Mobil versiya
Mübarizələrdə keçən ömür...
Tarix: 12-04-2025 | Saat: 11:20
Bölmə:Manşet / Siyasət | çapa göndər

Mübarizələrdə keçən ömür...

Sədaqət Qəhrəmanova ilə müsahibə...

Azərbaycan qadını öz iradəsi və cəsarəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb. Sədaqət xanımı da əsl Azərbaycan qadını olaraq həyatında, ömür yollarında üzləşdiyi çətinliklər, sınaqlar qorxutmayıb. Mübarizələrdə qazanıb bütün əldə etdiklərini: uğurları da, sevgini də, dostluqları da. Müsahibimiz Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovadır

- Beləliklə, Sədaqət xanım, uzun illərdir ki, dövlətə, dövlətçiliyimizə xidmət edirsiniz. “Əməkdar dövlət qulluqçusu”, “Əmək” və “Şöhrət” ordenlərinə layiq görülmüsünüz. 2023-cü ildə isə "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif edildiniz. Təbii ki, sadaladığım bu mükafat və təltiflər alın təri, əmək və zəhmət tələb edir. Sizcə, dövlət orqanlarında fəaliyyət göstərmək üçün hansı insani keyfiyyətlərə malik olmaq lazımdır?

- Dövlət orqanlarında uğurla çalışmaq üçün ilk növbədə hər birimiz "İnsan həyatda niyə yaşayır" sualına cavab tapmalıyıq. Yaşamağın mənası, anlamı olmalıdır. Əlli ildən çoxdur ki, müxtəlif dövlət strukturlarında, müxtəlif vəzifələrdə çalışıram. Ümumiyyətlə, bu illər ərzində çalışmadığım zaman kəsiyi olmayıb. Daim işləmişəm. Mən qadınam. Qadınların inkişafı mənim üçün həmişə maraq dairəsi olub, çünki özümün yolum çox enişli, yoxuşlu olub. Bilirsiniz, qadının karyera yüksəlişində ən vacib məsələ onun ləyaqətidir, ədəb-ərkanı, sonra mükəmməl iş qabiliyyətidir. Bu fəaliyyətdə nə qabaga qaçmaq lazım deyil, nə də geridə qalmaq olmaz. Orta istiqaməti seçin, o yol sizi yüksəklərə aparar.

Komitəmiz ailə qadın və uşaq siyasətini həyata keçirir. Biz daim insanların arasında oluruq, gənclərlə, qadınlarla görüşlər keçiririk. Ailələrin düzgün istiqamətləndirilməsi, milli-mənəvi dəyərlərə cavab verməsi yolunda fəaliyyət göstəririk. Ailənin gələcəyi isə uşaqlardır.

Bütün görüşlərdə gənclərə tövsiyəm bu olur ki, həyatı sevin, hansı işdə çalışmağınızdan asılı olmayaraq, işinizi sevin. Əgər işini sevmirsənsə, o işdə bir nəticə qazanmayacaqsan. Misal üçün, mən əmək fəaliyyətimə pioner baş dəstə rəhbəri, sonra Şəhər Partiya Komitəsində makinaçı olaraq başlamışam. İşimi elə görürdüm ki, bir vergül, bir hərf səhvi belə olmasın. Hər bir yazını diqqətlə yazar, dönə-dönə oxuyub, sonra rəhbərliyə təqdim edərdim. Yalnız bir amalım olub, gördüyüm hər bir işə görə "bərəkallah" qazanım. Məni həyatda irəli aparan qüvvə məhz bu düşüncə olub.Elə həyatın mənası da budur, işinə dəyər vermək, nəticə, uğur əldə etmək, təşəkkür qazanmaq. İlk təşəkkürü iş yoldaşlarından, rəhbərliyindən alırsan. Bundan sonra ümumilikdə cəmiyyətin təşəkkürünü almağı bacarmalısan. Çalışmalısan ki, vəzifənə görə deyil, insanlığına, şəxsiyyətinə hörmət olunsun.

- Sizi “Heydər Əliyevin kadrı” adlandırırlar...

