Mobil versiya
Vaşinqtonda qəbul edilən Birgə Bəyanat Azərbaycanın üstün mövqeyini növbəti dəfə təsdiqlədi - ŞƏRH
Tarix: 10-08-2025 | Saat: 10:56
Bölmə:Siyasət | çapa göndər

Vaşinqtonda qəbul edilən Birgə Bəyanat Azərbaycanın üstün mövqeyini növbəti dəfə təsdiqlədi

Azərbaycan və Ermənistan ABŞ-ın vasitəçiliyi ilə yeni münasibətlər erasına qədəm qoyurlar. Bu eranın qurucu lideri isə Vətən müharibəsindəki şanlı Qələbə ilə Ermənistanı sülhə vadar edən Prezident İlham Əliyevdir. Başqa ifadə ilə əvvəlcə müharibəni qazanan Prezident, indi dünyəvi lider Trampın da dəstəyi ilə sülhü qazanır. Avqustun 8-də qəbul edilən Birgə Bəyanat 2020-ci ildəki üçtərəfli bəyanat kimi Azərbaycanın üstün mövqeyini növbəti dəfə təsdiqlədi. Vaşinqtonda liderlərin 7 maddədən ibarət üçtərəfli bəyanatında qeyd olunur ki, Azərbaycan və Ermənistan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında müqaviləni parafladılar. Bu, o deməkdir ki, sülh müqaviləsi mətni tam razılaşdırılıb və bundan sonra dəyişdirilə bilməz, tərəflər qisas (revanş) iddialarına heç vaxt geri dönməyəcəklər. Lakin Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, sülh müqaviləsi yalnız Ermənistan Konstitusiyasından ölkəmizə ərazi iddiaları çıxarıldıqdan sonra imzalanacaq.

Bu sözləri mətbuata açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə söyləyib.

Ş.Cəlilzadə deyib ki, görüşdə ATƏT-in Minsk qrupunun buraxılması üçün birgə müraciət də imzalandı: "Buna Fransa dərhal müsbət münasibət bildirdi. Odur ki, tezliklə Minsk qrupunun faktiki buraxılması hüquqi çərçivə qazanacaq. Bəyanatda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi barədə müddəa da var. Bu, “Tramp yolu” adı altında Zəngəzur dəhlizinin açılacağının bəyan olunması deməkdir. Belə ki, bəyanatda Azərbaycanın Naxçıvana maneəsiz hərəkəti barədə qeydin yer alması məhz Prezident İlham Əliyevin tələbinin reallaşmasıdır. Elə buna görə də revanşist qlobal erməni şəbəkəsi bu bəyanatı Ermənistan üçün “məğlubiyyət” hesab edərək, xam xəyallarını səsləndirirlər. Halbuki ərazi bütövlüyü, suverenlik kimi dövlətçilik atributlarına bir daha hörmətin ifadə olunması, o cümlədən Ermənistanın blokadadan çıxaraq qlobal nəqliyyat dəhlizlərinin bir parçasına çevrilməsi, enerji (neft-qaz və elektrik) və nəqliyyat xətləri arteriyasını öz ərazisindən keçirməsi, qlobal investisiya cəlb edə bilməsi onun ən böyük faydalarıdır. O cümlədən ABŞ-ın Ermənistan və Azərbaycanla yeni strateji tərəfdaşlıq sazişi hazırlanacağı üçtərəfli qaydada bəyan olundu. Bu, dünyanın yenidən bölüşdürülməsi məqsədilə Tramp-Putin razılaşması çərçivəsində Cənubi Qafqazın tarixi imperiya buxovlarından xilası kimi də dəyərləndirilə bilər".

Onun sözlərinə görə, Cənubi Qafqaz nəhayət ki, müharibə ilə dolu coğrafi məkandan müstəqil, qlobal əməkdaşlığa açıq, sülh və rifah dolu bir məkana çevriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-08-2025