Mobil versiya
Elmin və zəhmətin zirvəsində bir ömür - Professor Nizami Seyidəliyev
Tarix: 03-10-2025 | Saat: 13:10
Bölmə:Özəl | çapa göndər

Elmin və zəhmətin zirvəsində bir ömür

Ziyalı olmaq sadəcə elm qazanmaq deyil, həm də ömrünü xalqına, millətinə, gənc nəslin formalaşmasına həsr etməkdir. Ziyalılıq bir ömürlük vətəndaşlıq mövqeyi, yüksək əxlaq, sadəlik və xalqa xidmət deməkdir. Elə bu mənada, kənd təsərrüfatı elmləri doktoru, professor Nizami Seyidəliyevin həyatı və fəaliyyəti əsl vətəndaşlıq, elm və zəhmət yolunun parlaq nümunəsidir.



1955-ci ildə Cəbrayıl rayonunun Nüsüs kəndində anadan olan Nizami müəllim öz ömrünü zəhmətə, elmə və təhsil işinə bağlamış, sadəliyi və təvazökarlığı ilə hər kəsin sevgisini qazanmışdır. İlk təhsil yoluna Beyləqan rayonunun Günəşli qəsəbəsində qədəm qoyan, daha sonra Örənqala məktəbində orta təhsilini başa vuran Nizami müəllim hələ gənclik illərindən elmə, biliyə, zəhmətə bağlılığı ilə seçilib.
Onun həyat yolunda hərbi xidmət də xüsusi mərhələ olub. 1974–1976-cı illərdə Vətənə borcunu yerinə yetirən gənc Nizami Seyidəliyev daha sonra təhsilini davam etdirmək üçün Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil oldu və aqronomluq fakültəsini fərqlənmə diplomu ilə bitirdi. Bu uğur onun yalnız biliyə deyil, həm də zəhmətsevərliyinə, mütaliə və təşkilatçılıq bacarığına söykənirdi. Tələbəlik illərində inşaat dəstələrinin komandiri kimi gənclərə örnək olan fəaliyyəti, ardıcıl təşəbbüskarlığı və işgüzarlığı ona həmyaşıdları arasında nüfuz qazandırdı.
Professor Nizami Seyidəliyev həyatının hər mərhələsində mübariz insana xas olan iradə və əzm nümayiş etdirib. Gənc yaşlarında Ağcabədi və Beyləqan tarlalarında aparılan elmi müşahidələr onun elmi axtarışlarının təməlini qoydu. Elə bu əzmin nəticəsi idi ki, 1988-ci ildə Özbəkistanda namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi oldu. Sonrakı illərdə isə elmi yaradıcılığını davam etdirərək 2015-ci ildə elmlər doktoru alimlik dərəcəsinə layiq görüldü.Nizami müəllimin fəaliyyəti yalnız elm və təhsil sahəsi ilə məhdudlaşmadı. Qarabağ hadisələrinin ən ağır dönəmlərində o, xalqın yanında oldu, cəbhəyanı bölgələrdə humanitar dəstək göstərdi, xalqla nəfəs aldı, millətin dərdini yaşadı. Bu vətəndaşlıq mövqeyi onun həm ziyalı, həm də cəsarətli insan obrazını daha da möhkəmləndirdi. Məsuliyyətli idarəçi kimi də Nizami Seyidəliyev özünü təsdiqlədi. Aqronomluq fakültəsinin dekanı, daha sonra isə ADAU-nun elmi işlər üzrə prorektoru kimi çalışaraq yüzlərlə gəncin həyat yolunu istiqamətləndirdi, onlara elm və peşəkarlıq nümunəsi oldu. Onun pedaqoji fəaliyyətində tələbələrinə qayğı, elmə sədaqət və məsuliyyətli yanaşma başlıca meyar olub.



Professor Nizami Seyidəliyev həm də məhsuldar elmi yaradıcılığı ilə seçilir. 281 elmi əsərin, 3 dərsliyin, 4 monoqrafiyanın, onlarla metodik göstərişin müəllifidir. Ən əsası isə o, Azərbaycan kənd təsərrüfatına dəyərli töhfə verərək yeni qarğıdalı sortlarının həmmüəllifi olmuşdur. Onun elmi nəticələri artıq yalnız ölkəmizdə deyil, dünyanın müxtəlif ölkələrində də tanınır və tətbiq olunur. Bütün bu uğurların arxasında sadə, təvazökar, insanpərvər bir şəxsiyyət dayanır. O, nümunəvi ailə başçısı, tələbələrin qayğıkeş müəllimi, həmkarlarının sevimlisi, cəmiyyətin hörmət bəslədiyi ziyalıdır.
Bu gün 70 illik yubileyini qeyd edən professor Nizami Seyidəliyev Azərbaycan elminin, təhsilinin, kənd təsərrüfatı sahəsinin canlı tarixidir. Onun zəhmətlə yoğrulmuş ömür yolu, elmə və gənclərə həsr etdiyi həyat dərsləri gələcək nəsillərə örnəkdir. Professorun həyat fəlsəfəsini bir cümlə ilə ifadə etmək olar: "Gücünü zəhmətdən, işgüzarlıqdan və xeyirxahlıqdan almaq."

Qalib Rəhimli



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-10-2025