- Hə, mənim əmək fəaliyyətim təxminən Ulu Öndərin Azərbaycana rəhbərlik etməyə başladığı ildən başlanır. Heydər Əliyev mənə çox doğma və əziz insandır. Ona görə yox ki, dövlət başçısı olub, ona görə ki, insan kimi dəyərli idi. Yadımdadır, təlatümlü 90-cı illərdə bir çox siyasi partiyalar formalaşırdı. Mən siyasətdə olduğum üçün hər yeni yaranan partiya sıralarına dəvət alırdım. Yeni Azərbaycan Partiyasının (YAP) yaranması məsələsi qalxan kimi biz də təşkilatlanmağa başladıq. O zamanlar bu partiya xalq arasında adı ilə deyil, "Heydər Əliyev Partiyası" kimi tanınırdı. Hamı böyük məmnuniyyətlə bu partiyanın sıralarına daxil olurdu. Mən o zamanlar Əli Bayramlı (indiki Şirvan) şəhərində Şəhər Sovetinin sədri vəzifəsində çalışırdım. Baxmayaraq ki, hakimiyyətdə Xalq Cəbhəsi idi və mən rəhbər vəzifəli şəxs idim, heç nədən çəkinmədən bu partiyanın təşkilatlanmasını həyata keçirirdim.

Heydər Əliyevin hər sözü mənim üçün bir tapşırıq idi. Onun hər çıxışını diqqətlə izləyər və tədbir görməyi sevərdim. YAP-ın I qurultayına hazırlıqla baglı Heydər Əliyev İdarə Heyətinin yığıncagını keçirəndə mən televiziya vasitəsi ilə izləyirdim. Heydər Əliyev dedi ki, artıq YAP kirayədə yerləşə bilməz. YAP-ın öz əmlakı olmalıdır. Səhəri gün mən YAP Əli Bayramlı şəhər təşkilatının İdarə Heyətinin iclasını çagırdım və dedim ki, YAP üçün bina inşa etməliyik.

YAP üzvlərindən ibarət xeyriyyə marofonu təşkil etdik. 30 min manat vəsait toplandı. YAP şəhər təşkilatının sədrinə dedim ki, mənə bir məktub yaz torpaq sahəsinin ayrılması üçün. Beləliklə, I qurultaya qədər biz YAP şəhər təşkilatının binasını inşa etdik və şəkilini çəkib Heydər Əliyevə təqdim etdik. YAP-ın ilk binası Əli Bayramlıda inşa edildi. Qurultaydan sonra ilk regional müşavirə orada keçirildi.

- Sədaqət xanım, bildiyimiz kimi, Ulu Öndər Heydər Əliyevin sizin həyatınızda müstəsna rolu olub. Həyatınızın hər dönəmində böyük şəxsiyyətin qayğısı, diqqəti sizin ictimai-siyası fəaliyyətinizi müşayiət edib. Lap əvvəllərdən danışaq...

- Ulu Öndərin xeyir-duası, diqqəti mənim ömür yoluma hələ gəncliyimdən işıq tutub. Lap əvvələ qayıtsaq, deyə bilərəm ki, Ali Partiya Məktəbini bitirəndən sonra təyinatımı təlimatçı kimi Əli Bayramlı Şəhər Partiya Komitəsinə verdilər. Bir ilə yaxın orada işlədim. Həmin dövrdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi Əli Bayramlıda ictimai iaşə, ticarət, məişət sahələrində yoxlamalar keçirmişdi. Ciddi pozuntular aşkarlandığına görə həmin sahələrin rəhbər vəzifəli şəxsləri işdən azad edilmişdi . Bir gün birinci katib məni çağırıb dedi ki, bəs səni Qarışıq Mallar Ticarəti İdarəsinə müdir göndərmək istəyirəm. Dedim, axı mən partiya işçisiyəm, ticarətçi deyiləm. Məni o vəzifəyə necə təyin edə bilərsiniz? Üstəlik, o vəzifəyə getmək istəyən çox adam var, birini təyin edin, gedib işləsin. Etiraz elədi ki, yox, sən bacarıqlısan, bilirəm, öhdəsindən gələcəksən. Orada qayda-qanun yaratmaq lazımdır. Mərkəzi Komitənin qərarı var, ora sənin kimi təmiz və vicdanlı adam rəhbərlik etməlidir.

