Mobil versiya
Tarixi təməllər üzərində qurulan strateji tərəfdaşlıq modeli - DEPUTAT
Tarix: 07-05-2025 | Saat: 09:13
Bölmə:Siyasət | çapa göndər

Tarixi təməllər üzərində qurulan strateji tərəfdaşlıq modeli

Məşhur Məmmədov
Milli Məclisin deputatı


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə gözlənilən dövlət səfəri ərəfəsində “Vietnam News Agency” agentliyinə verdiyi əhatəli müsahibə Azərbaycan–Vyetnam münasibətlərinin zəngin tarixi və strateji mahiyyətini bir daha diqqət mərkəzinə gətirmişdir. Bu müsahibə təkcə ikitərəfli əməkdaşlıq formatlarının təhlili deyil, eyni zamanda qarşılıqlı əlaqələrin inkişaf istiqamətləri üzrə siyasi iradənin və praqmatik yanaşmanın bariz ifadəsi olmuşdur.

Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətləri ötən əsrin ortalarına – konkret olaraq 1959-cu ildə Vyetnamın əfsanəvi lideri Prezident Ho Şi Minin Azərbaycan SSR-ə tarixi səfərinə qədər uzanır. Bu səfər sonrakı dövrlərdə ikitərəfli münasibətlərin inkişafında möhkəm zəmin rolunu oynamışdır. Həmçinin, Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama etdiyi səfər iki xalq arasında əlaqələrin genişlənməsinə əvəzsiz töhfələr vermişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü ildə Vyetnama səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin yeni mərhələyə keçidini təmin etmişdir. Bu yüksək səviyyəli qarşılıqlı səfərlər çərçivəsində keçirilmiş görüşlərdə iqtisadi, ticari, enerji, informasiya-kommunikasiya texnologiyaları, maliyyə, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün konkret razılaşmalar əldə edilmişdir. 2015-ci ildə keçirilmiş Birinci Azərbaycan–Vyetnam Biznes Forumu isə bu istiqamətdə reallaşdırılmış mühüm tədbirlərdən biri kimi tarixə düşmüşdür.

İkitərəfli münasibətlərin praktiki əsaslarını gücləndirən mühüm institusional mexanizmlərdən biri kimi Azərbaycan–Vyetnam Hökumətlərarası İqtisadi, Ticarət, Elmi və Texniki Əməkdaşlıq Komissiyası çıxış edir. Bu komissiya iki ölkə arasında mövcud və perspektiv əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və həyata keçirilməsi üçün etibarlı platforma funksiyasını yerinə yetirir. Komissiya çərçivəsində mütəmadi dialoqun təşkili, birgə təşəbbüslərin reallaşdırılması və layihələrin koordinasiyası tərəfdaşlığın davamlılığını təmin edir.

Parlamentlərarası əməkdaşlıq da mühüm istiqamətlərdən biri kimi diqqət mərkəzində saxlanılır. Hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə işçi qrupları, eləcə də Xarici İşlər nazirlikləri xətti ilə aparılan siyasi məsləhətləşmələr, o cümlədən bu ilin aprelində keçirilmiş sonuncu məsləhətləşmələr, qarşılıqlı siyasi əlaqələrin səmərəli və sistemli şəkildə inkişaf etdiyini göstərir.

Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə də Qoşulmama Hərəkatı və Birləşmiş Millətlər Təşkilatında bir-birini dəstəkləyən və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanan münasibətlər nümayiş etdirir. Bu çərçivədə həyata keçirilən əməkdaşlıq beynəlxalq sülh, təhlükəsizlik, suverenlik və inkişaf məsələlərində ortaq mövqelərin irəli sürülməsi baxımından əhəmiyyətlidir.

İqtisadi sahədə əməkdaşlıq dinamik şəkildə inkişaf edir. 2024-cü il üzrə ikitərəfli əmtəə dövriyyəsinin 223,93 milyon ABŞ dolları təşkil etməsi tərəflər arasında iqtisadi-ticari münasibətlərin miqyasını və potensialını əyani şəkildə nümayiş etdirir. Bu göstəricinin artırılması üçün geniş imkanlar mövcuddur və tərəflər bu sahədə qarşılıqlı faydalı təşəbbüslərə açıqdır.

Əməkdaşlıq tarixində neft və energetika sektoru xüsusi yer tutur. Hələ sovet dövründə Azərbaycan mütəxəssislərinin Vyetnamın neft sənayesinin inkişafında oynadığı rol bu gün də yüksək dəyərləndirilir. Məhz azərbaycanlı mütəxəssis Cəlal Məmmədovun “Veso Petrol” birgə müəssisəsinin ilk baş direktoru olması bu tarixi bağlantının parlaq nümunəsidir. 2019-cu ildə SOCAR ilə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” şirkəti arasında imzalanmış müqavilə isə neft sektorunda müasir əməkdaşlığın davamlı xarakter daşıdığını göstərir.

Mədəni, humanitar və təhsil sahələrində əməkdaşlıq iki ölkə arasında xalqlar səviyyəsində qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə xidmət edir. Qara Qarayevin bəstələdiyi “Vyetnam süitası” və Əjdər İbrahimovun Vyetnam kino məktəbinin əsasını qoymaqla ölkənin mədəni həyatına verdiyi töhfələr bir daha göstərir ki, Azərbaycan sənət və təhsil sahəsində də etibarlı tərəfdaşdır. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar layihələr, o cümlədən məktəb tikintisi, bu fondun beynəlxalq miqyasda nüfuzunun və humanist missiyasının göstəricisidir. Fondun vitse-prezidenti Leyla Əliyevanın cari ilin aprelində Vyetnama səfəri çərçivəsində keçirilən görüşlər, verilən dəstək və bağlanmış təşəbbüslər bu istiqamətdə əməkdaşlığın gələcək inkişafına təkan verir.

Təhsil sahəsində əməkdaşlıq münasibətlərin gələcək perspektivləri baxımından xüsusi önəm daşıyır. Sovet dövründə Azərbaycanda təhsil almış minlərlə vyetnamlı mütəxəssis bu gün Vyetnam cəmiyyətində aparıcı mövqe tutur. Müasir mərhələdə isə Azərbaycanın Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün təqdim etdiyi qrantlar və təqaüdlər çərçivəsində vyetnamlı gənclərin ölkəmizdə təhsil almaları üçün münbit şərait yaradılmışdır. Bu akademik mübadilə iki ölkə arasında bilik və elmi-texniki əməkdaşlığın inkişafı üçün mühüm imkanlar açır.

Ölkə rəhbəri Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, Azərbaycan ilə Vyetnam arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir və bu münasibətlər bütün əsas sahələr üzrə - siyasi, iqtisadi, mədəni, humanitar və beynəlxalq müstəvilərdə – uğurla inkişaf edir. İkitərəfli əlaqələrin davamlı və çoxşaxəli inkişafı həm Azərbaycan Respublikasının xarici siyasətində ardıcıl və praqmatik yanaşmanın nəticəsidir, həm də Vyetnamla olan dostluğun qarşılıqlı hörmət və etimada söykənən tarixi köklərə malik olduğunu sübut edir.

Bu baxımdan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün yeni imkanlar açacaq və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəkdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2025