Mobil versiya
X Qlobal Bakı Forumu dünyanı düşündürən problemlərin həlli yollarının tapılmasına öz səmərəsini verəcək
Tarix: 14-03-2023 | Saat: 19:54
Bölmə:Seçki 2024 | çapa göndər

X Qlobal Bakı Forumu dünyanı düşündürən problemlərin həlli yollarının tapılmasına öz səmərəsini verəcək

Məlum olduğu kimi, Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin təşkil etdiyi Qlobal Bakı forumları artıq xoş ənənəyə çevrilməkdədir. Qətiyyətlə demək olar ki, bu ənənə Azərbaycanın beynəlxalq aləmə ünvanlanmış qlobal təqdimatıdır – sülhün, humanizmin, insanpərvərliyin, inkişafın, tərəqqinin təqdimatı. Bu təqdimatda keçmişə dərin ehtiram, gələcək üçün böyük ümid və ruh yüksəkliyi var.  Dünyanın son dərəcə çətin transformasiyalar dövrünü yaşadığı, qloballaşmanın ayrı-ayrı cəmiyyətlərin ahənginə təsir göstərdiyi hazırkı dünya düzənində belə bir ali missiya daşıyan forumun keçirilməsi, orada sabitlik və əminamanlıq çağırışlarının səslənməsi Prezident İlham Əliyevin də bildirdiyi kimi, bütövlükdə, bəşəriyyətin gündəliyini təşkil etməkdədir. 
Qeyd edək ki, Azərbaycanın dövlət başçısı mötəbər toplantıdakı çıxışında özünün son bir neçə ayda iştirak etdiyi Davos İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi nəhəng diskussiya platformalarının adını çəkməklə, Qlobal Bakı Forumunun onlara bərabər miqyasını da vurğulamış oldu. Prezident tədbirin iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialının aparıcı beynəlxalq konfranslara uyğunluğunu da məhz buna görə vurğuladı. X Qlobal Bakı Forumuna 60-dan çox ölkədən 350-dən artıq iştirakçı qatıldı. Bu rəqəmlər toplantının arealının kifayət qədər genişliyindən xəbər verməkdədir. Orada müzakirə olunan məsələlərə gəlincə, əminliklə bildirmək mümkündür ki, forum dünya ictimaiyyətinə mesaj baxımından istər Davos İqtisadi Forumundan, istərsə də Münxen Təhlükəsizlik Konfransından heç nə ilə fərqlənmirdi. Bu iki platforma kimi, o da beynəlxalq münasibətlər üzrə yeni yanaşmaların tətbiqini stimullaşdırma, mövcud istiqamətdə dəyərli tövsiyələrin səslənmə meydanı idi. Sevindirici və qürurverici haldır ki, belə bir meydanın sahibi Azərbaycandır.  Əlbəttə, meydanın dahi Azərbaycan mütəfəkkiri Nizami Gəncəvi fəlsəfəsinin, yaradıcılığının bəşəri mahiyətinin təbliğini rəhbər tutmuş Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən formalaşdırılması da xüsusi vurğulanmalı məqamdır. Bəli, Azərbaycan Nizami fövqəltəbiiliyini, onun ruhunu bəşəriyyətin ideya katalizatoru qismində təqdim etməkdədir. Nizami irsinə sahiblənməyin bundan gözəl nümunəsi yoxdur. Bu yerdə Azərbaycan Prezidentinin forumdakı çıxışı zamanı dilə gətirdiyi və son dərəcə səmimi notlarla ifadə etdiyi fikirlərini xatırlayaq: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə adını daşıdığı dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə və irsinə olan dərin hörmətlə bağlı təşəkkürümü bildirmək istəyirəm. Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olunub. Onun müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir”.  Təbii, Nizami müdrikliyi Azərbaycan xalqının müdrikliyinin təcəssümüdür. Müdrik xalq Bakı forumu vasitəsilə özünün dünyaya baxış bucağını göstərir. Beynəlxalq ictimaiyyət bu baxış bucağının zənginliyinə şahidlik edir. Mövcud zənginlikdə ölkəmizin qlobal problemlərə həssas yanaşması dayanır. Təsadüfi deyil ki, dövlətimizin başçısı COVID-19 pandemiyasından söz açır, insanlığı təhdid edən bəla ilə mübarizədə Azərbaycanın rolunu qabardır.  “Soyuq müharibə”nin bitməsindən sonra baş vermiş ən ciddi Şərq–Qərb qarşıdurmasının yaşandığını vurğulayan Prezident İlham Əliyev özünün parlaq düşüncələri ilə yaranmış ziddiyyətlər nəticəsində dünyadakı prinsiplərin sıradan çıxmağa doğru getməsindən, bir növ, həyəcan təbili çalınmasının zəruriliyini diqqətə çatdırır. Nədir həmin prinsiplər? Dövlətimizin başçısı onları da sadalayır: sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığı.  Bəli, yeni dünyanın diktə etdiyi şərtlər Birinci və İkinci dünya müharibələrindən sonra formalaşma və inkişaf dövrü keçmiş düzənin deqredasiyasını doğurmaqdadır. Mövcud proses isə özünün yanaşmaları ilə bir çox hallarda bəşəriyyətin yüz ildən artıq bir müddətdə keçdiyi inkişaf yolunu təhdid etməkdədir. Sual yaranır: bəşəri prinsiplər zamanın amansız şərtlərinin qurbanına çevrilməlidir? Azərbaycan buna yol verməməyin tərəfdarıdır. Qlobal Bakı forumları əldə edilmişlərin itirilməsinin yolverilməzliyinin, necə deyərlər, böyük bəyan platforması kimi diqqət çəkməkdədir.  Əlbəttə, bu yanaşmaya zidd meyillər də gündəmə gətirilməlidir. Axı, qlobal təhdidlərə qarşı beynəlxalq ictimai müqavimətin, immunitetin formalaşdırılması şərtdir. Elə məhz buna görə də Azərbaycan Prezidenti forumdakı çıxışında nəzərləri dünyanın mühüm nöqtəsi sayılan Cənubi Qafqazda sülhə və əminamanlığa təhlükə yaradan aşkar meyilə – erməni separatizminə yönəldir.  Dövlətimizin başçısının Azərbaycanla Ermənistan arasındakı gərginliyi vurğulayan fikirləri yalnız ölkəmizin üzləşdiyi çətinliyin ifadəsi deyil. Hazırda regionda baş verən proseslərin mürəkkəbliyini nəzərə alsaq, cənab İlham Əliyevin Ermənistanın işğalçılığına diqqət çəkməsi, ümumən qəsbkarlıq niyyətlərinin həm bölgə, həm də bütövlükdə, dünya üçün təhdid mahiyyətinin bəyan edilməsidir. Onu da nəzərə alaq ki, Qarabağ məsələsinin özü ədalətsizliyin, beynəlxalq prinsip və normalara aşkar sayğısızlığın adiləşməsinin nəticəsi olaraq meydana çıxmış reallıqdır. Azərbaycan öz ərazilərinin işğalını, vətəndaşlarının məcburi köçkün həyatı yaşamağa məhkumluğunu doğurmuş həmin antibəşəri reallığı gücü, qətiyyəti və iradəsi ilə dəyişdirməyə müvəffəq oldu.  Ölkəmiz bu gün də məhz ədalətin tam şəkildə təcəllisi naminə əzmlə çalışmaqdadır. Lakin dünya Azərbaycanın timsalında çox da uzaq olmayan keçmişin nəticələrini görməlidir. Bu səbəbdəndir ki, Azərbaycan Prezidenti X Bakı Qlobal Forumundakı çıxışında bildirir: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Şuşaya səfər ediblər və orada panel müzakirələr aparıblar. Onlar Füzulidə və Şuşada dağıntıları görüblər və bu, həqiqətən də barbarlıq, urbisid, kultursid, ekosid əlamətidir. Bunu edən bizim qonşularımız olublar”. Qırx dörd günlük müharibə zamanı Azərbaycanın Ermənistandan fərqli olaraq hərbi cinayətlər, soyqırımı törətmədiyini vurğulayan cənab İlham Əliyev, eyni zamanda, ölkəmizin Cənubi Qafqazda dayanıqlı sülhün carçısı olduğunu, sülhün prinsiplərinin Ermənistan tərəfindən dərkinin vacibliyini önə çəkir, iki ölkə arasında vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçıların İrəvanı şansı əldən buraxmamaq üçün dilə gətirəcəklərinə ümid bəslədiklərini diqqətə çatdırır. “Onlar müstəqil ölkə olmaq şansını itiriblər. Onlar