Mobil versiya
Tamam Cəfərova: "Prezident İlham Əliyevin BMT-də çıxışı: Azərbaycanın prinsipial mövqeyi və qlobal ədalət çağırışı"
Tarix: 26-09-2025 | Saat: 15:21
Bölmə:Manşet / Siyasət | çapa göndər

Tamam Cəfərova: "Prezident İlham Əliyevin BMT-də çıxışı: Azərbaycanın prinsipial mövqeyi və qlobal ədalət çağırışı"

Dünya siyasətinin ən ali tribunası – BMT Baş Assambleyası bu günlərdə bir daha Azərbaycanın səsini eşitdi. Prezident İlham Əliyevin 80-ci sessiyada etdiyi çıxış təkcə ölkəmizin deyil, beynəlxalq aləmin də diqqət mərkəzinə çevrildi. Çıxışda səslənən fikirlər yalnız diplomatik jestlər deyil, yeni beynəlxalq düzənin istiqamətlərini göstərən siyasi manifest idi. Baş Assambleyanın 80-ci sessiyasında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq aləmdə mövqeyini, prinsipial siyasi xəttini və qlobal ədalət çağırışını nümayiş etdirdi. Azərbaycan liderinin sözləri təkcə diplomatik bəyanatlarla məhdudlaşmadı, eyni zamanda gələcək beynəlxalq münasibətlər sisteminin əsaslarına dair konseptual yanaşma ortaya qoydu.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Prezidentin səsləndirdiyi “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq.” çağırışı çıxışın ən yaddaqalan məqamı oldu. Bu mesaj, beynəlxalq münasibətlərdə ikili standartların kəskin tənqidi olmaqla yanaşı, Azərbaycanın qlobal miqyasda ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni nizamın tərəfdarı olduğunu göstərdi. Çünki Azərbaycan özü uzun illər ədalətsizlikdən, işğaldan və ikili yanaşmalardan əziyyət çəkmiş, lakin BMT qətnamələrinə və beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir.

Çıxışın mühüm məqamlarından biri də Ermənistanla sülh prosesi ilə bağlı ifadə edilən fikirlər idi. Prezident İlham Əliyev vurğuladı ki, məhz vasitəçisiz və birbaşa danışıqlar nəticəsində real nəticələr əldə olunub, sülh müqaviləsi layihəsi beş əsas prinsip əsasında formalaşıb. Bu, Azərbaycanın müstəqil və suveren siyasi iradəsinin, regionun gələcəyini öz gücü və təşəbbüsü ilə müəyyənləşdirmək əzminin təsdiqidir.
Millət vəkili Tamam Cəfərova xüsusilə vurğulayıb ki, cənab Prezident, həmçinin, beynəlxalq əməkdaşlıq və strateji tərəfdaşlıqların genişləndirilməsi barədə vacib mesajlar verdi. ABŞ ilə münasibətlərin yeni strateji mərhələyə yüksəldiyi, Strateji İşçi Qrupunun yaradılacağı və tərəfdaşlığın Xartiya ilə rəsmiləşdiriləcəyi bildirildi. Bu addım Azərbaycanın qlobal siyasətdə etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməklə yanaşı, beynəlxalq təhlükəsizlik və inkişaf proseslərinə verdiyi töhfəni də artırır.
Deputatın fikrincə, enerji diplomatiyası və regional bağlantı məsələlərinin çıxışda xüsusi yer tutması da təsadüfi deyil. Azərbaycan bu gün Avrasiyanın enerji təhlükəsizliyində əsas oyunçulardan biri kimi, həm ənənəvi, həm də alternativ enerji layihələri ilə dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlıq missiyasını həyata keçirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Dünya bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməz. Enerji təhlükəsizliyi sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəlidir. Azərbaycan bu məqsədlərin qlobal səviyyədə irəlilədilməsində fəal rol oynamaqda davam edir. Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. Şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayırıq.” Bu fikirlər Azərbaycanın enerji siyasətinin yalnız iqtisadi deyil, həm də siyasi-strateji mahiyyət daşıdığını bir daha sübut edir.

Prezident İlham Əliyevin BMT tribunasındakı nitqi həm qlobal ədalət və hüququn aliliyinə çağırış, həm də Azərbaycanın regional və beynəlxalq siyasətdə artan rolunun təsdiqi oldu. Bu çıxış, bir tərəfdən Azərbaycanın əldə etdiyi tarixi qələbənin siyasi nəticələrini dünyaya çatdırdı, digər tərəfdən isə yeni beynəlxalq nizamın ədalət və bərabərlik prinsipləri üzərində qurulmasının vacibliyini ortaya qoydu. Beləliklə, Azərbaycan liderinin çıxışı yalnız milli maraqların müdafiəsi deyil, həm də qlobal ədalət, sülh və sabitlik uğrunda strateji manifest kimi qiymətləndirilə bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2025