Mobil versiya
Hər bir əsrin sənətkarı... - Fuad Biləsuvarlı yazır
Tarix: 17-07-2025 | Saat: 09:50
Bölmə:Özəl | çapa göndər

Hər bir əsrin sənətkarı... - Fuad Biləsuvarlı yazır

Azərbaycan incəsənəti—keçmişin ecazkar nağılları, bu günün sehri və gələcəyin parlaq ulduzları ilə yoğrulmuş möhtəşəm irs—öz sənətkarlarının ruhu ilə yaşayır, adını zamanın sınaqlarında qızıl hərflərlə həkk edir.

Bizdə belədir: sağlığında kifayət qədər diqqət göstərmədiyimiz, vaxt ayırmadığımız sənətkarlar çox olur. Öləndən sonra isə qədrini bilirik, dəyərləndiririk, gedib quru məzar daşını qucaqlayırıq. Axı, bunu sağlığında da edə bilərdik. Edə bilərdik… Amma təəssüf ki, etmirik.

Elə bu məqamda şairin misraları yada düşür: "Biz ki, cənubluyuq, bu soyuqluq hardan?" Nə yazıq ki, bu soyuqluq iliyimizəcən işləyib...

Əgər musiqi bir yaddaşdırsa, Elçin Cəlilov onun yadda qalan səslərindən biridir – xiridar qəlblərin unutmadığı bir sənətkar. Artıq 20 ildir ki, səhnəmizdə yoxdur. Qulaqlarımız aparıcıların, diktorların çıxışlarında onun adını eşitmir, gözlərimiz Elçin Cəlilov kimi sənətkarı televiziyalarda, verilişlərdə, konsert salonlarında görmür.





Doğrudan da, onun yeri çox görünür. İki gözümüz dörd olub, onun bülbül avazına, əzəmətli duruşuna həsrət qalmışıq.
Elçin Cəlilov oxumağa başlayanda artıq öz sənət zirvəsini yaratmışdı — hər kəsə nəsib olmayan bir zirvəni. Oxuduğu hər bir nəğməni ürəyinin odunda bişirib, qəlbinin musiqili notuna köçürürdü.

Bəlkə də ona görə Elçin Cəlilovu bu qədər çox sevirdik. Axı, öz aramızdı, belə bir səs, belə bir avaz, belə bir boy-buxun kimdə vardı?! O, əsl sənət üçün doğulmuşdu.
Xanəndə və müğənni kimi Elçin Cəlilov peşəkar sənətkar idi. Toyda toy mahnılarını, səhnədə isə bəstəkar mahnılarını, romansları, muğamları sevə-sevə tamaşaçılarına təqdim edirdi. Hətta aşıq musiqisinə də bələd idi.



Hansı mahnını harada və necə oxumağı çox yaxşı bilirdi. Çünki məktəb görmüşdü. Az da olsa, Rəşid Behbudov kimi dahi sənətkarın yanında çalışmışdı. O zaman Rəşid müəllim onun çiyninə əlini qoyub demişdi:
“Elçin bala, məndən sonra səhnədə davamçım kimi səni görürəm.”
Həqiqətən də, yaşasaydı, ömür vəfa etsəydi, Elçin Cəlilov Rəşid Behbudov səviyyəsinə çata bilərdi.

Mahnı Teatrının aparıcı solisti kimi sənət yoluna “Sevgilim sən maral kimi” aşıq mahnısı ilə qədəm qoymuşdu. Arif Babayev kimi ustaddan dərs almışdı. Yalnız onunla kifayətlənməmiş, Şövkət Ələkbərovanın qrup dərslərində də iştirak etmişdi.
O biri həmkarları kimi oxumağa təzə-təzə başlayanda ustadının səsinə bənzəməyə çalışmadı. Səhnəyə ilk çıxışından etibarən Elçin Cəlilov öz yolunu tapdı. Əsl səhnə adamı, əsl mədəniyyət işçisi idi.





