Mobil versiya
Eltun Süleymanov : "Ana dilimiz kimliyimiz, qürurumuz, sabahımızdır"
Tarix: 29-07-2025 | Saat: 09:38
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Eltun Süleymanov : "Ana dilimiz kimliyimiz, qürurumuz, sabahımızdır"

Dünyada elə dəyərlər var ki, illər keçsə də, tarixin ən sərt sınaqlarından da sağ çıxır, əksinə, daha da cilalanır, millətin yaddaşını, ruhunu, kimliyini əbədi yaşadır. Bizim üçün belə müqəddəs dəyərlərin başında ana dilimiz – Azərbaycan dili dayanır. Ulu Öndər Heydər Əliyevin dərin hikmətlə dediyi kimi: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.”

Bu sözləri aia.az-a açıqlamasında ictimai fəal Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, 1 Avqust tarixində qeyd etdiyimiz Azərbaycan əlifbası və Azərbaycan dili günü isə bu müqəddəs dəyərə sayğının, milli irsə sadiqliyin və gələcək nəsillərə vəsiyyətimizin ən gözəl rəmzidir. Dilimiz həm də tarixin daşlaşmış sətirlərindən gələn qürurumuzdur. XX əsrin ortalarında, xüsusilə də 70-ci illərin sonlarından başlayaraq SSRİ-də milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Ana dilimiz üçün süni maneələr yaradılır, milli özünüdərkin təməllərinə toxunulur, hətta milli respublikaların rəhbərləri də bu mövzuda danışmaqdan çəkinirdilər. Belə bir dövrdə Ulu Öndər Heydər Əliyev cəsarətlə və ardıcıl mövqeyi ilə dilimizə sahib çıxdı. SSRİ Konstitusiyası layihəsinin müzakirələri zamanı Ulu Öndər açıq şəkildə vurğuladı ki, ana dilində təhsil hüququ qorunmalı, dil dövlət səviyyəsində tanınmalıdır. Məhz onun siyasi iradəsi ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsində “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” müddəası qəbul edildi. Bu, o dövr üçün həm siyasi cəsarət, həm də milli qürurun bərpası demək idi. Dövlət dili statusunun hüquqi qələbəsi isə Müstəqillik dövründə özünü tam göstərdi. Azərbaycan dilinin dövlət dili kimi statusu daha möhkəmləndirildi. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması təsbit edildi. Bu, həm milli kimliyimizin, həm də dövlət müstəqilliyimizin təsdiqi idi. Sonrakı illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış mühüm sənədlər – “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərman – dilimizin qorunmasında, inkişafında və cəmiyyətdə hakim mövqe tutmasında həlledici rol oynadı. Ulu Öndər bu barədə deyirdi: “Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili böyük inkişaf yolu keçərək lüğət tərkibini zənginləşdirmiş, qrammatik quruluşunu cilalamış və dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur.” Ulu Öndərin siyasi kursunun davamı kimi bu gün cənab Prezident İlham Əliyev dilimizin dövlət dili kimi mövqeyini daha da möhkəmləndirir, müasir dövrün çağırışlarına uyğun şəkildə inkişafını təmin edir. 2004-cü ildən latın qrafikasının tam tətbiqi, Azərbaycan Milli Ensiklopediyasının nəşri, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” (2013), “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi haqqında” Fərman (2018), Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması mühüm addımlar canlı bir tarixdir. Bütün bunlar göstərir ki, ana dilimiz yalnız ötən günlərin deyil, həm də gələcəyimizin rəmzidir. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.” Dilimizin cazibəsi poeziya qədər saf, musiqi qədər ahəngdardır. Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil. Bu dil musiqimizdə, ədəbiyyatımızda, dövlətçilik tariximizdə yaşayıb, milli ruhumuzu formalaşdırıb. Ədəbiyyatımızın qüdrətindən tutmuş aşıq sənətinə, muğamımıza qədər hər yerdə ana dilimizin sehri var. Ulu Öndər deyirdi: “Bizim Azərbaycan dili şeir dilidir.” Məhz bu dilin ahəngi ilə xalqımız dərin fikirlərini, sevincini, dərdini, ümidini ifadə edib. Ona görə də Azərbaycan dili günü yalnız bir təqvim günü deyil – milli yaddaşımızın, milli varlığımızın canlı qalması üçün bir çağırışdır. Dünyada informasiya texnologiyalarının, xarici təsirlərin sürətlə yayıldığı bir dövrdə ana dilimizi qorumaq daha böyük məsuliyyət tələb edir. Dövlət proqramları, qanunlar, fərmanlar yalnız hüquqi çərçivədir. Ən böyük məsuliyyət isə hər birimizin üzərindədir: uşaqlarımıza düzgün və saf Azərbaycan dili öyrətmək, nitq mədəniyyətinə diqqət yetirmək, dilimizin dəyərini, zənginliyini yaşatmaq. Bu, həm də milli-mənəvi borcumuzdur. Çünki dilimiz itərsə, tariximiz, ədəbiyyatımız, milli yaddaşımız da unudular. Bu gün 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə hər birimiz bir daha düşünək: Ana dilimiz bizə ulu babalarımızın əmanətidir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz ana dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.” Bu fəxri qorumaq, sabaha ötürmək isə hər birimizin vicdan borcudur-deyə E. Süleymanov fikrini tamamlayıb.
.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-07-2025