Mobil versiya
Bakir Əliyev: “Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji planlar bu gün artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir.”
Tarix: 03-05-2021 | Saat: 18:12
Bölmə:Seçki 2024 | çapa göndər

Bakir Əliyev: “Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji planlar bu gün artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir.”

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının 17 noyabr 1990-cı il tarixli iclasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan MR-in bayrağı kimi qəbul olunması haqqında qərar verilməsinə nail olmaqla ulu öndər Heydər Əliyev öz siyasi iradəsini ortaya qoymuş və müstəqil Azərbaycan dövlətinin yaradılması yolunda ən zəruri və mühüm addımlardan birini atmışdı.

Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycanda siyasi hakimiyyətə qayıdışı xilaskar missiyası daşımş və xalqı öz milli müstəqilliyini itirmək, dövlətimizi isə faktiki olaraq yox olmaq təhlükəsindən xilas etmişdir. Məhz həmin tarixdən ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycanın dövlət müstəqilliyi hər cür daxili və xarici təhdidlərdən qurtuldu. Çağdaş Azərbaycan tarixinin həqiqi müstəqillik mərhələsi başlandı. Azərbaycanı, onun dövlət müstəqilliyini Heydər Əliyev dühası, ulu öndərin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi, Azərbaycan xalqına sonsuz məhəbbəti xilas etdi. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən milli ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı. Bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edildi.

Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək 1994-cü il sentyabrın 20-də ilk neft müqaviləsini – “Əsrin müqaviləsi” adlanan və ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən beynəlxalq sazişi imzaladı. Bu müqavilənin imzalanması ilə Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən yeni neft strategiyasının həyata keçirilməsinə start verildi. Müstəqillik dövründə ümummilli liderin rəhbərliyi altında həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. Ümummilli lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışıb. İnvestisiyaların təşviqi üçün respublikada daha münbit şərait yaratmaq, daxili və xarici sərmayəni stimullaşdıran səmərəli metodlardan istifadə etmək, xarici kapital qoyuluşunun başlıca istiqamətini qeyri-neft sektorunun, regionların inkişafına yönəltmək, habelə maddiləşən işgüzar fəallığı gücləndirmək üçün kompleks tədbirlər həyata keçirilib. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyi illərində milli iqtisadiyyatda köklü islahatlar aparılıb, sosialyönümlü bazar iqtisadiyyatına keçidin ümdə prinsipləri müəyyənləşdirilib, torpaq islahatı kimi çətin və ağrılı proses, habelə özəlləşdirmənin birinci mərhələsi uğurla başa çatdırılıb, milli sahibkarlığın inkişafı üçün zəruri qanunvericilik bazası yaradılıb, respublikanın dünya iqtisadiyyatına inteqrasiyası sürətlənib.

Ulu öndər Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar bu gün artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Bu gün bütün dünya azərbaycanlıları üçün birləşdirici amil olan Azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, ulu öndər milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, aşınmadan xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan ümummilli lideri Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Ulu öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın mühüm tərkib hissəsi hesab edirdi. Hələ sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider ölkədə mövcud olan xaos və özbaşınalığa son qoymuş, ölkəmizi vətəndaş qarşıdurması kimi böyük bəlalardan xilas etmişdir. Belə bir dövrdə Azərbaycanda yaşayan bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsinə ehtiyac var idi. Ulu öndər Azərbaycançılıq məfkurəsinin prinsiplərini bəyan etməklə ölkəmizin inkişafı və tərəqqisi üçün işıqlı yolun təməlini qoydu. Ulu öndər Azərbaycançılıq ideologiyası ilə dilindən, dinindən, millətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarını ümumi vətən naminə həmrəyliyə dəvət etdi. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması isə tolerantlığın bariz təzahürünə çevrildi.

Ölkəmizin tarixi Zəfər qazandığı Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ən müxtəlif millətləri və dinləri təmsil edən Azərbaycan vətəndaşlarının könüllülük əsasında silaha sarılaraq bir bayraq altında, bir Vətən uğrunda, bir düşmənə qarşı döyüşmələri də ulu öndərin əsasını qoyduğu Azərbaycançılıq ideologiyasının daha bir təntənəsi oldu.

Bakir Əliyev,
Bəhramtəpə Melioservis İdarəsinin rəisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024