Mobil versiya
Səttar Möhbalıyev: “Ana dilimizin qorunması və zənginlədirilməsi məqsədilə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kurs bu gün də mühüm istiqamətlərdən biri olaraq qalır”
Tarix: 29-07-2025 | Saat: 12:09
Bölmə:Manşet / Siyasət | çapa göndər

Səttar Möhbalıyev: “Ana dilimizin qorunması və zənginlədirilməsi məqsədilə Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kurs bu gün də mühüm istiqamətlərdən biri olaraq qalır”

“Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin öz xalqı və dövləti qarşısında olan misilsiz xidmətləri sırasında Ulu Öndərin respublikaya rəhbərlik etdiyi hər iki tarixi dövrdə ana dilimizin qorunması və inkişaf etdirilməsi məqsədilə atdığı addımlar, gördüyü işlət müstəsna əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyev deyirdi: “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilirik”. Hələ sovet dönəmində Ümummilli Lider xalqın öz müstəqilliyinə nail olması üçün vacib amillərdən biri olan milli ideologiyanın formalaşdırılması üzərində çalışarkən, bu məsələdə ana dilinin həlledici rolunu düzgün qiymətləndirir və onun qorunması üçün məqsədyönlü addımlar atırdı. Məhz özünün gərgin səyləri nəticəsində Ulu Öndər keçmiş SSRİ-də ögey münasibət bəslənilən, sıxışdırılan Azərbaycan dilini bütünlüklə unudulmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Heydər Əliyev dühasının zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması və bağlılığı sayəsində ötən əsrin 60-cı illərinin sonlarından başlayaraq müəyyən edilən siyasi kurs doğma dilimizin günbəgün saflaşmasına, zənginləşməsinə və inkişaf etməsinə şərait yaratdı.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Mönbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan respublikasının rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub və bu sahədə qısa müddət ərzində misilsiz nəticələr əldə edib: “Hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə Ulu Öndər Heydər Əliyev həqiqətən tarixi əhəmiyyət kəsb edən vacib məsələlərin həllinə, o cümlədən Azərbaycan dilinin qorunub-saxlanmasına, inkişafına və nəhayət dövlət dili statusu almasına nail olub. Məhz Heydər Əliyevin mislisiz səyləri nəticəsində ana dilimizin bu ali statusu Azərbaycan SSR-in Konstitusiyasında və digər müvafiq qanunvericilik aktlarında öz əksini tapıb. Bununla da Moskvanın kəskin etirazlarına baxmayaraq, respublikamızda rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib. Ümummilli Lider Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində fəal və ardıcıl şəkildə həyata keçirdiyi dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında olan ən böyük tarixi xidmətlərindən biri oldu. Həmçinin Ulu Öndərin səyləri ilə həmin dövrdə respublikada Azərbaycandilli təhsilin və maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib. Azərbaycan dilində mətbuatın, elm və mədəniyyətin tərəqqisi üçün mühüm tədbirlər həyata keçirilib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları Azərbaycan dilində nəşr edilib. Ən əsası, Ümummilli Liderimiz özü bütün rəsmi və qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilində danışmaqdan çəkinməyərək, ana dilimizə verdiyi yüksək dəyəri hər zaman vurğulayıb, dilimizin ictimai-siyasi mövqeyinin yüksəlməsinə zəmin yaradıb.”

Daha sonra S.Möhbalıyev artıq müstəqillik illərində ana dilimizin qorunması və inkişafı üçün Ulu Öndərin atdığı addımların əhəmiyyətini vurğulayaraq bunları deyib: “Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dil məsələsi yenidən gündəmə gəldi. Ana dilinin böyük təəssübkeşi olan Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 31 oktyabr – 11 noyabr 1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və yekdilliklə müstəqil Azərbaycan Respublikasının dövlət dili olara Azərbaycan dili qəbul edildi. Beləliklə, 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili elan etdi. Bütün bunlarla yanaşı, Ümummilli Lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirdi. Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Fərmandan irəli gələn tələblərə uyğun olaraq ölkə ərazisində yaşayan hər kəs, bütün Azərbaycan vətəndaşları doğma dilimizi öyrənməli, bütün dövlət sənədləri bu dildə aparılmalıdır. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bir mühüm məqamı da qeyd etmək lazımdır ki, 2 yanvar 2003-cü ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanunu”nun qəbul edilməsi dilimizin inkişaf etdirilməsi istiqamətində Ümummilli Liderin atdığı mühüm tarixi addımlardan biri oldu. Beləliklə, Ulu Öndər Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi kimi tarixi missiyasını da bütünlüklə həyata keçirmiş oldu. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin əsasını qoyduğu dövlət dili siyasətini müasir dövrün tələblərinə uyğun formatda inkişaf etdirərək uğurla davam etdirir. Möhtərəm dövlət başçımız tərəfindən bu xüsusda imzalanmış sərəncam və fərmanların geniş əhatə dairəsi ana dilimizin zənginləşməsinə və tətbiq dairəsinin daha da genişlənməsinə əvəzsiz töhfələr verir. Buna misal olaraq, Azərbaycan dilində əvvəllər çap edilmiş dünya və Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələrinin latın qrafikalı əlifba ilə yenidən nəşr edilməsini təmin edəcək Sərəncamı nümunə kimi göstərmək olar. Ölkə Prezidenti cənab İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı bu sahədə yarana biləcək boşluğu aradan qaldırdı və eyni zamanda da əlifba ilə bağlı ortaya çıxan digər texniki problemləri həll etdi. Öz çıxışlarının birində Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”. Cənab Prezident İlham Əliyev tərəfindən 2018-ci il noyabrın 1-də imzalanmış “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman da ölkəmizdə ana dilimizə dövlət qayğısının ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-07-2025