Mobil versiya
Qlobal parlament əməkdaşlığında Azərbaycanın mövqeyi daha da möhkəmlənir - DEPUTAT
Tarix: 29-07-2025 | Saat: 18:15
Bölmə:Siyasət | çapa göndər

Qlobal parlament əməkdaşlığında Azərbaycanın mövqeyi daha da möhkəmlənir

Məşhur Məmmədov,
Millət vəkili


İyulun 29-da İsveçrənin Cenevrə şəhərində keçirilən Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Hazırlıq Komitəsinin yekun iclası beynəlxalq parlament diplomatiyası baxımından mühüm hadisə kimi yadda qaldı. Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarovanın bu toplantıda iştirakı ölkəmizin qlobal parlament platformalarında fəal və prinsipial mövqe tutduğunu bir daha təsdiqlədi.

Hazırlıq Komitəsinin iclasında Parlamentlərarası İttifaqın müxtəlif coğrafi qruplarından seçilmiş parlament sədrləri iştirak edib. Bu isə onu göstərir ki, parlamentlərarası dialoq bu gün beynəlxalq münasibətlərin formalaşmasında və çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır.

Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson tədbirin gündəliyini təqdim edərkən bildirib ki, Parlament Sədrlərinin 6-cı Dünya Konfransına 120-dən artıq nümayəndə heyətinin, o cümlədən 102 ölkənin parlament sədrinin qatılması gözlənilir. Bu, qlobal problemlərin müzakirəsi və ortaq həll yollarının tapılması baxımından parlamentlər üçün misilsiz fürsətdir.

Milli Məclisin sədri Sahibə Qafarovanın fəal iştirakı və təşəbbüsləri Azərbaycan parlamentinin beynəlxalq nüfuzunun artmasına xidmət edir. Bu kontekstdə əminliklə qeyd etmək istəyirəm ki, parlamentlərarası platformalarda Azərbaycanın mövqeyinin ardıcıl şəkildə müdafiə olunması, beynəlxalq hüquqa, dövlət suverenliyinə və ədalətə əsaslanan çağırışların səsləndirilməsi ölkəmizin diplomatik xəttinin tərkib hissəsidir. Milli Məclisin sədri bu sahədə üzərinə düşən missiyanı yüksək peşəkarlıqla yerinə yetirir. Biz çalışmalıyıq ki, həm daxildə qanunvericilik təşəbbüslərimizlə, həm də beynəlxalq təmaslarda Azərbaycanın haqq səsini dünyaya çatdıraq.
Qloballaşan dünyada tələblər də dəyişir. Müasir dövrdə qanunverici orqanların xarici siyasətdə rolu artmaqdadır.
Artıq diplomatiya təkcə hökumətlərarası deyil, eyni zamanda parlamentlərarası dialoqa əsaslanır. Xüsusilə Cənubi Qafqazda yaranmış yeni reallıqlar fonunda Azərbaycan parlamenti regional əməkdaşlıqda fəal aktora çevrilməlidir. Bu baxımdan Cenevrədə keçirilən iclas Azərbaycanın maraqlarına xidmət edən vacib beynəlxalq platformadır.
Parlament Sədrlərinin 6-cı Dünya Konfransına hazırlıq prosesi bir daha göstərdi ki, Azərbaycan qlobal səviyyədə dialoq tərəfdarıdır, beynəlxalq hüquqa əsaslanan və ədalətli yanaşmanı dəstəkləyir. Ölkəmizin bu sahədəki aktivliyi, xüsusilə parlament rəhbərliyinin beynəlxalq platformalarda təşəbbüskar rolu, Azərbaycanın siyasi iradəsinin və sabit mövqeyinin göstəricisidir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-07-2025