Düz bir ay apar-gətir oldu. Nəhayət, Əli Bayramlı Şəhər Partiya Komitəsi bürosu qərar verdi ki, Sədaqət Qəhrəmanova Qarışıq Mallar Ticarəti İdarəsinə müdir vəzifəsinə tövsiyə olunsun. Təsəvvür edin, gəlmişəm Ticarət Nazirliyinə hamısı yaşlı-başlı adamlar, oturublar, bircə arıq və çəlimsiz, 29 yaşlı gənc qız mənəm. Növbə mənə çatanda elan elədilər ki, Əli Bayramlı Qarışıq Mallar Ticarəti İdarəsi– Qəhrəmanova Sədaqət. Hiss elədim ki, hamı mənə dodaqaltı gülür. Xülasə, işə təsdiq olundum, göz yaşı tökə-tökə başladım orada işləməyə. İşim könlümcə olmasa da işlədiyim altı ayda şəhər ticarətini demək olar ki, ideal vəziyyətə gətirdim. Rüşvət yığışdırıldı, bütün mağazalar satılan mallara görə ayrı-ayrı qruplaşıdırıldı, ərzaq mağazası ayrı, tekstil ayrı, ayaqqabı mağazası ayrı və s. Vaxt keçdi, partiya təşkilatlarında hesabat-seçki yığıncaqları başladı. Bugünkü gün kimi xatırlayıram, “Şirvanneft” partiya təşkilatının hesabat-seçki yığıncagı keçirilirdi. Məni də ticarət təşkilatının rəhbəri kimi çağırmışdılar. Bununla əlaqədar Mərkəzi Komitədən kuratorumuz Mixail Konstantinoviç Bolotnikov da Əli Bayramlıya gəlmişdi.

Fasilədə Bolotnikovla qarşılaşdıq. Məni tanıyırdı, Ali Partiya Məktəbini bitirəndə bizi qəbul eləyib, xeyir-dua vermişdi. Bolotnikov məni görən kimi hal-əhval tutdu, yeni vəzifəmə görə təbrik elədi. Axıracan dinlədim və dedim siz məni ciddidən təbrik edirsiniz? Dedim, bilsəydim ki, partiya məktəbi ticarətçi yetişdirir, heç ora ayağımı da basmazdım. Əlavə elədim ki, siz partiya kadrlarını itirirsiniz. Kurator dondu qaldı, bilmədi nə desin. Demə, sözüm kişini bərk tutubmuş. Yığıncaqdan sonra gedib Əli Bayramlı Şəhər Partiya Komitəsinə, ümumi şöbənin müdiri Əlikram Əskərovdan soruşub ki, məgər Qəhrəmanova ticarətə getmək istəmirdi? O da hər şeyi olduğu kimi danışıb. Bolotnikov da deyib ki, üçüncü katib axtarırsınız. Qəhrəmanova hazır kadrdır. Bir neçə gündən sonra məni çağırdılar Mərkəzi Komitəyə. Getdim, Bolotnikov məni qəbul elədi, dedi, otur tərcümeyi-halını yaz, anketi doldur, səni partiya işinə geri qaytaracagıq. Sənədlər hazırlanandan sonra məni apardılar Mərkəzi Komitənin katibi Həsən Seyidovun yanına. Həsən Seyidov da məni tanıyırdı. İşlərimi, əhvalımı soruşdu. Dedim, çox sağ olun, işlərim yaxşıdır, yavaş-yavaş işləməyi öyrənirəm, çox qısa zamanda "julik" bir ticarətçiyə çevriləcəyəm.

Sözümə xeyli güldü. Bir xeyli yenə işlə bağlı söhbət elədik. Xoş təəssüratla Əli Bayramlıya qayıtdım. Heç kimə bu barədə bir kəlmə də demədim. Açığı, katib seçiləcəyimə inanmırdım da. Üstündən iki ay keçdi, partiya komitəsinin plenumunda Şəhər Partiya Komitəsinin rəhbər orqanına əvvəl birinci katibi seçdilər, ardınca da ikinci katibi. Nəhayət, 3-cü katibliyə mənim namizədliyim irəli sürüldü. Adım çəkildi, tərpənmədim, birinci katib qayıtdı ki, Qəhrəmanova, deyəsən, ticarətdə işləmək xoşuna gəlir, dur, gəl bura. Bax beləcə üçüncü katib seçildim. O zaman üçün bu, sensasiya idi. Çünki nəinki ticarətdə işləyənləri, heç qohumları orada işləyənləri belə partiya komitəsinə işə götürmürdülər. Yaxşı yadımdadır, mən işimlə bağlı Mərkəzi Komitəyə gedəndə Heydər Əliyev Moskvada idi. Qayıdandan sonra ona mənim məsələm məruzə olunub, o da sənədlərimə baxıb, müsbət rəy vermişdi.

