Mobil versiya
Cənab Prezident o tribunadan... - “BMT-nin qətnamələrini Azərbaycan Lideri icra etdi” - DEPUTAT
Tarix: 26-09-2025 | Saat: 17:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

Cənab Prezident o tribunadan... - “BMT-nin qətnamələrini Azərbaycan Lideri icra etdi”

Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyası davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiya çərçivəsində tarixi çıxışını edib. Dövlət başçısı çıxışında II Qarabağ savaşına xüsusi yer ayırıb, ərazi bütövlüyümüzü tam şəkildə necə təmin etməyimizdən danışıb.

Ali Baş Komandan BMT tribunasından qurumun Azərbaycanla bağlı 1993-cü ildə qəbul etdiyi 4 qətnamənin icra olunmadığını açıq şəkildə bir daha dünyaya çatdırıb. Cənab Prezident nəticədə 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimizin Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdiyini qeyd edib. Ölkə başçısı bildirib ki, 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşüb.

İlham Əliyevin çıxışına sessiya iştirakçıları tərəfindən xüsusi diqqət ayrılıb. Çünki hər kəs tribunada Qalib Azərbaycanın Qalib Liderinin danışdığını yaxşı bilirdi...

Milli Məclisin deputatı Azər Badamov mətbuata bunları deyib:

“Dövlət başçımızın çıxışı günlərdir ki, böyük maraqla gözlənilirdi. Cənab Prezident o tribunadan bir daha bəzi dünya güclərinə öz mesajını göndərdi. Eyni zamanda, ölkəmizin Vətən müharibəsindəki tarixi qələbəsini xüsusi qabartdı. Bu da xalqımız adına çox önəmli idi. Bütün dünya artıq Qalib Lideri, Qalib Azərbaycanı və Qalib Azərbaycan Xalqını yaxşı tanıyır. Ölkə başçısının çıxışından həm də o nəticəni tədbir iştirakçıları çıxardılar ki, BMT-nin dillər əzbəri olan o məşhur, mənasız qətnamalərini özləri icra edə bilmədiyi halda Azərbaycan Lideri icra etdi. Torpaqlarının iyirmi faizindən çoxu işğala məruz qalan, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalan Azərbaycan keçmişə qovuşan münaqişənin həlli istiqamətində illərlə mübarizə apardı. İstəyimiz o idi ki, müharibə olmadan bu məsələ öz həllini tapsın. Lakin dünyanın ən böyük təsisatında kök salan böyük dövlətlər, üstəlik, münaqişənin həlli ilə bağlı yaradılan Qrupda təmsil olunan aktorlar Azərbaycana bildirirdilər ki, məsələnin hərbi həll variantı mövcud deyil.

Azərbaycan dünyanın ən böyük və nüfuzlu təsisatı kimi sülhü də, həll variantını da BMT-dən gözləyirdi. Təəssüflər olsun ki, bu istiqamətdə heç bir əməli addımın şahidi olmadıq. Verilən bəyanatlarda dişsiz, ünvansız, işğalçı dövlətlə işğala məruz qalan dövlət arasında fərqin qoyulmadığının şahidi olduq. Ən təhlükəli amillərdən biri o idi, ədalət məfhumu Azərbaycana tamamilə əks şəkildə təlqin olunmağa çalışılırdı. Dövlət başçımızın da bildirdiyi kimi, mənasız danışıqlardan xalqımız usanmışdı”.

A.Badamov qeyd edib ki, səbr kasamızın dolması nəticəsində öz reallığımızı özümüz yaratmalı olduq:

“Dövlət başçımızın da bildirdiyi kimi, dünyada artıq beynəlxalq hüquq işlək mexanizmdən çıxmış, güc amili ön plana keçmişdi. İllər ərzində Azərbaycan dövləti hərtərəfli formada gücləndi və ədaləti özü təmin etdi. Azərbaycan müharibədən sonra da elə bir reallıq yaratdı ki, bu reallıqla hər kəs barışmalı oldu. Azərbaycanın adına, xalqına, onun rəhbərinə xüsusi diqqətin göstərildiyinin şahidiyik. Sözsüz ki, bu, gərgin və çoxillik əməyin nəticəsidir. Azərbaycan Prezidenti elə bir reallıq yaratdı ki, burada itirən tərəf yoxdur, hər kəs qazanclıdır.

Qürurverici məqam odur ki, bütün beynəlxalq platformalarda dövlət başçımızla görüş qarşı tərəflərin istəyi ilə baş tutur. Azərbaycan Prezidentinin siyasi biliklərindən yararlanmaq istəyən dövlət və dövlət başçıları bu bilikləri yüksək dəyərləndirir, xalqımızı da uca xalq kimi görürlər. Bu reallığın bir müəllifi var, o da Müzəffər Ali Baş Komandanımız!

Sülh çağırışlarımız bu gün də davam edir. Bu çağırışlar Cənubi Qafqazın səmalarına əbədi sülh gətirir. Sülh gündəliyini də, onun müddəalarını da yaradan tərəf Azərbaycandır. Əvvəl torpaqlarımızı öz adlarına çıxaraq hələ bir məsələyə nöqtə qoyulduğunu zənn edən kəslər bu gün bütün dünyaya bəyan, gələcək nəsillərinə isə təlqin edirlər ki, Qarabağ Azərbaycan torpağıdır. Çünki Liderimiz qətiyyətlə, əzmlə öz xalqına söz vermişdi ki, məhz bu reallığı da qəbul etdirəcək, öz dillərindən səsləndirməyə məcbur qoyacaq. Sözü ilə əməli bir olan dövlət başçımız bir-birinin ardınca bütün hədəflərə çatdı.

Nəticə etibarilə, BMT-nin dillər əzbəri olan 822, 853, 874, 884 saylı o məşhur, mənasız qətnamalərini özləri icra edə bilmədiyi halda Azərbaycan Lideri icra etdi”.

Cavanşir ABBASLI



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2025