Mobil versiya
3 oktyabr 1993-cü il-Azərbaycanın keyfiyyətcə yeni inkişaf mərhələsinin başlandığı gündür
Tarix: 03-10-2025 | Saat: 15:07
Bölmə:Siyasət | çapa göndər

3 oktyabr 1993-cü il-Azərbaycanın keyfiyyətcə yeni inkişaf mərhələsinin başlandığı gündür

Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik olan günlərdən biri də 1993-cü il oktyabr ayının 3-nə təsadüf edir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini və müqəddəratını həll edən seçimini etməklə ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyevi 98.84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçdi.
Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun siyasi iradəsinə, yüksək nüfuzuna və idarəçilik bacarığına olan dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqının bu ağır və böhranlı günlərdə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var idi.
Öz xalqından heç bir təmənnası olmayan bu böyük şəxsiyyət ikinci dəfə hakimiyyətə qayıdarkən “Mənim həyatım xalqa məxsusdur və bundan sonra qalan hissəsini də xalq üçün əsirgəməyəcəm. Həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görürəm. Mənim üçün ən böyük mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir” - demiş və yenidən respublikaya rəhbərlik etməyə başladığı ilk gündən – Azərbaycanda həyata keçirilən bütün iqtisadi islahatların və köklü dəyişikliklərin təşkilatçısı və ilhamvericisi olmuşdur. Onun gərgin əməyi, səriştəsi, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycanda ictimai- siyasi sabitlik bərpa edilmiş, ölkəmiz Avropa Şurasının tam üzvlüyünə qəbul olunmuş; məşhur “Əsrin müqaviləsi” imzalanmış və neft strategiyası işlənib hazırlanmış, dünyanın bir çox super dövlətləri ilə neft kontraktları bağlanmış, Qədim İpək yolu bərpa olunmağa və bu məqsədlə TRASEKA proqramı həyata keçirilməyə başlamış, dünyanın bir çox ölkələri ilə iqtisadi əlaqələrimiz genişlənmiş və möhkəmlənmişdir. Heydər Əliyevin ən böyük və tarixi xidmətlərindən biri də tikintisi başa çatmaqda olan və dünyada analoqu olmayan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilməsi, Azərbaycanı Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin başlıca iştirakçısına cəlb edə bilməsindən ibarətdir. Onun Neft strategiyasının uğurla həyata keçirilməsinin nəticəsi idi ki, cəmi bir neçə il ərzində ölkəmizə 10 milyarddan çox ABŞ dolları cəlb edilmiş və həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycanda 1989-cu ildən ötən dövr ərzində ilk dəfə olaraq 1996-cı ildə iqtisadiyyatda dirçəliş baş vermiş və əhalinin pul gəlirlərinin artım səviyyəsi qiymətlərin artım səviyyəsini üstələmişdir.
Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərdi ki, ölkəmizi dünyanın vacib aktorları sırasına Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıbdır.
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalqın məhəbbətini qazanan Ulu Öndər kimi qalıbdır.
Ümummilli lider Heydər Əliyev təkcə, Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərindən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaqdır.

Rövşən Muradov
Laçın rayonundan Milli Məclisin deputatı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-10-2025