

Cənab Prezident İlham Əliyev, Özbəkistanın Vətən müharibəsindən sonra Azərbaycana göstərdiyi əvəzsiz dəstəyi xüsusi qeyd edir: “Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləyib.” Azad edilmiş Füzulidə dahi özbək alimi Mirzə Uluqbəyin adını daşıyan məktəbin tikintisi barədə danışarkən, Prezident Əliyev Özbəkistan liderinə dərin minnətdarlığını bildirir: “Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz və xalqlarımız arasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi qəbul edəcəyik.”

İqtisadi əməkdaşlığın dinamikası Prezidentin fikrincə, tam məmnunluq doğurur. Ticarət dövriyyəsinin kəskin artımı və 500 milyon ABŞ dolları kapitalla yaradılan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti iqtisadi əlaqələrin miqyasını göstərir. Nəqliyyat və logistika sahəsi isə Orta Dəhlizin strateji əhəmiyyəti ilə tamamilə yeni bir mərhələyə qədəm qoyur. Azərbaycanın Mərkəzi Asiya üçün mühüm tranzit ölkəsi qismində çıxış etdiyini bildirən Prezident Əliyev, bölgə üçün yeni imkanlar yaradacaq layihəni bu cür vurğulayır: “Bundan əlavə, Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək.” Enerji əməkdaşlığı kontekstində isə ölkələrin yaşıl enerji sahəsində inteqrasiyasına toxunulur: “Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin inteqrasiyasına və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər, memorandumlar imzalayıblar ki, bu da regionun davamlı inkişafı... üçün yeni perspektivlər açır.”

Mədəni-humanitar əlaqələr, dostluq münasibətlərinin möhkəmləndirilməsində həlledici rol oynayır. Qardaşlaşan şəhərlər regionlararası əlaqələri aktivləşdirir. Prezident Əliyev Daşkənddəki Heydər Əliyev meydanının və Bakıdakı “Özbəkistan” parkının təməlinin qoyulmasını xalqların bir-birinə bəslədiyi ehtiramın rəmzi ifadəsi adlandırır və Ümummilli Liderimizə göstərilən hörmətə görə minnətdarlığını ifadə edir: “Həmçinin Azərbaycan xalqının Ümummilli Lideri, özbək xalqına həmişə böyük sevgi hissləri bəsləyən Heydər Əliyevin xatirəsinə göstərilən ehtiram və həqiqətən qardaşlıq münasibətinə görə Özbəkistan rəhbərliyinə, bütün qardaş xalqa minnətdarlığımı bildirmək istəyirəm.” Müsahibənin sonunda isə Prezident Əliyev bir arzu və inam ifadə edir: “Qoy, əsrlər boyu qardaş xalqlarımızı və ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq əlaqələri daha da möhkəmlənsin.”

Bu müsahibə, Azərbaycanın Mərkəzi Asiya, xüsusilə də Özbəkistanla münasibətlərini köklü qardaşlıqdan strateji müttəfiqliyə doğru inamlı bir gediş kimi təqdim edir.

İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2025