Mobil versiya
Anım Günü qəhrəman şəhidlərə vəfa borcumuzdur -DEPUTAT YAZIR
Tarix: 26-09-2025 | Saat: 19:58
Bölmə:Karusel / Manşet / Gündəm / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Anım Günü qəhrəman şəhidlərə vəfa borcumuzdur

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri


Tarix boyu hər bir xalqın taleyində dönüş nöqtəsi olan anlar var. Azərbaycan xalqı üçün belə bir an, 27 sentyabr 2020-ci il tarixində başladı. Bu gün sadəcə bir döyüşün başlanğıcı deyil, uzun illər davam edən zülmə, işğala və haqsızlığa qarşı qətiyyətli bir etirazın, haqq mübarizəsinin simvoludur. Bu tarix, 30 illik bir kabusdan oyanışın, öz torpağına, milli ləyaqətinə sahib çıxan bir xalqın yenidən doğuşunun dastanıdır. Bu, qürur və kədərin, cəsarət və fədakarlığın bir-birinə qarışdığı, unudulmaz bir günün hekayəsidir.

Qarabağ münaqişəsi təkcə 90-cı illərin faciəsi deyil, kökləri iki əsrdən çox öncəyə, ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan torpaqlarına köçürülməsinə gedib çıxan bir siyasətin acı meyvəsidir. Ermənilər bölgəyə köçürüldükləri gündən etibarən yerli əhalini sıxışdırmış, hər yerdə Azərbaycan izlərini silməyə çalışmışlar. Bu etnik təmizləmə siyasəti 1905-1907-ci və 1918-ci illərdə on minlərlə azərbaycanlının qətlə yetirilməsi ilə kulminasiya nöqtəsinə qalxmışdır. Sovet dövründə də bu siyasət davam etmiş, 1948-1953-cü illərdə 150 min, 1988-ci ildə isə daha 300 min azərbaycanlı öz dədə-baba yurdlarından amansızcasına qovularaq Ermənistanı monoetnik bir dövlətə çevirmişlər.
Bu faciəli tarixin ən dəhşətli səhifələrindən biri 1992-ci il 26 fevralda yazıldı. Xocalı soyqırımı zamanı 7 min əhalisi olan şəhərdə 613 nəfər dinc sakin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca vəhşicəsinə qətlə yetirildi. Beynəlxalq ictimaiyyətin gözü qarşısında törədilən bu qətliam, Ermənistan faşizminin əsl simasını göstərirdi.

Otuz il ərzində Azərbaycanın haqlı mövqeyinə beynəlxalq təşkilatlardan gələn cavab soyuq və qeyri-səmimi oldu. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan dərhal çıxarılmasını tələb edən dörd qətnaməsi 27 il ərzində kağız üzərində qaldı. ATƏT-in Minsk Qrupu isə münaqişəni həll etmək əvəzinə, onu dondurmağa çalışdı. Bu laqeydlik işğalçıya daha da cəsarət verdi. Bir milyondan çox insan məcburi köçkün həyatı yaşamağa məcbur edildi, 22 muzey, 927 kitabxana, 40 mindən çox eksponat talan edildi. İşğal altında qalan 67 məsciddən 65-i yerlə-yeksan edildi, ikisində isə düşmən heyvan saxlayırdı.

2016-cı ilin Aprel və 2020-ci ilin Tovuz döyüşləri Azərbaycanın səbrinin daşdığını göstərdi. Lakin düşmən yenə də nəticə çıxarmadı. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi artilleriya atəşinə tutaraq növbəti təxribata əl atdı. Nəticədə 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu. Bu, son hədd idi. Azərbaycan bu acı reallıqla barışmadı. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu, Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu siyasəti xalqın köməyinə gəldi. Son illər ərzində modernləşdirilən, ən müasir texnologiyalar və peşəkar kadrlarla təchiz edilən Azərbaycan Ordusu döyüş meydanında öz sözünü dedi.
Beləliklə, 27 sentyabr 2020-ci ildə Ermənistanın növbəti təxribatı cavabsız qalmadı. Prezident İlham Əliyevin "dəmir yumruq" siyasəti ilə başlanan əks-hücum əməliyyatı xalqımızın birlik və qətiyyətinin təcəssümü oldu. Otuz illik işğala son qoymaq üçün xalq bir nəfər kimi Ali Baş Komandanın ətrafında birləşdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu peşəkarlığını, qüdrətini bütün dünyaya göstərdi. Müharibənin gedişində istifadə edilən döyüş taktikası dünya hərb tarixinə yenilik kimi daxil oldu və ABŞ Hərbi Akademiyası kimi nüfuzlu qurumlarda dərsliklərə salındı.
Bu şanlı mübarizə nəticəsində 5 şəhər, 4 qəsəbə, 286 kənd işğaldan azad edildi. Noyabrın 8-də Şuşanın azad edilməsi isə Qələbəyə gedən yolun ən vacib addımı oldu. Bu tarixi Qələbə 2907 şəhidimizin qanı-canı bahasına qazanıldı.
27 sentyabrın Müzəffər Ali baş Komandan, cənab prezident İlham Əliyev tərəfindən Anım Günü elan edilməsi şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onlara olan dərin ehtiramımızın göstəricisidir. Bu gün biz qalib bir xalq kimi yaşayırıq və bu qələbənin necə bir əzmlə, hansı itkilər bahasına əldə edildiyini heç vaxt unutmamalıyıq.
Dövlət şəhid ailələrinə və qazilərə xüsusi qayğı göstərir. İndiyədək 10 mindən çox şəhid ailəsi və müharibə əlili mənzillərlə təmin edilib, 7 mindən çox avtomobil verilib. "YAŞAT" Fondu isə cəmiyyətin bu məsələdəki həmrəyliyini nümayiş etdirir.
Bu tarixi Qələbə Azərbaycanın gələcəyi üçün yeni imkanlar açdı. İlk növbədə, Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa edərək beynəlxalq hüquq normalarını öz gücü ilə təmin etmiş oldu. Bu, Azərbaycanın regional və beynəlxalq münasibətlərdə mövqeyini daha da gücləndirdi. Qarabağın bərpası və qurulması prosesi dövlət siyasətinin ən vacib istiqamətinə çevrildi. Qısa müddət ərzində yeni yollar, tunellər, hava limanları inşa edildi. Qayıdış proqramı çərçivəsində "Ağıllı kənd" layihələri həyata keçirilir.

Bu Qələbə, həm də psixoloji bir zəfər idi. İllər boyu davam edən məğlubiyyət kompleksinin üstündən xətt çəkildi. Azərbaycan xalqı öz gücünə, dövlətinə və ordusuna inamını bərpa etdi. Nəticədə, ölkənin hər bir vətəndaşı öz gələcəyinə daha böyük əminliklə baxır. Azərbaycanın qarşısında artıq işğal altında olan torpaqlar yox, bərpa edilməli olan Qarabağ durur. Bu, ölkənin bütün sahələrdə inkişafı üçün yeni bir stimul oldu.
Bu gün biz qürurla deyirik: Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Şəhidlərimizin qanı yerdə qalmadı. 27 sentyabr tarixi xalqımızın birliyinin, "Dəmir Yumruq"un simvolu olaraq əbədi yaşayacaqdır!
Bu gün artıq insanlarımız işğaldan azad olunmuş ərazilərimizə qayıdır və tarixi torpaqlarımımza qayıdış uğrunda inamla mübarizə aparır. Biz qayıdırıq! Biz qayıdacağıq!




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2025