Onun oxuduğu nəğmələrdə, ilahi səsində bir sehr, bir sirr vardı. O sirrin nə olduğunu isə yalnız Elçin Cəlilovun özü bilirdi.
Paxıllıq hər sahədə var, amma incəsənət aləmində bu hiss daha qabarıqdır. Elçin Cəlilovun da birdən-birə qazandığı şöhrətə qarşı paxıllıq edənlər az deyildi.

O, muğamlarımızı, bəstəkar və aşıq mahnılarını, romansları böyük ustalıqla ifa edirdi. Əgər istəsəydi, dünya ulduzu ola bilərdi. Çünki onun səs diapazonu klassik opera əsərlərini, hətta caz musiqisini belə ifa etməyə imkan verirdi.



Müğənni Lalə Dadaşova həyat yoldaşı Elçin Cəlilovu belə xatırlayır:





"Elçin oxuyanda sanki qəlbindəki dərin ağrılar dilə gəlirdi. Hər ifasında ruhunun sarsıntıları hiss olunurdu. Onu dinlədikcə göz yaşlarını saxlamaq mümkünsüz olurdu.

Ona deyəndə ki, nəğmələrində bu qədər kədər, bu qədər həsrət haradan doğur? O isə sözlə izah etməyə çalışmazdı—sadəcə, dərin bir sükutla gülümsəyərdi, sanki bütün cavablar səsinin içində gizlənmişdi...

Bəlkə də qarşıdakı naməlum fırtınalardan çəkinirdi, dalğaların onu haraya aparacağını bilmədən özünü bu axından qorumağa çalışırdı.

Kim bilir, neçə sirlə dolu bir ürək döyünürdü onda—heç kimə açılmayan, yalnız öz içində pıçıldanan sözlər… O dünyadan köçəndə, bəlkə də, elə bu sirləri də özü ilə apardı. Qəlbinin ən dərin qatlarında yazılmamış hekayələr vardı—nə vaxtsa deyilməli olan, lakin zamanın amansız səssizliyində itib-batan sözlər… Könül dəftərinin səhifələri açılmadan qaldı, sanki heç vaxt var olmamış kimi.

Elçin böyük istedad sahibi, incə ruhlu bir insan idi. Təəssüf ki, həyatının ən gözəl çağında yanlış yollara düşdü. Səsinə və parlaq gələcəyinə paxıllıq edənlər onu doğrulmaqdan yayındırdılar və nəticədə məhv etdilər.

Nə etmişəmsə, halal xoşu olsun. O, muğam və aşıq mahnılarının mükəmməl ifaçısı idi. Səsinin ecazkar gücü vardı—4 oktavalıq genişliyə malik idi. Amma bəlli səbəblərdən onu itirdi. Müalicə dövründə evdə birlikdə məşqlər edirdik. Sintizatorumuz vardı. Deyirdi ki, "mənim səsimi açarsan?" Mən isə gülümsəyərək cavab verirdim: "Elçin, sən sağal, mən səsini 2 oktavaya qədər aça bilərəm, qalanı isə sənin öz əlindədir."

Əgər sağalsaydı, hər şey daha gözəl olardı. Elçin istəsəydi, dünya estrada ulduzlarının mahnılarını da böyük ustalıqla ifa edərdi. Tənbəlliyi vardı, amma əvəzolunmaz bir sənətkar idi."


Əməkdar artist Səbinə İlyasovanın Elçin Cəlilov haqqında fikirləri:



"Elçin Cəlilov haqqında onu deyə bilərəm ki, indiyə qədər onun kimi gözəl bir sənətkar görmədim.
Elçin təkcə güclü səsə sahib deyildi, həm də fitri istedadı ilə seçilirdi. Belə sənətkarlar dünyaya çox nadir hallarda gəlir. Allah ona hər şeyi bəxş etmişdi—sanki səhnə üçün yaradılmışdı.

Onun səsi və ifa tərzi tamamilə özünəməxsus idi.
Tembiri ürəyəyatımlı idi—bəm, orta və zil səsləri qüsursuz uyğunlaşırdı. Səs diapazonu olduqca geniş idi. Üstəlik, o, təkcə gözəl oxumaqla kifayətlənmirdi, möhtəşəm melodiyalar yaratmaq qabiliyyətinə də malik idi. Onun texniki boğazları başqalarına bənzəmirdi, fərqli və unikal idi.


