Mobil versiya
Böyük Qayıdışın uğurlu başlanğıcı
Tarix: 07-10-2024 | Saat: 16:55
Bölmə:Özəl | çapa göndər

Böyük Qayıdışın uğurlu başlanğıcı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.
Tədbirdə çıxış edən dövlətimizin başçısı bildirib ki, bu gün Cəbrayıl şəhərinin azad olunmasının dördüncü ildönümüdür. Bundan sonra biz hər il bu gözəl günü qeyd edəcəyik. Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə Cəbrayıl şəhəri işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi, o cümlədən Cəbrayıl rayonunun kəndləri. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi.
Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərmiş və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur. Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərmişdir. Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmiş, həm də Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir.
Həmçinin Prezident İlham Əliyev qeyd edib ki, Cəbrayıldan bir neçə gün sonra uğurlu Hadrut əməliyyatı keçirilmişdir. O da çox böyük peşəkarlığa malik olan əməliyyatdır. Düşmənin orada çox möhkəm istehkam mövqeləri var idi, özü də bütün təpələrdə onlar yerləşmişdi. Şəhəri azad etmək üçün bizim qəhrəman övladlarımız bir neçə müdafiə xəttini yarmalı idi və bunu edə bilmişdilər. Hadrutdan sonra Füzuli əməliyyatı oktyabrın 17-də uğurla başa çatmışdır və yolumuz həm Şuşaya, həm Zəngilan və Qubadlı istiqamətinə açılmışdır. Müzəffər Ordumuzun zəfər yürüşü bundan sonra daha sürətlə getmiş və döyüş meydanında böyük yaşayış məntəqələrini - Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, rayonlarını, Laçın rayonunun bir neçə kəndini və nəhayət noyabrın 8-də Şuşa şəhərini azad edə bilmişdi. Bütövlükdə 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Beləliklə, Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Dövlətimizin başçısı onu da bildirib ki, Cəbrayılın inkişafı ilə bağlı dərhal bütün müvafiq tapşırıqlar verilmişdir. İlk növbədə, minalardan təmizləmə işləri aparılmalı idi. Çünki xüsusilə keçmiş təmas xəttinə yaxın olan rayonların minalanması daha genişmiqyaslı idi. İnfrastruktur layihələrinin icrası dərhal başlamışdır. Sovet vaxtında olan yol yenidən qurulmuşdur. Yeni dördzolaqlı magistral yol uğurla inşa edilir və Zəngilana qədər, Qubadlıya qədər və oradan da Laçına qədər davam edir.
Bu gün gözəl, gözoxşayan evlər həm dövlətimizin gücünü, həm də keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün Azərbaycan dövlətinin əlindən gələni əsirgəmədiyini göstərir. Birinci məhəllədə çoxmənzilli 33 bina inşa edilib. Burada 712 mənzil inşa edilir. Bu mənzillərin bir hissəsi artıq istifadəyə verilib, bir hissəsinin də istifadəyə verilməsi yaxın aylarda nəzərdə tutulur. Beləliklə, Cəbrayıl şəhərinin birinci yeni yaşayış məhəlləsi istifadəyə verilir.
Azad edilmiş torpaqlarda aparılan işlər öz miqyasına görə xüsusi xarakter daşıyır. Heç bir başqa yerdə işğaldan, müharibələrdən əziyyət çəkmiş ölkələr bu sürətlə və bu keyfiyyətlə bərpa işlərini bu günə qədər aparmamışlar. Çünki bu işlər genişmiqyaslı və çox dəqiq planlar əsasında görülür. Hər bir şəhərin Baş planları təsdiq edilib. Hər bir kəndin bütün lazımi infrastrukturu nəzərdə tutulur. Amma bununla işlərimiz bitmir. Biz, eyni zamanda, buraya qayıdacaq insanların məşğulluğu ilə məşğuluq. Təkcə dünən Cəbrayıl rayonunda yerləşən beş yeni müəssisənin təməli qoyulmuşdur. O vaxta qədər “Araz Vadisi Sənaye Zonası”nda 10-a yaxın müəssisənin həm təməli qoyulmuşdu, həm də ki, bir müəssisə artıq fəaliyyətdədir. Təkcə dünən təməlini qoyduğum müəssisələrdə mindən çox insan çalışacaq. Bu müəssisələri ərsəyə gətirən iş adamlarına da mənim tövsiyəm o idi ki, orada işləyənlərin əksəriyyəti Cəbrayıla qayıdan və qayıdacaq keçmiş köçkünlər olmalıdır. Mənfur düşmən 30 il ərzində bu əraziləri ancaq dağıdıb. İndi isə görülən bütün bu işlər bir daha onu göstərir ki, bu torpaqların əsl sahibləri qayıdıb.

Neva Abdurahmanova
YAP Qusar rayon təşkilatının sədr müavini.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-10-2024