Mobil versiya
Eltun Süleymanov: “ Unudulmayacaq faciə, qan yaddaşımıza yazılmış Xocalı soyqırımıdır.”
Tarix: 28-02-2024 | Saat: 14:52
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “ Unudulmayacaq faciə, qan yaddaşımıza yazılmış Xocalı soyqırımıdır.”

“Zaman bütün yaraları sağaldır, amma Xocalı yarası sağalmır ki, sağalmır. Ona görə Xocalı yarası cağalmır ki, bu yara cismani yara deyildir. Bu yara ideoloji yaradır, bu coyqırımdır. Vəhşilikdir, bəşəriyyətin dərk edə bilmədiyi, vəhşi heyvanların edə bilmədikləri vəhşilikdir.
Sağalmayan yaramız olan Xocalı faciəsindən artıq 32 il ötür... 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin dəhşətlərini isə sözlə ifadə etmək qeyri-mümkündür. İllər keçsə də, namərd düşmənimizin vurduğu yara sağalmayacaq. Hər il balacasından tutmuş böyüyünə qədər hər bir Azərbaycan vətəndaşı həmin günü hüznlə yad edir, dünyanın harasında yaşamasından asılı olmayaraq Xocalı qurbanlarının ruhuna dualar oxuyur.
Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirildi, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. Nəticədə, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Bundan başqa, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər girov götürüldü. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur."

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, Xocalı şəhərinin azad edilməsi və yenidənqurma işlərinin başa çatmaqda olması imkan verir ki, artıq bu şəhərdə o tarixi faciənin bütün elementlərini özündə əks etdirən monumental bir abidə ucaldılsın. Məhz bu məqsədlə fevralın 26-da ölkə başçısı cənab İlham Əliyev Xocalıda olmuş, Xocalı soyqırımına həsr edilmiş memorial kompleksin təməlini qoymuşdur. Daha sonra Xocalı sakinləri qarşısında çıxış edən cənab prezident indiyə qədər bu abidənin qoyulmasının təxirə salınmasına aydınlıq gətirərək demişdir: “Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq. Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir.”

Eltun Süleymanov qeyd edib ki, belə bir möhtəşəm abidənin qoyulması Xocalı qurbanlarının xatirəsinə olan sonsuz hörmətin ifadəsidir. Cənab Prezident bu günahsız qurbanların xatirəsini əziz tutur və belə bir abidənin qoyulmasını dəstəkləməklə bir daha bu faciənin heç vaxt unudulmayacağı mesajını verir: “Biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Yenə də deyirəm, biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq, onları məhv etdik, Ermənistan ordusunu məhv etdik və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdik.”
Qeyd edək ki, memorialın tikintisi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının davamı kimi belə bir möhtəşəm abidənin qoyulması bir daha göstərir ki, qan yaddaşımıza yazılmış bu tarixi faciə heç vaxt unudulmayacaq. Cənab Prezidentin qeyd etdiyi kimi “hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024