Beləliklə, Heydər Əliyev mənim karyerama xeyir-dua verib. Ondan sonra yüksəliş xətti ilə gəlirəm. İkinci dəfə 1995-ci ildə məni Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edəndə düşdüyüm o çətin situasiyadan qurtuldum.

- Rəhbər vəzifədə işləmək özü bir məsuliyyətdir, üstəlik də ailə qayğıları, dörd uşaq. Bunların öhdəsindən necə gəlirdiniz?

- Bir şeyi ürəkdən istəyirsənsə onun öhdəsindən gəlmək olar. Ailə qurmaq mənim üçün mütləq idi. Qadının ailəsi olmalıdır, dünyaya uşaq gətirməlidir, onları gözəl tərbiyə etməlidir. Bu, qadının missiyasıdır. Eyni zamanda, qadın cəmiyyətin bir üzvü kimi oxumalıdır, işləməlidir, nailiyyətlər əldə etməlidir. Mən orta məktəbdə oxuyanda çox fəal idim. İşləyəndə isə ideyalarım, təşəbbüslərim bitmirdi. Hər iki sahəni ürəkdən istədiyim üçün yorulmaq bilmirdim. Evdə elə olurdu ki, gecə saat 3 olurdu mən yuyurdum, bişirirdim,lşlərimi sabaha saxlamırdım. İndi də yorulmuram, nə qədər gərgin işləyirəmsə, o qədər gümrah oluram, özümü yaxşı hiss edirəm.

- Sədaqət xanım, 1990-cı illərin əvvələrində Heydər Əliyevə qarşı çirkin kampaniyalar yürüdülürdü. Xarici havadarlara satılmış xəyanətkar rəhbərlər, heç bir idarəçilik bacarığı olmayan Xalq Cəbhəsi rejimi ölkəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Xalqın sönməkdə olan ümid çırağını bu məqamda yalnız Heydər Əliyev zəkası yandıra bilərdi. O illərin qara buludları içərisində ölkəmizə günəş kimi işıq saçan Heydər Əliyev fenomeni yaddaşınızda nə cür qalıb?

- Heydər Əliyevin ölkəyə qayıdışını gözü götürməyənlər çox idi. Amma onu güclü edən xalqın etimadı, sevgisi və inamı idi. Milli Məclisin deputatı Arif Rəhimzadə hər zaman Heydər Əliyevi müdafiə edirdi. Heydər Əliyev çıxış edəndə ayaqlarını yerə döyənlər kim, səs-küy salanlar kim, etiraz edənlər kim, çox idi belələri. Onların çoxu elə Heydər Əliyevin sayəsində vəzifə sahibi olan satqınlar idi. Heydər Əliyev çox qətiyyətli şəxsiyyət idi. Yeri gələndə sözünü deyən, addım atan şəxs idi. 20 Yanvar faciəsi baş verən zaman hadisəyə də ilk siyasi qiyməti Ulu Öndər vermişdi. Bütün qadağalara baxmayaraq Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gəlib öz münasibətini bildirdi. Bakıda bütün rəhbər,vəzifəli şəxslər gizlənmişdilər. Şəhidlərin dəfn mərasimini Şeyxülislam Allahşükür Paşazadə idarə edirdi. Rəhbərlik demək olar ki, yox idi. Baş verənləri Əli Bayramlı şəhər ictimaiyyəti olaraq biz də dərin kədər və qəzəb hissi ilə izləyirdik. O günlərdə şəhər rəhbərliyi qeyri-müəyyən vəziyyətdə idi. Bildirdim ki, biz də etiraz eləməliyik. Bildirdim ki, millətimiz qanına qəltan edilib, mərkəzi meydanda mitinq təyin olunub. Biz də getməliyik. Hadisəyə siyasi qiyməti biz verməliyik, biz auditoriyanı ələ almalıyıq. Razılaşdılar. Saat 12-də getdim ora, amma heç bir rəhbər vəzifəli şəxs gəlməmişdi. Çiskinli bir hava idi, xalq etiraz edirdi, partiya və komsomol biletləri yandırılırdı. Yeri gəlmişkən, partiya biletlərini yandıran cəbhəçilərin birinə dedim, bu biletləri yandırırsınız burada tüstülənir, heç kim də görmür, duymur etirazımızı. Yığın biletləri, göndərin lənətə gəlmiş Qorbaçova, qoy etirazımız gedib ünvanına çatsın. Razılaşdılar mənimlə, biletləri atdıqları tonqalı söndürdülər. Həmin gün axşam deputatların sessiyasında 20 Yanvar hadisələrinə qiymət verilirdi. Deməli, qərar oxunanda bəzi rəhbər vəzifəli şəxslər etiraz elədilər ki, bu nədi ağzınıza gələni yazmısınız-filan. Fikirlərini bununla əsaslandırdılar ki, bu günün sabahı var, deməzlərmi nə haqla Qorbaçovu söyürsünüz? Təşkilat şöbəsinin müdiri Mirzəyev yanımda əyləşmişdi, qərar layihəsini aldım ondan, əlimi qaldırdım, söz istədim, qalxdım kürsüyə. Dedim, siz nəyə etiraz edirsiniz? Burada hadisəyə düzgün siyasi qiymət verilib. Bu faciənin səbəbkarı da Qorbaçovdur. Xalqımızın qan içində boğulmasını kənardan sakitcə izləyə bilmərik. Heç nədən çəkinmədən hamını bu qərara səs verməyə çağırdım. Çox adam mənimlə həmfikir oldu və biz o qərarı qəbul elədik.