Səhnədəki duruşu və tərzi onun sənətinin ayrılmaz hissəsi idi.
Geyim seçimi zövqlə uyğunlaşdırılmışdı, hər detalında incəlik hiss olunurdu. Səhnəyə yaraşıq verən sənətkar idi, möhtəşəm səsi ilə dinləyənləri məftun edirdi. Belə bir sənətkarın bir daha dünyaya gələcəyinə inanmaq çətindir.

Onunla duet ortağı olmaq mənim üçün böyük xoşbəxtlik idi.
Elçinlə çox gözəl duetlərimiz var idi. Rəşid folklor ansamblında birgə çalışmışıq, xarici ölkələrdə bir çox qastrol səfərlərində iştirak etmişik. İfaçı kimi möhtəşəm olduğu qədər, insan kimi də çox gözəl və nəcib bir insan idi.

Bu gün onun yoxluğu səhnədə dərin boşluq yaradır.
Allah ona rəhmət eləsin! Kaş ki, daha çox yaşayardı. Əgər həyatı uzun olsaydı, Azərbaycan mədəniyyəti üçün çox şey yarada bilərdi. Amma görünür, qisməti bu qədərmiş. Onun ruhu şad olsun!

Fuad bəy, sizə də təşəkkür edirəm!
Siz Elçin Cəlilovu xatırlayırsınız, onun unudulmasına imkan vermirsiniz. O, heç vaxt unudulan sənətkar deyil, lakin onun yad edilməsi ruhunu şad edir. Sizə bir daha təşəkkür edirəm!


P.S.Ölüm də bir yel kimidir — hər kəsin ömrünə bir gün toxunur. Ölüm var vaxtlı, ölüm də var vaxtsız. Elçin Cəlilovun ölümü çox vaxtsız oldu. Cəmi 37 illik ömründə böyük işlər gördü. Onun bənzərsiz ifasında səslənən gözəl nəğmələr, təsniflər, muğamlar, aşıq mahnıları bu gün də televiziyamızın qızıl fondunu bəzəyir.
Necə ki, ayrılıqdan oxuduğu son nəğməsində deyirdi:

"Nə bir zəng, nə bir söz, yoxdu xəbərin,
Deyəsən, evimə lal sükut dolur.
Sevgi qonağıymış demə kədərim,
Bilmirəm, ayrılıq beləmi olur?!"

Kim biləydi ki, bu nəğmə, əslində, onun son harayı imiş...
Elçin Cəlilov ayrılıq sədaları altında sevənlərinə son dəfə əl elədi, sanki vidalaşaraq, sanki sonuncu dəfə duyğularını paylaşaraq.
Vaxtilə mən özüm Elçin Cəlilovun oxuduğu "Ayrılıq" nəğməsindən təsirlənib belə bir şeir yazmışdım.

BELƏ OLURMUŞ

Zamanı bilinmir, o gəlir ani,
Üşūdür ūrəyi, titrədir canı.
Lərzəyə gətirir bu gün dünyanı,
Sən demə, ayrılıq belə olurmuş.

Həyatda hər șeyə meydan oxuyan,
Çox qadın ömrūnə həsrət toxuyan,
Adamın üstünə qəfil şığıyan,
Sən demə, ayrılıq belə olurmuş.

Başladısa, həm də başlayır yaman,
Vūsalı tez yıxır, daşlayır yaman.
Şeytan əməllərin xoşlayır yaman,
Sən demə, ayrılıq belə olurmuş.

Sanki bir gūnəşdi batmayacaqdır,
Çox bəxtə abaldı getməyəcəkdir.
Çəkdiyím əzablar bitməyəcəkdir,
Sən demə, aynlq belə olurmuş.



Müəllif: Fuad BİLƏSUVARLI, AYB və AJB üzvü, Prezident mükafatçısı





























Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-07-2025