Mobil versiya
SƏNİ SEVƏ-SEVƏ GƏLMİŞƏM, VƏTƏN
Tarix: 10-09-2025 | Saat: 12:34
Bölmə:Özəl / Qərbi Azərbaycan / Yazar4 | çapa göndər

SƏNİ SEVƏ-SEVƏ GƏLMİŞƏM, VƏTƏN

Əli Rəştbər Qayıb Güney Azərbaycanın sevilən və seçilən qələm adamlarından biridir.
Şeirlərini Qayıb təxəllüsüylə yazan Əli Rəştbər 1980-cı ildə Qaradağın Gal kəndində dünyaya göz açıbdır. Atası Məhəmmədin kənddən köçməsi ilə 1990-cı ildə Urmu şəhərinə daşınıblar.
Əli Qayıbın hazırda üç kitabı işıq üzü görübdür: “Yol ağlasın” 2015, “Susqun fəryadıyam mən bu torpağın” 2017, “Salam olsun ozanlara” 2020.
Əli Qayıb bir mütərcim və yazar kimi də fəaliyyət göstərir. Onun hekayələri Güney Azərbaycanın gündəliklərində və jurnallarında nəşr edilibdir.
İndi şairin redaksiyamıza göndərdiyi o taylı, bu taylı Vətənin ətri gələn iki şeirini aia.az-ın dəyərli oxucularına təqdim edirik.

VƏTƏN

Gəldiyim yollardır şahidim mənim,
Səni sevə-sevə gəlmişəm Vətən.
Sənin qəm günündə kövrək olmuşam,
Güldüyün zamanlar gülmüşəm Vətən,
Səni sevə-sevə gəlmişəm Vətən.

Adımı tarixdə yazsalar da pan,
Sevgin ürəyimdə qiymətli mərcan.
Duymuşam səsini səslənən zaman,
Səni öz canımdan bilmişəm Vətən,
Səni sevə-sevə gəlmişəm Vətən.

Sevdim ocağını, sevdim odunu,
Yaşadım sevginin şirin dadını,
İkiyə böləndən tarix adını,
Mən də ürəyimi bölmüşəm Vətən,
Səni sevə-sevə gəlmişəm Vətən.

Bakın, ya Təbrizin birdirlər mənə,
Ömürlük həyatda bağlıyam sənə,
Xocalı dərdindən neçə min dönə,
Donmuşam, yanmışam , ölmüşəm, Vətən,
Səni sevə-sevə gəlmişəm, Vətən.

Qoy aləm eşitsin Qayıbın hayın,
Üsyanlı ruhunda susan harayın.
Şeir xəritəmdən Araz tək çayın,
Adını çoxdandır silmişəm, Vətən,
Səni sevə-sevə gəlmişəm, Vətən.


GƏLİR
Gözün aydın ay Sücayət,
O günlərin ətri gəlir.
Murov dağı ətəyindən,
Xan Tərtərin ətri gəlir.

Qoy bir müjdə verim sənə,
Bir qulaq ver dağ səsinə,
Ağır ellər dönüb yenə,
Kəlbəcərin ətri gəlir.

Bulaqların axarından,
Gədiklərin baxarından,
Dağların quzey qarından,
Ləlin, zərin ətri gəlir.

Kəlbəcərdə itirdiyin ,
Dərdin ərşə yetirdiyin,
Məzarına götürdüyün,
Xeyir,şərin ətri gəlir.

Şükür Allah !...ey Yaradan!
Uzaqsa da Qayıb ordan
Qopuzunun nəvasından
Ələsgərin ətri gəlir



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-09-2025