Bütün qadağalara baxmayaraq Heydər Əliyev Moskvadan Bakıya qayıtdı. Bu, Bakıdakı hakimiyyət strukturları üçün arzuolunmaz idi. Lakin xalq Heydər Əliyevi çagırırdı.

Mən o vaxt Əli Bayramlı Şəhər Sovetinin sədri idim. Səlahiyyətim çərçivəsində deputatların sessiyasını çagırdım. Sessiyada adi vətəndaşlar da iştirak edirdilər və əsas mövzumuz olan Heydər Əliyevin hakimiyyətə gəlməsi tələbi ilə qərar qəbul elədik. Qərarı da məktub şəklində Naxçıvana göndərdik. Sonralar Ulu Öndərlə görüşəndə bunların hamısını ona xatırlatdım. Bildirdi ki, bütün sənədləri arxivimdə saxlayıram. Sonra respublikanın 91 ziyalısı Heydər Əliyevə müraciət elədi və beləcə Yeni Azərbaycan Partiyası yarandı. Hakimiyyətdə olan Xalq Cəbhəsi, Prezident Əbülfəz Elçibəy özü Heydər Əliyevi hakimiyyətə dəvət etdi.

1993-cü ilin iyununda Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Təəssüf ki, o günlər tariximizə həm də Sürət Hüseynovun Gəncədə qiyam qaldırması kimi də yazıldı. Həmin vaxt Sürət Hüseynovun adamları Hacıqabul və Əli Bayramlıda müxtəlif yerlərdə yerləşmişdilər. İstədiklərini zor gücünə edirdilər. Xalq Cəbhəsi tərəfindən təyin edilmiş icra başçısı Loğman Abdullayevi Sürət Hüseynovun adamları götürüb apardılar. Şəhər qaldı başçısız. Sürət Hüseynovun adamları İlyas Muxtarov adlı birisini şəhərə icra başçısı təyin eləmək istəyirdilər. Bununla əlaqədar şəhərin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə icra hakiminin müavininin otağında iclas çağırıldı. Akt əsasında həmin adam icra başçısı təyin olunmalı idi. Təbii ki, aktla icra başçısı təyin edilə bilməzdi. Dedim siz aktı tərtib eləyənə kimi bir işim var, həll edim, qayıdıram. Otağımdan Ali Sovetin sədr müavini rəhmətlik Afiyəddin Cəlilova zəng vurub mövcud vəziyyəti məruzə elədim. Afiyəddin müəllim dedi, sən idarəçiliyi bilən adamsan, uyğun bildiyin kimi davran. Qapıdan çıxmaq istəyəndə onların nümayəndələri ilə qarşılaşdım. Dedi müəllimə, sizi çağırırlar. Getdim, etiraz elədim ki, mən o sənədə qol çəkməyəcəm. Nümayəndə heyətinin başçısı durdu gəldi ki, bizim işi pozursunuz, zəhmət olmasa, akta qol çəkin. Dedim xeyri yoxdur, mən ora qol çəkə bilmərəm, icra başçısı invertar deyil ki, aktla təyin edilsin. Əlavə elədim ki, bu qanunsuz sənədə qol çəkə bilmərəm, məni buna görə həbs edib, Gəncəyə–Sürət Hüseynovun yanına da apara bilərsiniz. Gözlənilməz cavabım bunları şoka saldı, özlərinə gələnə kimi oradan uzaqlaşdım. Bir