Mobil versiya
Səttar Möhbalıyev: “Nəqliyyat dəhlizinin faydasını bütün region ölkələri görəcəklər”
Tarix: 09-08-2025 | Saat: 15:09
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Səttar Möhbalıyev: “Nəqliyyat dəhlizinin faydasını bütün region ölkələri görəcəklər”

“Azərbaycan özünün milli maraqlarının qorunması üçün Amerika Birləşmiş Ştatları ilə ən yüksək səviyyədə münasibətlərin qurulmasında əlbəttə ki, çox maraqlıdır. Bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin ABŞ Prezidentinin dəvətilə Vaşinqtona işgüzar səfəri son dərəcə önəmli bir hadisədir. Diqqətəlayiq haldır ki, avqustun 8-də möhtərəm dövlət başçımız Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibədə bu səfərin nəticələrini çox yüksək qiymətləndirib. Qeyd olunub ki, məhz bu səfərlə Amerika-Azərbaycan münasibətlərində yeni bir səhifə, əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi açılır. Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupun yaradılması da bu istiqamətdə atılmış çox mühüm addımdır. Əlbəttə ki, ölkələrimiz arasında münasibətlərin bundan sonra səmimi əsaslar üzərində inkişaf edəcəyini nümayiş etdirən mühüm məqamlardan biri də ədalətsizlik simvolu olan 907-ci düzəlişin ləğv olunmasıdır. Öz müsahibəsində bu məsələyə toxunan cənab Prezident bildirdi ki, 1992-ci ilin oktyabr ayında Azərbaycanın ədalətsiz şəkildə ABŞ Konqresi tərəfindən məruz qoyulduğu bu sanksiyanın bu gün birbaşa Azərbaycan Prezidentinin iştirakı ilə ləğv edilməsi tarixi hadisədir və çox rəmzi xarakter daşıyır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili Vaşiqtonda imzalanmış “Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqton şəhərində keçirilmiş görüşünə dair” Birgə Bəyannamənin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyanat Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması yolundakı əngəllərin əksəriyyətinin aradan qaldırıldığını təsdiq edir. Onlardan biri ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı idi. Hansı ki, dünən Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Baş katibinə bununla bağlı müraciət imzaladılar. Əslində İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu təsisat demək olar ki, iflic vəziyyətinə düşmüşdü və onun ləğvi dərhal baş verməli idi. Çünki Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etdi, Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münaqişəsi hərbi-siyasi yollarla öz həllini tapdı. Birgə Bəyannamədə əks olunan və Azərbaycanın mövqeyini göstərən daha bir önəmli müddəa – Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxışın olmasıdır. Bu, həm də Ermənistanın 2020-ci il noyabrın 10-da imzaladığı öhdəlikdə də nəzərdə tutulub. Cənab Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizin iki hissəsi arasında təhlükəsiz keçidin yaranması daha geniş region, hətta Ermənistanın özü üçün də çoxlu imkanlar açacaq. Ermənistan tranzit ölkəyə çevrilə bilər. Lakin buna yalnız Azərbaycan vasitəsilə nail ola bilər. Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) başqa bir tarixi nailiyyət olacaq və bütün region ölkələri bunun faydasını görəcəklər” – deyə, Səttar Möhbalıyev fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-08-2025