Mobil versiya
Müdrik Ali Baş Komandan Laçını qan tökmədən işğaldan azad etdi
Tarix: 26-08-2022 | Saat: 21:01
Bölmə:Seçki 2024 | çapa göndər

Müdrik Ali Baş Komandan Laçını qan tökmədən işğaldan azad etdi

Bu gün, 2022-ci ilin avqust ayının 26-sı Azərbaycanın tarixinə ən əlamətdar günlərdən biri kimi düşdü. Məhz bu gün biz Laçın şəhərinə artıq əbədi olaraq qayıtdıq.

İki il bundan öncə Ölkə Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. 2020-ci il sentyabr ayının 27-də Ermənistanın silahlı qüvvələrinin növbəti təxribatlarının qarşısını almaq və Vətən torpaqlarını işğaldan azad etmək məqsədilə Azərbaycan Ordusunun başladığı hərbi əməliyyatlar tez bir zamanda geniş miqyas alaraq Vətən müharibəsinə çevrildi. Əslində bu müharibənin nə ilə nəticələnəcəyi ilk gündən məlum idi. Dövlət başçımızın müdrik uzaqgörənliklə həmin tarixi günə qədər ötən illər ərzində həyata keçirdiyi əhatəli və effektiv hazırlıq işlərinin nəticəsi olaraq Azərbaycan istər hərbi potensialına, istər iqtisadi gücünə, istərsə də ölkədə hökm sürən ictimai-siyasi şəraitin əlverişliliyinə görə Ermənistanı qat-qat üstələyirdi. Erməni işğalçıları bu dəfə də dünyada olan havadarlarının dəstəyinə, Azərbaycana ediləcək təzyiqlərə və hətta əgər mümkün olarsa üçüncü tərəf kimi hansısa digər ölkələri münaqişəyə cəlb edə biləcəklərinə ümid edirdilər. Lakin bu dəfə onlar çox ciddi şəkildə yanılmışdılar. Artıq nə zaman ötən əsrin 90-cı illərinin əvvəli, nə də Azərbaycan səriştəsiz rəhbərlik tərəfindən xaosa doğru sürüklənən ölkə deyildi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə davamlı inkişaf yoluna qədəm qoymuş Azərbaycan bütün bu illər ərzində həm iqtisadi gücünü və hərbi qüdrətini kifayət qədər artırmış, həm də dünyadakı mövqeylərini xeyli möhkəmləndirmişdi. 2020-ci ilin 8 noyabrında Şanlı Ordumuzun qəhrəman hərbçiləri alınmaz qala hesab edilən Şuşanı indiyədək hərb tarixində misli görünməmiş əməliyyat keçirməklə düşməndən azad etdilər. Bundan sonra düşmən özünün faktiki kapitulyasiya aktı olan tarixi 10 noyabr Üçtərəfli Bəyannaməsini imzalamağa məcbur oldu.

Qeyd etmək lazımdır ki, məhz Şuşanın azad olunması hərbi əməliyyatların Azərbaycan üçün ən əlverişli şərtlərlə başa çatmasını təmin etdi. Belə ki, Şuşanın azad olunmasından dərhal sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən daha 72 yaşayış məntəqəsi və strateji əhəmiyyətli yüksəkliklə ildırım sürətilə azad olundu. Bu irimiqyaslı həmlələr düşmənin həm fiziki, həm də mənəvi cəhətdən darmadağın olmasına səbəb oldu. Bundan cəmi bir gün sonra Müzəffər Ordumuzun qarşısında duruş gətirə bilməyən Ermənitan təslim oldu. Noyabr ayının 9-dan 10-na keçən gecə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Azərbaycanın maraqlarına tam cavab verən bu sənəd faktiki olaraq Ermənistanın kapitulyasiya aktı oldu. Bu sənədin imzalandığı an hələ də işğal altında olan digər rayonlarımız - Ağdam, Laçın, Kəlbəcər rayonları artıq Üçtərəfli bəyannamənin şərtlərinə görə qan tökülmədən özümüzə qaytarıldı. Bu isə bir daha Ölkə Prezidenti cənab İlham Əliyevin insanlarımızın, əsgərlərimizin həyatını hər şeydən daha üstün tutduğunu aydın şəkildə göstərir.

Bu gün Azərbaycanın irəli sürdüyü təşəbbüslər, o cümlədən Ermənistan hökumətinə ünvanlanan mesajlar Cənubi Qafqazda regional sülhün, sabitliyin və davamlı inkişafın bərqərar olması üçün ən optimal təkliflər kimi dəyərləndirilməlidir. Vətən müharibəsinin başa çatmasında sonra keçən iki il ərzində Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan işğaldan azad edilmiş ərazilərin yenidən dirçəldilməsi istiqamətində möhtəşəm işlər görüb. Bu gün Azərbaycan yeni regional geosiyasi və geostrateji reallıqların müəllifi olaraq öz gələcəyini özü qurur. Heç bir şübhə yoxdur ki, bu günə qədər dövlətimiz tərəfindən bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də eyni effektivliklə təmin ediləcək. Təbii ki, heç bir kənar dövlətin, xüsusən də Ermənistanın mövqeyi Azərbaycanın planlarına təsir edə bilməz. Bu ilin avqust ayının 3-də ordumuz tərəfindən keçirilmiş “Qisas” əməliyyatı da bunu bir daha sübut etdi. Bununla belə ölkəmiz Vətən müharibəsinin nəticələri kimi yaranmış yeni regional reallıqlar fonunda ortaya çıxan iqtisadi inkişaf perspektivlərindən bütün qonşu ölkələrin yararlanmasının tərəfdarıdır. Məhz bu səbəbdən də Prezident İlham Əliyev mütəmadi olaraq Ermənistan rəhbərliyinə Azərbaycanla münasibətlərini normallaşdırmaq istiqamətində konkret addımlar atılmasının zəruriliyini vurğulayan mesajlar ünvanlayır. Məsələ bundadır ki, yalnız rəsmi İrəvanın ilk növbədə Azərbaycanla sülh müqaviləsini imzalamasından, sərhədlərin müəyyən edilməsi və tanınması kimi beynəlxalq hüquqi aktların təsdiq olunmasından, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün rəsmən tanınmasından sonra bu ölkənin regional layihələrdə iştirakı müzakirə mövzusu ola bilər. Buna qədər Ermənistan Azərbaycana və Türkiyəyə qarşı hər hansı ərazi iddialarından əl çəkməli, mehriban qonşuluq əlaqələrinin yaradılmasına ciddi səylər göstərməlidir.

Pərviz Xaspoladlı,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqının Laçın rayon komitəsinin sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2024