Mobil versiya
Bakı Enerji Diplomatiyasının Mərkəzinə çevrilib
Tarix: 12-04-2025 | Saat: 10:24
Bölmə:Siyasət | çapa göndər

Bakı Enerji Diplomatiyasının Mərkəzinə çevrilib

4 aprel 2025-ci il tarixində Bakıda “Gülüstan” sarayında keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları 2025-ci ilin mühüm beynəlxalq tədbirlərindən biri kimi böyük önəm kəsb edir. Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatıldı. Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, enerji sahəsində əməkdaşlığın, strateji tərəfdaşlığın və qarşılıqlı etimadın önəmini vurğuladı.
Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası artıq 11-ci dəfədir Bakıda toplaşır və bu, layihənin davamlılığının, uğurunun və beynəlxalq marağın göstəricisidir. Həmçinin, dövlət başçısı bildirdi ki, bu platformanın əsas məqsədi əməkdaşlığın gücləndirilməsidir, ona görə ki, əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsi mümkün olmazdı. Azərbaycan Avropanın enerji təminatında yeni və etibarlı alternativ mənbə olaraq özünün mavi qaz hasilatını artırmaqla daha çox ölkəni enerji ilə təmin etmək iqtidarında olduğunu sübut etməkdədir. Yeni enerji mənbəyi, etibarlı tərəfdaş sayılan, layihələri qısa müddətdə yerinə yetirə bilən Azərbaycan Avropaya 2021-ci ildə təxminən 8 milyard kubmetr, 2024-cü ildə isə 13 milyard kubmetr qaz ixrac edib. Azərbaycanın uzun illər ərzində etibarlı tərəfdaş olduğunu qeyd edən Prezident İlham Əliyev vurğuladı ki, ölkə bu statusunu qorumaqda qərarlıdır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri bir çox ölkələrin maraqlarını birləşdirir və qarşılıqlı fayda əsasında qurulur.
CQD Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarının açılış mərasimində çıxış edən Dövlətimizin başçısı Cənub Qaz Dəhlizinin 3 ayrılmaz hissəsi olan CQBK, TANAP və TAP-ın tam iş gücündə işlədiyini vurğulayaraq onların genişləndirməsinin zəruriliyini diqqətə çatdırıb. Daha sonra Prezidenti İlham Əliyev qeyd edib ki: “Əlbəttə, bunun üçün bizə maliyyələşmə lazımdır. Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq. Biz dəfələrlə bunu qeyd etdik ki, beynəlxalq maliyyə təsisatları, o təsisatlar ki, məhz faydalı qazıntılar üçün layihələrin maliyyələrinin dayandırılması qərarına gəlmişdilər, bəlkə də bu siyasəti dayandırsınlar”. Bundan əlavə Prezident Əliyev mövcud qaz boru kəməri sisteminin genişləndirilməsinin vacibliyinə toxundu və bu istiqamətdə birgə səylərin zəruriliyini önə çəkdi. Məhz ona görə ki, yalnız birlikdə çalışmaqla artan tələbatı qarşılamaq və yeni bazarlara çıxış əldə etmək mümkündür.
Çıxış zamanı qeyd olundu ki, yaxın illərdə bir sıra yeni neft və qaz yataqlarının istismarına başlanması planlaşdırılır. Xüsusilə bu il “Azəri-Çıraq-Günəşli” Dərin Qaz Strukturunda hasilata start verilməsi nəzərdə tutulur ki, bu da ölkənin qaz ixracının artmasına şərait yaradacaq. Prezident İlham Əliyev vurğuladı ki, Avropada yaşıl enerji gündəminin genişlənməsinə baxmayaraq, faydalı qazıntıların hasilatı və ənənəvi enerji mənbələri hələ də enerji təhlükəsizliyinin vacib tərkib hissəsidir. Bu sahələrin ayrı-seçkiliyə məruz qalmaması və onların bazar payının qorunub saxlanılması önəmlidir. “Əmin olmalıyıq ki, bu sahə üçün hələ bir neçə il ərzində bazar mövcud olacaq,” – deyə dövlətimizin başçısı bildirdi.
Cənub Qaz Dəhlizinin uğurlu inkişafını qeyd edən dövlət başçısı, Azərbaycanla Avropa Komissiyası arasında imzalanmış strateji enerji tərəfdaşlığı memorandumu nəticəsində Avropaya qaz ixracının təxminən 60 faiz artdığını xatırlatdı. Bu artım qarşılıqlı etimad və strateji maraqların üst-üstə düşdüyünün bariz nümunəsidir. Prezident onu da qeyd etdi ki, Azərbaycan yalnız ənənəvi enerji sahəsində deyil, həm də yaşıl enerji layihələrində fəal iştirak edir. “Biz bu sahədə sərmayə yatıraraq inkişafı sürətləndiririk,” – deyə İlham Əliyev əlavə etdi.
Yaşıl Enerji Məşvərət Şurasının üçüncü iclasında əsas müzakirə mövzularından biri, Azərbaycanın Xəzər dənizində istehsal etdiyi yaşıl enerjinin Avropaya ötürülməsini nəzərdə tutan “yaşıl kabel” layihəsi oldu. Bu layihə strateji əhəmiyyət kəsb etməklə, Azərbaycanın yaşıl enerji potensialının qlobal bazarlara çıxarılmasını hədəfləyir.
Prezident İlham Əliyevin çıxışı bir daha göstərdi ki, Azərbaycan enerji siyasətində balanslı və çoxşaxəli yanaşma nümayiş etdirir. Ölkə həm ənənəvi enerji resurslarının davamlı və təhlükəsiz şəkildə ixracını təmin etməyə, həm də yaşıl enerji sahəsində qlobal çağırışlara cavab verməyə sadiqdir. Cənub Qaz Dəhlizi və "yaşıl kabel" kimi layihələr təkcə Azərbaycanın deyil, həmçinin Avropanın enerji təhlükəsizliyi və ekoloji davamlılıq hədəflərinə xidmət edir. Bu təşəbbüslər Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir və ölkəmizi regionda mühüm enerji qovşağına çevirir.

Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-04-2025