Mobil versiya
Azərbaycanda oğurluq niyə artıb...
Tarix: 14-03-2017 | Saat: 17:23
Bölmə:Cəmiyyət | çapa göndər

Azərbaycanda oğurluq niyə artıb...


Daxili İşlər Nazirliyinin gündəlik açıqladığı kriminal xronikada oğurluq hallarının artdığı müşahidə edilir. Tamah məqsədilə həyata keçirilən cinayətlərdə çörəkdən tutmuş, mal-qara, mobil telefon, avtomobil, avtomobil hissələri, pul, məişət, geyim əşyaları, elektrik naqilləri və s. kimi oğurluq növlərinə rast gəlinir.

“3-4 manata görə su sayğacları oğurlanır”

Kriminalist Mahmud Hacıyev Modern.az-a açıqlamasında ölkədə oğurluq hallarının artma səbəblərinə aydınlıq gətirib:

“Oğurluq tamah motivi ilə baş vermiş cinayətdir. Cinayətin obyekti, subyekti, subyektiv tərəfi, obyektiv tərəfi və motivi olduqda cinayət tərkibi yaranır. Əsas əlamətlərdən biri motivdir. Tamah məqsədilə baş vermiş cinayətlərdə bir qayda olaraq demək olmaz ki, hamı “vorzakon”dur, “maloletka”da yatıb, çıxıb, deyə, oğurluq onun peşəsidir. Son vaxtlar oğurluq edənlərin böyük əksəriyyətinin əvvəllər məhkumluğu olmayıb. Çoxu da cavan uşaqlardır. Bu əlamətləri təhlil etdikdən sonra müəyyən etmək olur ki, peşəkar oğrular ümumi tərkibin 5-10 faizini təşkil edir. Bəli, son vaxtlar oğurluq halları artıb. Hətta su sayğaclarının tərkibində qiyməti 3 manat olan ağ maddəyə görə oğurluq edənlər var. Bakının Nizami rayonunda belə faktlar qeydə alınıb”.

“Sosial vəziyyət pisləşdikcə oğurluq da artır”

Əvvəllər məhkumluq həyatı yaşamayan insanlar bir neçə il həbs cəzası alacağını bilə-bilə 5-10 manatdan, ərzaq məhsullarından ötrü niyə oğurluğa əl atırlar?

M.Hacıyev qeyd edir ki, dünyada qəbul edilmiş qaydalara görə, ölkədəki sosial-iqtisadi vəziyyət mənfiyə doğru gedirsə, cinayət faktları da artır:
“Bu, 2 vur 2-nin 4-ə bərabər olması qədər konkretdir. Biz deyə bilmərik ki, 2 vur 2 5-ə bərabərdir. Bu, Avropa ölkələri, Afrika ölkələri, həmçinin, Azərbaycan üçün də belədir. Müəyyən obyektiv və subyektiv səbəblərə görə hüquq-mühafizə orqanlarının rəhbərliyində təmsil olunanlar bunu etiraf etməsə də, fakt göz qabağındadır. Milli valyuta 2 dəfə devalvasiyaya uğrayıb, çox sayda iş yerləri bağlanıb, əhalinin kredit borcları artıb və s. Bu əlamətlərin hamısı Azərbaycanda varsa, deməli tamah motivli cinayətlərdə də artım olacaq. Tamah motivli cinayətlərin əksəriyyətini də oğurluqlar təşkil edir. Həmçinin quldurluq, soyğunçuluq, dövlət və bələdiyyə əmlakının oğurluğu da var. Amma şəxsi əmlakın oğurluğu qismində oğurluq faktları daha çox artır.
Dünya miqyasında kriminalistika, münasibət psixologiyası və kriminologiya ilə məşğul olan alimlərin və praktiki işçilərin rəyinə görə, sosial-iqtisadi problemlər artırsa, tamah məqsədilə oğurluq halları da onlara adekvat olaraq çoxalır”.

“Həbs çıxış yolu deyil”

Kriminalist bildirir ki, oğurluq etmiş şəxslərin həbs edilməsi vəziyyətdən çıxış yolu deyil:
“Bütün bunlara qarşı mübarizə aparmaq lazımdır. Çünki oğurluq həm də xalqımızın milli mentaliteti üçün xarakterik deyil. Doğrudur, hüquq-mühafizə orqanları ayaqdadır, cinayətlərə qarşı dərhal tədbir görürlər. Amma bu nə effekt verir? İnsanların məhkum olunması, həyat tərzinin pozulması məsələnin həlli deyil. Çünki həbsdən çıxandan sonra yenidən cinayət törədib həbsə qayıdır. Bunun müsbət nəticəsi yoxdur.
Ona görə də, iqtisadçılar, hüquq-mühafizə orqanlarının əməkdaşları, aidiyyatı qurumlar problemi kompleks şəkildə öyrənməlidirlər və müvafiq qərarlar qəbul etməlidirlər. Çünki bu tədbirlərin reallaşması hüquq-mühafizə orqanlarının səlahiyyətində olan məsələ deyil. Bu hökumət səviyyəsində həll edilməlidir”.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024