Mobil versiya
Könül Nurullayeva: "Azərbaycanla münasibətlərin inkişafı Somalinin suverenliyinin qorunmasında da mühüm rol oynayır"
Tarix: 13-02-2025 | Saat: 11:47
Bölmə:Manşet / Siyasət | çapa göndər

Könül Nurullayeva: "Azərbaycanla münasibətlərin inkişafı Somalinin suverenliyinin qorunmasında da mühüm rol oynayır"

Somali Prezidentinin ölkəmiz səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açır. Məlumdur ki, bu, ölkəmizə ilk səfərdir. Somali müsəlman ölkəsidir, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Eyni zamanda İƏT-də Azərbaycan ərazilərinin işğalına dair vaxtilə fəaliyyət göstərən kontakt qrupun üzvü olub. Qardaş Türkiyə ilə də yüksək səviyyəli münasibətləri mövcuddur. Belə ki, 2017-ci ildə Türkiyə Somali təhlükəsizlik qüvvələrinin təlim keçdiyi Moqadişuda ən böyük xaricdəki hərbi bazasını açıb. Əməkdaşlıq çərçivəsində Türkiyə, həmçinin Somalidə məktəblər, xəstəxanalar və infrastruktur inşa edib, yerli əhaliyə Türkiyə universitetlərində təhsil almaq üçün təqaüdlər ayırıb.

Ümumiyyətlə, təbii resurslarla zəngin, eyni zamanda uzun illər müstəmləkəçilikdən əziyyət çəkən Afrika qitəsində Azərbaycan böyük nüfuza malikdir. Çünki rəsmi Bakının gündəliyi hər zaman açıq olub və ölkəmiz bütün tərəfdaşlara səmimi dostluq, əməkdaşlıq təklif edir. Eyni zamanda Azərbaycan Fransa və digər ölkələrin müstəmləkə siyasətinə qarşı mübarizə aparan, Afrika dövlətlərini hər zaman dəstəkləyən azsaylı ölkələrdən biridir.
Səfər zamanı imzalanmış sənədlər ikitərəfli əlaqələrin gələcək inkişafı üçün baza rolunu oynayır. Prezident İlham Əliyev bu səfərin ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacağını bildirdi.

Səfər Bakı və Moqadişuya qarşılıqlı investisiya potensialını dəyərləndirməyə imkan yaratdı. Eyni zamanda ölkələrimiz arasında müdafiə əməkdaşlığı da əsas istiqamətlərdən bidiridir. Bakıda bir daha bəyan olundu ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığın mühüm sahələrindən biri olacaq.

Azərbaycanın inkişaf modeli Afrika ölkələri üçün maraqlıdır. Elə ölkəmizdə səfərdə olan Somali Prezidenti Hasan Şeyx Mahmud da bu səfəri ikitərəfli münasibətlərdə yeni eranın başlanğıcı kimi qiymətləndirdi. “Bu səfər, sadəcə, diplomatik əməkdaşlıq deyil. Bu, həqiqətən iki qardaş ölkələrimiz arasında tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcı deməkdir. Somali və Azərbaycanın inkişaf, təhlükəsizlik və tərəqqi ilə bağlı baxışları üst-üstə düşür” deyən H.Ş.Mahmud sovetlər birliyi dağıldıqdan sonra Azərbaycanın qazandığı uğurlu təcrübənin ölkəsi üçün maraqlı və faydalı olduğunu etiraf etdi.

Somali Prezidenti həmçinin bildirdi ki, Azərbaycan Somaliyə Afrikanın inkişaf edən bazarlarına, xüsusilə də ticarət və logistika sahələrində qapı kimi baxa bilər. Somalinin Hind okeanında və Qırmızı dənizdə strateji olaraq yerləşməsi ölkələrimiz üçün iqtisadi faydaların paylaşıla və araşdırıla biləcəyi qiymətli strateji ərazidir.

Bir sözlə, Azərbaycanla münasibətlərin inkişafı Somalinin suverenliyinin qorunmasında da mühüm rol oynayır.

Könül Nurullayeva,
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-02-2025