Mobil versiya
Göydəniz Qəhrəmanov: “Ana dilimizin saflığının və zənginliyinin qorunması Azərbaycan dövləti tərəfindən etibarlı şəkildə təmin edilir”
Tarix: 29-07-2025 | Saat: 16:30
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Göydəniz Qəhrəmanov: “Ana dilimizin saflığının və zənginliyinin qorunması Azərbaycan dövləti tərəfindən etibarlı şəkildə təmin edilir”

“Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq öz doğma ana dili ilə fəxr edir. Zəngin söz ehtiyatına malik olan müasir Azərbaycan dili dünya dilləri arasında öz layiqli yerini tutur. Təbii ki, bu gün Azərbaycan dili ölkəmizdə dövlət dili statusuna sahibdir. Lakin doğma dilimizin öz ölkəmizdə dövlət dili statusu alması heç də asanlıqla baş verməmişdir. Milli dövlətçilik tariximizin müxtəlif dövrlərində Azərbaycan dili rəsmi olaraq dövlət dili elan olunsa da bu hal heç zaman uzun müddət davam etməmişdir. Xüsusilə sovet dönəmində ana dilimizə dövlət dili statusu verilməsi uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyev bu həyati önəm kəsb edən məsələdə öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Ali məqsəd uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq isə, məhz ana dilində oxumaq imkanı ilə təmin olunur. Nəhayət, 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Nəticədə sözügedən maddəyə düzəliş qəbul edilmiş və Azərbaycanda ana dilimizin dövlət dili statusu təsdiq olunmuşdur. Bu tarixi nailiyyət gələcək müstəqil dövlətimizin ideoloji əsaslarının qurulması üçün möhkəm zəminin yaradılmasında önəmli amil rolunu oynadı.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Fikirlərini davam etdirən deputat artıq müstəqillik illərində respublikamızda ana dilimizin inkişafı məqsədilə Ulu Öndər Heydər Əliyevin atdığı məqsədyönlü addımlardan bəhs edib: “1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə respublikamızda yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən biri yenə də məhz dil məsələsi idi. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən geniş ictimai müzakirələr də Azərbaycan dilinin nüfuzunun artmasına güclü təsir etmş oldu. Bu, Azərbaycan dilinin inkişafında mühüm rol oynamış vacib qanunverici təşəbbüs idi. Həmçinin qeyd olunmalıdır ki, Ulu Öndər Heydər Əliyevin imzaladığı 2001-ci il 18 iyun tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva etməklə Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir.”

Daha sonra Göydəniz Qəhrəmanov cənab Prezident İlham Əliyevin imzaladığı və Azərbaycan dilinin inkişafı baxımından müstəsna önəm kəsb edən fərman və sərəncamların əhəmiyyətindən bəhs edib: “Bu gün Ölkə Prezidenti cənab İlham Əliyev ana dilimizin mövcud durumu və inkişaf perspektivləri ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlayır. Möhtərəm dövlət başçımız müxtəlif vaxtlarda bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi ilə bağlı vacib qərarlara imza atıb. Belə ki, cənab Prezidentin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmışdır. 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlar isə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqinin gerçəkləşməsində müstəsna ol oynayıblar. Öz tarixi çıxışlarının birində cənab Prezident İlham Əliyev demişdir: “Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir.” Birmənalı olaraq demək lazımdır ki, bu gün müasir dövrün tələblərini nəzərə alaraq ana dilimizin saflığının və zənginliyinin qorunması Azərbaycan dövləti tərəfindən etibarlı şəkildə təmin edilir” – deyə, millət vəkili öz fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-07-2025