müddət sonra Sürət Hüseynovun adamları ikinci dəfə vertolyotla Hacıqabula, oradan da Əli Bayramlıya gəldilər. Məndən tələb elədilər ki, deputatların sessiyasını keçirim və sessiyanın qərarı ilə bunların istədikləri başqa bir adamı icra başçısı təyin eləyim. Yenə etiraz elədim, dedim icra başçısını sessiya təyin eləmir, Prezident təyin eləyir. Ağır zamanlar idi, əl çəkmədilər, bir də gördüm, qəfildən iki silahlı ilə bir nümayəndə girdi içəri. Bir silahlı durdu qapının ağzında, biri də dayanırdı başımın üstündə. Başlayırdılar danışıqlar aparmağa. Bir dəfə gələndə dedim, bu nədir, mən qadınam, mənim burada cəbbəxanam var ki, silahla gəlib durursunuz başımın üstündə? Xüalasə, icra hakimiyyətinin binasını mühasirəyə aldılar. Yerli deputatları evlərindən yığıb gətirdilər icra hakimiyyətinə. Məni də heç yerə buraxmadılar ki, bəs gəl, iclası keçir. İclas keçirildi və Hacı Əlizadə adlı birini icra başçısı təyin elədilər. Tələb elədilər ki, qərarı hazırla, ver bizə. Dedim, gecə saat 11-dir, işçilərimdən heç kim burada yoxdu, qərar yazılıb, çap edilməlidir. Siz gedin, sabah qərarı hazırlayıb verərəm nümayəndənizə. Səhər işə gəldim, müavinə göstəriş verdim ki, dünənki deputatların iclasının, protokulunu hazırlayın. Özü də sessiyanın yox, deputatların yığıncağı. Çünki sessiyaların çağırılma qaydası var. Qaydalara əməl edilməyibsə, bu, sadəcə, deputatların yığıncağıdır. Protokolda açıq-aşkar yazılmışdı ki, Surət Hüseynovun səlahiyyətli nümayəndələrinin təkidi ilə keçirilən deputatların yığıncağı. Ardınca da nə baş vermişdisə, hamısını qeyd edib, qoydum konvertə verdim nümayəndəyə. Özüm də protokolun bir nüsxəsini də götürüb getdim Bakıya. Ali Sovetə yaxın düşmək olmurdu. Gəldim Prezident Aparatına. Arif Rəhimzadə Dövlət katibi idi. Dedi, sən düz eləmisən, amma burada boşuna vaxt itirmə. Ona görə də oturdum maşına qayıtdım Əli Bayramlıya. Bundan sonra mənə qarşı təqiblər başladı.

İki dəfə oğlumu və qızımı qaçırmağa cəhd elədilər. Bir dəfə də işdən çıxıb evə gedirdim, bloka girəndə gördüm bütün işıqlar sönüb. Hənirti, insan nəfəsi hiss elədim, qeyri-ixtiyari geri çəkildim. Həyətdə qonşu kişilər dayanmışdılar, heç nə olmamış kimi gəlib dayandım bunların yanında. Yarım saat sonra gördüm blokdan iki nəfər çıxdı. Qonşulardan soruşdum ki, o adamları tanıyırsınızmı? Dedilər tanımırıq, nəsə bura adamları deyillər. Bunlar çıxıb gedəndən sonra qonşulara hər şeyi yerli-yataqlı danışdım.

Nə bilim, Allah qoruyanda qoruyur. Ümumiyyətlə, YAP şəhər təşkilatının sədri olduğum müddətdə mənə qarşı tez-tez təzyiqlər olurdu. Hətta icra başçısı mənim yerimə təşkilatın sədri olmaq istəyirdi. Təsəvvür edin, partiya üzvü olmayan biri sədr olmaq istəyirdi. Bir dəfə də yenə də YAP şəhər təşkilatının konfransını keçirməliydik. Siyavuş Novruzovla Səyyad Salahlı da konfransda iştirak etmək üçün Əli Bayramlıya gəlmişdilər. Konfransın keçirilməsinə əngəl olunmasın deyə polisə müraciət elədim. Hətta polis rəisinin özü də əvvəldən sonacan konfransda iştirak elədi. Digər pozuçu təxribatların qarşısını almaq üçün konfrans iştirakçılarına xüsusi mandat təqdim eləmişdik. Polislərə də tapşırıq vermişdim ki, mandatı olmayanları içəri buraxmasınlar. Bu yolla pozuculuq və təxribat etmək istəyən icra hakimiyyətinin işçilərini ordan uzaqlaşdırmağa nail olduq.

Qonaqlarımız gedənə qədər bizi nömrəsiz maşınlar təqib edirdilər. Bax belə çətinliklərlə Yeni Azərbaycan Partiyasının konfranslarını keçirirdik.

- Heydər Əliyevlə görüşünüzü necə xatırlayırsınız?

- Bilirsiniz, mən heç vaxt hansısa vəzifəyə iddialı olmamışam. Hər zaman fəallığıma görə hansısa vəzifəyə təyin olunmuşam. Heç vaxt da mənə təklif olunan postu, vəzifəni ilk dəfədən, düşünmədən qəbul etməmişəm.

1995-ci ilin sentyabr ayı idi. İşdən evə gəldim. Axşam saat 7-8 olardı zəng gəldi. Prezident Aparatından Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdirü Yusif Hümbətov idi. Dedi ki, təcili gəl Bakıya, Heydər Əliyev səni qəbul edəcək. Dedim bağışlayın gecdir, indi mən Bakıya gələ bilmərəm. Uşaqlar da balacadır onları tək qoya bilmərəm. Təəccüb elədi, dedi ay qız, deyirəm ki, Heydər Əliyevin qəbuluna gəlməlisən. Dedim başa düşürəm, amma hazırkı ailə vəziyyətim buna imkan vermir. Bilirsiniz, mənim ailə vəziyyətim gerçəkdən imkan vermirdi, bir də içimdə qorxu hissi vardı. Təqib olunduğum üçün düşünürdüm ki, gecə mənə qarşı sui-qəsd ola bilər. Yusif müəllim bir az fasilə verdi və sonra dedi sabah saat 12-00 da Bakıda ol. Səhər gəldim Bakıya, Prezident Aparatına. Yusif Hümbətovun qəbulunda məlum oldu ki, YAP mənim deputatlığa namizədliyimi irəli sürüb.

Görüşəndə Heydər Əliyev soruşdu ki, namizədliyimin irəli sürülməsinə necə baxıram? Dedim ki, çox pis baxıram. Niyəsini soruşdu. Dedim, deputat olmaq böyük məsuliyyətdir, böyük arzudur, mənim üçün əlçatmazdır. Amma bəzən arzularla imkanlar üst-üstə düşmür. Dedim mən ilk növbədə anayam, dörd övladım var. Övladlarımın ikisi məktəblidir, ikisi də körpə. Uşaqlarım orada, mən Bakıda, ailəmdə problemlər yarana bilər. Bildirdim ki, Şəhər Sovetinin rəhbəri, YAP şəhər təşkilatının sədriyəm, bunun özü böyük məsuliyyətdir. Heydər Əliyev mənimlə düz saat yarım danışdı. Səhəri gün məni yenidən qəbul elədi və Əli Bayramlıya icra başçısı təyin elədi. Tapşırıq verdi ki, get, orada həm dövlətçiliyimizi qoru, həm də ailənin başında ol.

Mən Ulu Öndərin təyinatını ali tapşırıq hesab edirdim. Hesab edirdim ki, Heydər Əliyev hər bir davranışımı, addımımı görür, qiymət verir.