tamamilə asılı olan, digər ölkənin və hazırda, ola bilsin, digər ölkələrin müstəmləkəsinə çevriliblər. Beləliklə, onlar bizə qarşı təcavüz səbəbindən, həqiqətən müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar”, - deyən dövlətimizin başçısının fikirləri Ermənistana həm xəbərdarlıqdır, həm də doğru yola çağırış nidasıdır. Elə buna görə də ölkəmizin lideri hazırda İrəvan üçün öz qonşuları ilə qonşu kimi davranmaq şansının yarandığını diqqətə çatdırmaqdadır: “Bir sözlə, biz sülh istəyirik. Biz hər hansı digər müharibəni istəmirik. Hesab edirik ki, sülhə nail olmaq olar. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət, əslində, onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur”. Bəli, X Bakı Forumu həm də dünyanın Azərbaycan önəminin vurğulandığı platformadır. Söhbət enerji önəmindən gedir. Nəzərə alaq ki, Rusiya–Ukrayna müharibəsi məsələni xüsusilə aktuallaşdırmaqdadır. Bakı mövcud situasiyadan yararlanmaqla, eyni zamanda, vacib enerji xabı kimi özünün təhlükəsizlik prioritetini diktə edən tərəfə çevrilməkdədir. Onu da nəzərə alaq ki, bu prioritet, həm də, Azərbaycanın gələcəyi, dövlətçiliyimizin qlobal transformasiyalar şəraitində ayaqda qalmasının təminatıdır. Diqqət yetirək, Azərbaycan Prezidenti bu təminatın statistikasını açıqlayır: “Bu, hazırkı geosiyasi vəziyyəti nəzərə alaraq, Avropa istehlakçılarının təbii qaza çıxışının təmin edilməsində onlara birmənalı olaraq yardım etdi və yardım etməkdə davam edəcək. Biz qaz yataqlarımıza sərmayələrimizi artırmışıq. Hazırda isə görürük və nəinki görürük, biz, hətta, ixrac boru kəmərlərinin genişləndirilməsi üzərində işləyirik. Cənub Qaz Dəhlizi istismara verildi. Boru kəmərinin sonuncu hissəsi 2020-ci il dekabrın 31-də istismara verildi. Hazırda iki ildən bir az çox vaxt keçir və biz sistemi genişləndirməliyik – TANAP-ı 16-dan 32 milyard kubmetrə, TAP-ı isə 10-dan 20 milyard kubmetrə. Bu, sırf Avropada artan tələbatla bağlıdır. Belə olmasaydı, biz sərmayə qoymazdıq. Rusiya-Ukrayna müharibəsi başlanandan sonra biz qaz təchizatı və ya onun artırılması ilə bağlı 10-dan artıq Avropa ölkəsindən müraciət almışıq və onun üzərində işləyirik. Təsadüfi deyil ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Bu, elə bir haldır ki, biz hər zaman etibarlı tərəfdaş olmuşuq”. Dövlətimizin başçısının söylədikləri həm də IX Bakı Qlobal Forumundan ötən müddətdə Azərbaycanın inkişafının, belə demək mümkünsə, rəqəmli izahıdır. Bu izahat forumun müəyyənləşdirdiyi ideya və prinsiplərinin dayanıqlılıq faktorudur. Başqa sözlə desək, ölkəmiz nə qədər inkişaf edəcəksə, dünya da onun inkişafından faydasını götürəcəkdir. Bu proses əvvəldə haqqında söz açdığımız bəşəri dəyərlərə xidmət amalıdır, nəinki Azərbaycanın, bütövlükdə, bəşəriyyətin gələcəyinin təminatıdır. Prezident İlham Əliyev də elə bunu vurğulayır: Əminəm ki, proqrama daxil olan bu və ya digər mövzularla bağlı kifayət qədər maraqlı müzakirələr olacaq, hər zaman olduğu kimi, qonaqlarımız gələcəyimizi planlaşdırmaq üçün dəyərli ideyalarını və tövsiyələrini verəcəklər. Habelə dünya liderləri üçün də yaxşı tövsiyələr olacaq. Beləliklə, biz dünyamızın daha dinc və təhlükəsiz olmasına töhfə verməyə çalışacağıq.
 
Mətləb Hüseynov,
YAP Göygöl rayon təşkilatı üzrə Kərəmli kənd ərazi partiya təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2024