Mobil versiya
Eltun Süleymanov: "Müasir dövrdə mətbuat milli maraqların qorunması, cəmiyyətin maariflənməsi və dövlətçilik ənənələrinin təbliği baxımından əvəzsiz missiya daşıyır"
Tarix: 17-07-2025 | Saat: 10:16
Bölmə:Manşet / Siyasət | çapa göndər

Eltun Süleymanov: "Müasir dövrdə mətbuat  milli maraqların qorunması, cəmiyyətin maariflənməsi və dövlətçilik ənənələrinin təbliği baxımından əvəzsiz missiya daşıyır"

Ulu Öndər Heydər Əliyev demişdir: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” Azərbaycan milli mətbuatının təməlini qoymuş “Əkinçi” qəzeti 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayaraq həm milli özünüdərkin, həm də maarifçilik hərəkatının əsas aparıcı qüvvəsinə çevrildi. Cəmi 56 nömrəsi çıxsa da, “Əkinçi”nin azad fikir, milli oyanış və tərəqqi ideyalarını yaymaqda rolu əvəzsiz oldu. Çar Rusiyasının senzurası səbəbindən qapadılan “Əkinçi”nin qısa, amma zəngin ömrü Azərbaycan xalqının milli oyanış salnaməsində əbədi həkk olundu.

Bu sözləri aia.az-a açıqlamasında ictimai fəal Eltun Süleymanov deyib.

Müsahibimiz deyib ki, 1875-ci ildən sonra “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar anadilli mətbuatın yeni mərhələsini başlatdı. Onların səhifələrində xalqın maariflənməsi, milli şüurun yüksəldilməsi və istiqlal məfkurəsinin yayılması istiqamətində geniş təbliğat işi aparıldı. Mətbuat həm də Azərbaycan ədəbi dilinin inkişafına, ictimai fikrin formalaşmasına əhəmiyyətli töhfələr verdi. Rus dilində nəşr edilən “Kaspi” qəzeti də Zərdabinin ideyalarını davam etdirərək milli mətbuat tariximizin mühüm səhifəsinə çevrildi. Milli mətbuatın yeni mərhələsi senzuranın ləğvi ilə başladı və inkişaf islahatları nəticələrini verdi. 1993-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlar mətbuatın inkişafında dönüş nöqtəsi oldu. Ümummilli Liderin qəti siyasi iradəsi ilə ölkədə senzura aradan qaldırıldı, söz və məlumat azadlığı təmin edildi, demokratik medianın inkişafı üçün hüquqi baza yaradıldı. 1998-ci ildə hərbi senzuranın, ardınca bütövlükdə KİV üzərində dövlət senzurasının ləğvi Azərbaycan mətbuatının tarixində mühüm hadisə kimi yadda qaldı. Bu, həm də Ulu Öndərin mətbuata, söz azadlığına verdiyi önəmin bariz nümunəsi idi. Mətbuat azadlığı prinsipləri və dövlət dəstəyi bu gün göz qabağındadır. Cənab Prezident İlham Əliyev dəfələrlə vurğulayıb: “Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində mühüm rol oynayır.” Cənab Prezidentin rəhbərliyi ilə qəbul edilən “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” və digər mühüm sənədlər medianın peşəkarlığının, obyektivliyinin, qərəzsizliyinin təmin olunmasına xidmət etdi. Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün ipoteka güzəştləri, dövlət yardımları, eyni zamanda vergi güzəştləri tətbiq olundu. Prezident İlham Əliyev dəfələrlə “Jurnalistlərin dostu” mükafatına layiq görüldü. Zamanın tələbinə uyğun olaraq 2021-ci ildə cənab Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” yaradıldı. Eyni zamanda, “Media haqqında” Qanun qəbul edildi. Bu qanun informasiya məkanının sağlamlaşdırılması, yerli medianın rəqabət qabiliyyətinin artırılması, peşəkar jurnalistikanın inkişaf etdirilməsi məqsədini daşıyır. İnformasiya texnologiyalarının inkişafı isə internet qəzetçiliyinin, rəqəmsal medianın yeni mərhələyə qədəm qoymasına səbəb oldu. Milli mətbuatın strateji əhəmiyyəti də danılmazdır. 44 günlük Vətən müharibəsində Azərbaycan mediası əsl informasiya cəbhəsində mübarizə apardı, dövlətimizin haqq səsini dünyaya çatdırdı. Ali Baş Komandan İlham Əliyevin beynəlxalq media nümayəndələrinə verdiyi müsahibələr Azərbaycanın haqlı mövqeyinin beynəlxalq səviyyədə tanınmasına mühüm töhfə oldu. Müasir dövrdə mətbuat həm də milli maraqların qorunması, cəmiyyətin maariflənməsi və dövlətçilik ənənələrinin təbliği baxımından əvəzsiz missiya daşıyır. 2020-ci ildə Azərbaycan və Türkiyə arasında media sahəsində imzalanan strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu iki ölkənin mediası arasında daha sıx əlaqələrin qurulmasına, təcrübə mübadiləsinə, ortaq layihələrin reallaşdırılmasına, beynəlxalq təbliğat fəaliyyətinin gücləndirilməsinə şərait yaratdı. Bu isə o deməkdir ki, azad söz cəmiyyətin inkişafının əsas dayağıdır.
Azərbaycan Konstitusiyasında təsbit olunan söz və mətbuat azadlığı prinsipi ölkədə plüralizmin, demokratik inkişafın və sosial rifahın təminində həlledici rol oynayır. Cənab Prezident İlham Əliyev bildirir: “Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur.” Milli dəyərlərin qorunması və peşəkar jurnalistika sahəsində də uğurlarımız çoxdur. Azərbaycan mediası milli-mənəvi dəyərlərin təbliği, milli şüurun yüksəldilməsi, cəmiyyətin maarifləndirilməsi istiqamətində mühüm rol oynayır. Peşəkar, obyektiv və qərəzsiz media dövlət maraqlarını uca tutur, cəmiyyəti yanlış informasiyalardan qoruyur, feyk xəbərlərlə mübarizə aparır. Bu il isə Azərbaycan Milli mətbuatının 150 illik yubileyidir. Milli mətbuatın 150 illiyi münasibətilə Prezident İlham Əliyevin “Azərbaycan Respublikası milli mətbuatının 150 illiyi (1875–2025) yubiley medalı”nın təsis edilməsi haqqında fərmanı, eləcə də digər tədbirlər dövlətin milli mətbuatımıza, jurnalistlərimizə verdiyi yüksək dəyərin növbəti ifadəsidir. 150 illik milli mətbuat tariximiz “Əkinçi”dən başlayan, zəngin ənənələrə söykənən, müstəqillik illərində sürətlə inkişaf edən, bu gün qlobal informasiya məkanında fəal iştirak edən, həm milli ideyaların, həm də dövlət maraqlarının daşıyıcısı olan bir salnamədir. Bu salnaməni yazanlar isə Vətəninə, xalqına, həqiqətə sadiq olan Azərbaycan jurnalistləridir-deyə E. Süleymanov fikrini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-07-2025