Yeri gəlmişkən, mən icra başçısı təyin olunanda iqtisadiyyatda çətinliklər hələ də qalmaqda idi. Əli Bayramlı fəhlə şəhəri idi. Təsəvvür edin, sənaye çökmüş vəziyyətdə və biz insanların maddiyyatını təmin etməli idik. Müharibədən yenicə çıxmışdıq, şəhərdə nə qədər məcburi köçkün, şəhid və qazi ailələri var idi. Onları idarə etmək üçün onlardan biri olmaq lazım idi. Bir şəhid ailəsinə imkan vermirdim ki, icra hakimiyyətinə gəlsin, özüm gedirdim evlərinə, bir-bir hər birinin vəziyyəti ilə maraqlanıb, problemlərini həll edirdim.

Hər bir şəhidin doğum günündə ailəsini ziyarət edirdim. Elə bir şəhid xanımı qalmadı ki, evlə təmin olunmasın. Yeni evlər tikilmirdi, amma Mənzil Kommunal İdarəsinin balansında olan təmirsiz evləri təmir elətdirib, şəhid ailələrinə verirdim. Bu gün də Şirvan şəhərinin Birinci Qarabağ müharibəsində sağlamlığını itirmiş qaziləri mən yaxşı xatırlayırlar. Hətta onurğasından güllə yarası alaraq əlil olan bir gənc, İlham Məhərrəmov var idi, müalicədən imtina edib, intihar etmək istəyirdi. Getdim, düz bir saat onunla söhbət elədim, yola gətirdim, müalicə olundu. Ona nişan taxdıq, toyunu elədim və ev verdim. İllər sonra həmin qazi ilə "Hilton" otelində bir qazinin yubileyində yenidən qarşılaşdıq. İlk əvvəl onu tanımasam da yenidən xatırladım onu. Sevindim ki, ömrümü gözəl məqsəd və amallar uğrunda xərcləmişəm. Bax, biz belə çətin və mürəkkəb zamanlardan keçmişik.

- Tarix yazan da var, tarixə yazılan da... Ulu Öndər Azərbaycan tarixini yenidən yazdı, eyni zamanda, öz adı da tarixə yazıldı. Bu gün hər kəs bilir ki, Heydər Əliyev olmasaydı Azərbaycan dövləti yox idi. Ulu Öndərin uzaqgörən siyasəti bu gün göz önündədir. Ümummilli Liderin Prezident İlham Əliyev haqqında dediyi “Mən ona özüm qədər inanıram...” fikri bu gün öz təsdiqini tapır.

- Bəli, 2000-ci illərdə müxalifət cəbhəsində dedi-qodular gəzirdi ki, Heydər Əliyev öz yerinə İlham Əliyevi hazırlayır. Yeni Azərbaycan Partiyasının yaranmasının 10-cu ildönümü münasibəti ilə keçirilən toplantıda çıxış üçün mənə söz verdilər. Çıxış edəndə dedim ki müxalifət cəbhəsində cənab İlham Əliyevlə bağlı müxtəlif dedi-qodular gəzir. Dedim, burada təəccüblü heç nə yoxdur, mənim iki yaşlı oğlumdan soruşanda böyüyəndə kim olacaqsan "Heydər Əliyev olacağam" deyir. Əcaba, Heydər Əliyevin oğlu nədən Heydər Əliyev olmasın, nədən onun yolunu davam etdirməsin? İkincisi də bu gün İlham Əliyevi gənclərin lideri hesab eləyirlər. Bu gün İlham Əliyev o statusu aşıb, o beynəlxalq səviyyədə tanınan ictimai-siyasi xadimdir, dövlət adamıdır. İlham Əliyev Heydər Əliyevin yolunu davam etdirə biləcək ən layiqli namizəddir. Və bu gün Heydər Əliyevin “Mən ona özüm qədər inanıram” fikri öz təsdiqini tapıb. Uzaqgörən Heydər Əliyev hər atdığı addımın sonunu görürdü. Konkret siyasi strategiyası və taktikası vardı. Cənab İlham Əliyev də nəyi, nə vaxt və necə etməyi bilir və edir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan möhtəşəm nailiyyətlər əldə edib. Sosial-iqtisadi inkişaf, sosial rifah , beynəlxalq əlaqələr və diplomatiya, ordu quruculuğu, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası. Hələ elə bir ölkə yoxdur ki, işğal olunmuş torpaqlarını azad edə bilsin.

Həyatda şərəflə yaşamaq lazımdır. Hər şey bu dünyada qalır. Ən vacibi odur ki, sən gedəndə nə qoyub gedirsən.

Gülşən Behbud,



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-04-2025