Mobil versiya
Göydəniz Qəhrəmanov: “Azərbaycan-Macarıstan əlaqələri bütün Avropa iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən amildir”
Tarix: 21-05-2025 | Saat: 17:08
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Göydəniz Qəhrəmanov: “Azərbaycan-Macarıstan əlaqələri bütün Avropa iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən amildir”

“Ölkəmiz Sovet İttifaqının tərkibindən çıxaraq öz müstəqilliyini bəyan etdikdən 1 il sonra Azərbaycan və Macarıstan respublikaları arasındakı diplomatik əlaqələr yarandı. Macarıstan Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanımışdır. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayında qurulmuşdur. Həmin tarixdən keçən illər ərzində Azərbaycan-Macarıtan münasibətləri uğurla inkişaf edərək, bu gün artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin may ayının 20-də Macarıstana işgüzar səfəri çərçivəsində bu ölkənin Baş naziri Viktor Orbanla keçirdiyi görüşlərin də nəticələri bir daha göstərdi ki, ölkələrimiz arasında hər hansı qlobal məsələyə yanaşma tərzi ilə bağlı prinsipial fərqliliklər yoxdur. Məhz bu amil Azərbaycan-Macarıstan əməkdaşlıq əlaqələrinin genişlənməsi üçün əlverişli zəmin yaranmasına səbəb olmuş əsas göstəricilərdən biridir. Bu gün Macarıstanla münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biridir. Macarıstan şirkətlərinin Azərbaycanın neft-qaz sektorunda təmsil olunmaları da bunu təsdiq edir. Həmçinin Macarıstan öz növbəsində Azərbaycanı bütün beynəlxalq platformalarda və xüsusilə də Avropa İttifaqında daim fəal şəkildə dəstəkləyir.”

Bu sözləri aia.az-a açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Daha sonra deputat cənab Prezident İlham Əliyevin mayın 20-də Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata bəyanatla etdiyi çıxışında II Qarabağ müharibəsinin mahiyyəti və nəticələri ilə bağlı səsləndirdiyi fikirlərin əslində bəzi Qərb dairələrinə ünvanlanmış mesaj olduğunu vurğulayıb: “Öz çıxışında cənab Prezident bir daha bəyan etdi ki, İkinci Qarabağ müharibəsi BMT-nin Nizamnaməsi əsasında aparıldı. Təbii ki, bu bəyanat ilk növbədə bu gün də Azərbaycanı nədəsə ittiham etməyə çalışan bəzi Avropa ölkələrinin rəhbərlərinə açıq mətnlə ünvanlanmış ciddi mesaj kimi dəyərləndirilməlidir. Bəyanatda qeyd olundu ki, BMT-nin Nizamnaməsinin 51-ci maddəsi ilə hər bir ölkənin özünümüdafiə hüququ dünya birliyi tərəfindən tanınır və qəbul edilir. Azərbaycan da məhz bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdi və 2023-cü ildə öz suverenliyini tam bərpa etdi. Cənab Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra məhz Azərbaycanın sülh danışıqlarının təşəbbüskarı kimi çıxış etdiyini diqqət mərkəzinə gətirməklə, Avropanın bəzi ermənipərəst qüvvələrini bir daha obyektivliyə, reallıqların qiymətləndirilməsində dürüst olmağa dəvət etdi. Həmçinin qeyd olundu ki, Ermənistan bu gün Azərbaycanın müəllifi olduğu Sülh sazişinin mətnini artıq qəbul edib və hazırda müqavilənin imzalanması üçün qarşı tərəfin daha iki şərtlə razılaşması tələb olunur. Bunlardan biri Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasını özündə ehtiva edən maddənin çıxarılması ilə, digəri isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlıdır. Təbii ki, bu iki tələbin hər biri məntiqə və beynəlxalq hüquq normalarına uyğundur. Buna görə də Ermənistan gec-tez onları qəbul etməli olacaq” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2025