Mobil versiya
Göydəniz Qəhrəmanov: “Azərbaycan xalqı erməni vəhşiliklərini heç zaman unutmayacaq”
Tarix: 27-03-2025 | Saat: 17:37
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Göydəniz Qəhrəmanov: “Azərbaycan xalqı erməni vəhşiliklərini heç zaman unutmayacaq”

“Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan ərazilərində məskunlaşdırıldıqdan sonra keçən təxminən ilk 100 il ərzində ermənilər xarici himayədarlarının köməyi ilə bir çox ərzilərimizdə demoqrafik tərkibin öz xeyirlərinə dəyişməsinə nail oldular. Bu isə Azərbaycan torpaqlarında ilk erməni dövlətinin yaradılmasına yol açdı. Bu dövlət yaranandan sonra dərhal öz ərazilərini qonşu ölkələrin və ilk növbədə əlbəttə ki, Azərbaycanın hesabına böyütməyə başladı. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində uydurma “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. O cümlədən, Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Daha sonra deputat ermənilərin azərbaycanlılara qarşı iki əsr ərzində davamlı olaraq həyata keçirdikləri soyqırımı siysətinin dəhşətli nəticələrinin bu gün də aşkar edildiyini vurğulayaraq bunları deyib: “Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qoyulmuşdur. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirərək Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər. Bu hadisələr zamanı qətlə yetirilənlərin sayı on minlərlə ölçülür. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar Şamaxı hadisələri ilə bağlı bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub. Həmçinin Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə da ıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Erməni vəhşiliyin qorxunc təzahürlərindən biri də Qubada aşkarlanan kütləvi məzarlıqda tapılmış insan cəsədlərinin vəziyyətlərində öz əksini tapıb. Məsələ bundadır ki, bu cəsədlərə aid kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb.”

Fikirlərini davam etdirən G.Qəhrəmanov bu gün bütün dünyada 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün tanınması və qəbul edilməsi istiqamətində dövlətimiz tərəfindən aparılan işlərin son dərəcə böyük əhəmiyyətini qeyd edib: “Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir. Bu gün də dünyada Azərbaycanlıların Soyqırımı Gününün tanınması və qəbul edilməsi istiqamətində dövlətimiz tərəfindən böyük işlər görülür. Ölkə Prezidenti cənab İlham Əliyev 2013-cü ildə Qubada Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.” Azərbaycan xalqı erməni vəhşiliklərini heç zaman unutmayacaq və bu cinayətləri törədənlər mütləq öz cəzalarını alacaqlar” – deyə, millət vəkili fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə