Mobil versiya
Əziz Ələkbərli: “31 Mart qırğını erməni faşizminin qəddarlıq mahiyyətindən xəbər verir”
Tarix: 30-03-2025 | Saat: 11:26
Bölmə:Manşet / Siyasət / Özəl / Gündəm / Seçilənlər-9 | çapa göndər

Əziz Ələkbərli: “31 Mart qırğını erməni faşizminin qəddarlıq mahiyyətindən xəbər verir”

1813-cü ildən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər az müddət sonra bölgəni, sözün əsl mənasında, “qan çanağı”na çevirdilər. Ermənilərin “böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar Azərbaycan türklərinə qarşı kütləvi qətllərin və soyqırımı aktlarının reallaşması ilə nəticələndi.
İndiyədək dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən dərk olunub pislənilməməsi və qarşısının alınmasına cəhd göstərilməməsi nəticəsində 1905-ci ildən başlayaraq Azərbaycan torpaqlarının ilhaqını davam etdirən erməni qəsbkarları XX əsrin sonunda, sivilizasiyalı dünyanın gözünün qabağında bütün insanlığa silinməz ləkə olan dəhşətli cinayət və vəhşilik törətmişlər. Xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən biri də, xüsusi qəddarlığı ilə yadda qalan 1918-ci il martın 31-dən başlayaraq aprel aynın ilk günlərində Bakı Kommunasının mandatı altında daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində törədilmiş kütləvi qırğınlar olub. Aprelin 3-nə qədər davam edən qırğınlar Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin sadəcə bir hissəsidir.”
Bu sözləri millət vəkili, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli aia.az-a verdiyi müsahibəsində söyləmişdir.


Millət vəkili qeyd etmişdir ki, “Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər.
Erməni silahlı dəstələri Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kəndi yerlə yeksan ediblər. Andronikin quldur dəstələrinin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı nəticəsində Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə öldürülüb, yaxud öz dədə–baba torpaqlarından qovulub. Bir çox milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və digər abidələr dağıdılıb.”
Əziz Ələkbərli bildirib ki, “Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da Şamaxı hadisələri ilə bağlı bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Aparılmış tədqiqatlar sübut edib ki, ermənilər dinc əhaliyə divan tutan zaman odlu silahdan istifadə etməyiblər. Çünki Qubada aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb. Bu faktlar erməni faşizminin və vandallığının ən bariz nümunəsidir.”
Əziz Ələkbərli baş vermiş faciələrin araşdırılması, tarixi həqiqətlərə düzgün siyasi qiymət verilməsi məsələsinə toxunaraq deyib: “İki dəfə – 1919-cu və 1920-ci ilin mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi olub. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra həmin proses dayandırılıb, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra – 1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
Quba Soyqırımı Memorial Kompleksinin açılışı mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Sovet dövründə təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, – onların da mənfur adları orada göstərilir, – Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-04-2025