Mobil versiya
Novruzəli Aslanov: “Somalili gənclərin universitetlərimizdə təhsil almaq imkanı bu ölkənin iqtisadi inkişafına mühüm töhfə olacaq”
Tarix: 13-02-2025 | Saat: 18:01
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Somalili gənclərin universitetlərimizdə təhsil almaq imkanı bu ölkənin iqtisadi inkişafına mühüm töhfə olacaq”

“Somali Prezidenti Hasan Şeyx Mahmudun fevralın 12-də Azərbaycana etdiyi rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə keçidi istiqamətində atılmış mühüm addımdır. Səfər çərçivəsində imzalanmış sazişlər Somaliyə Azərbaycanın təcrübəsindən istifadə etmək üçün strukturlu çərçivə rolunu oynayır. Bugünkü əməkdaşlıq ölkələrimiz arasında möhkəm iqtisadi və diplomatik münasibətlərin əsasını qoyur. Diqqətəlayiq haldır ki, Somali Azərbaycanın enerji, infrastruktur, təhlükəsizlik və təhsil sahələrində liderliyini yüksək qiymətləndirir. Cənab Prezident İlham Əliyevin səfərlə bağlı mətbuata bəyanatla etdiyi çıxışında qeyd olunub ki, müzakirə edilən sahələr sırasında ən vaciblərindən biri məhz təhsil sahəsidir. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlərimiz var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Yeni imzalanmış sənəd isə, onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək. Qeyd etmək lazımdır ki, belə yanaşma növbəti dəfə Azərbaycan dövlətinin və şəxsən cənab Prezident İlham Əliyevin yüksək insansevərliyindən, mənəvi dəyərlərə qarşı həssaslığından xəbər verir.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən millət vəkili həmçinin belə bir vacib məqamı da vurğulayıb ki, ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlıq haqqında imzalanmış sənəd xüsusi əhəmiyyət kəsb edir: “Məlum olduğu kimi, fevralın 12-də Azərbaycan ilə Somali arasında imzalanmış mühüm sənədlərdən biri də “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş” oldu. Öz çıxışında cənab Prezident bu sahədə əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edərək bildirdi ki, Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal etməklə, güclü müdafiə sənayesi potensialını yaradıb. Həmin avadanlıq həm özümüzə lazımdır, həm də müasir müdafiə avadanlığına ehtiyacı olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır. Bu sahədə əməkdaşlığı ən yüksək səviyyədə qurmaq məqsədilə Somali Prezidenti Azərbaycanın müdafiə imkanlarının, o cümlədən müdafiə sənayesinin bəzi elementləri ilə tanış edilib. Eləcə də nümayəndə heyətlərinin görüşü zamanı bu imkanlar müzakirə edilib. Möhtərəm dövlət başçımız həmçinin təlimlərin keçilməsi perspektivlərindən bəhs etdi. Əlbəttə ki, hərbçilərimizin İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı zamanı nümayiş etdirdikləri yüksək peşəkarlıq bu gün istənilən ölkənin ordusu üçün örnək ola bilər. Beləliklə, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığın mühüm sahələrindən biri ola bilər” – deyə, Novruzəli Aslanov fikirlərini başa çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-02-2025