Mobil versiya
Xocalı faciəsini Azərbaycan xalqı heç vaxt unutmayacaq
Tarix: 25-02-2025 | Saat: 15:21
Bölmə:Özəl | çapa göndər

Xocalı faciəsini Azərbaycan xalqı heç vaxt unutmayacaq

Ermənilər Azərbaycan torpaqlarına yerləşdirildikləri vaxtdan yerli əhalini sıxışdıraraq öz dədə baba yurdundan çıxartmağa başlayıblar. Sonralar isə ermənilər tərəfindən yerli azərbaycanlılara qarşı üç dəfə kütləvi şəkildə deportasiya aparılıb.

Üçüncü dəfə 1987-ci ilin sonlarında Qafan rayonunda azərbaycanlıların öz tarixi torpaqlarından deportasiyası başlayıb. 1988-1989-cu illərdə isə Ermənistanın müxtəlif şəhər və rayonlarında yaşayan azərbaycanlılar da eyni aqibətlə üzləşiblər. Qərbi Azərbaycanda yaşayan 250 mindən çox azərbaycanlı tarixən bizim olan ərazilərdən güclə qovulub, onlardan 216 nəfəri qətlə yetirilib, 1154 nəfəri yaralanıb.

Bundan sonra demək olar ki, açıq şəkildə ərazi iddisında olan Ermənistan artıq Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyata başlamışdır. Ermənistan silahlı qüvvələri Qarabağda azərbaycanlıların evlərini yandırmış, qəddarcasına dinc əhaliyə qarşı kütləvi qanlı qırğınlar törətmişdir.

Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu olmayan hadisə -Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xerosima faciələri ilə eyni səviyyədə tutulur. Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərin acı nümunəsidir.

Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankədidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmiş və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutmuşdur. Bu faciə təkcə azərbaycanlılara qarşı deyil, bütün insanlığa, bəçəriyyətə qarşı törədilən dəhşətli cinayət idi.
Onu da qeyd edək ki, bu qanlı akta kimi Xocalıda yeddi min nəfər əhali yaşayırdı. Burada eyni zamanda Ermənistandan, qonşu Xankəndidən didərgin salınmış soydaşlarımız və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri məskunlaşmışdılar.

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev qeyd etmişdir ki, “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür".

Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürülüb. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd ediblər.

Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlara, meşələrə qaçıblar. Erməni silahlı birləşmələri onları təqib edərək güllələmiş, amansız divan tutmuşlar. Soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşüb, girov götürülüb. Yayınıb qaçmağı bacaran insanlar isə meşələrdə soyuqdan donaraq həlak olmuşlar.

Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində, Xocalı əhalisinin rəsmi məlumata görə 613 nəfəri öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Bunların içərisində 8 ailə tamamilə məhv edilib, 56 nəfər xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb, 27 ailənin yalnız 1 üzvü qalıb, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib, 230 ailə öz başçısını itirib, 487 insan şikəst olub (onlardan 76 nəfər həddi-buluğa çatmayanlardır), 1275 insan əsir götürülüb,1165 nəfəri daha sonra girovluqdan azad etmək mümkün olub, 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.

İşğal zamanı Xocalı yerlə yeksan edilərək demək olar ki, yer üzündən silinib. Xocalı şəhərində bütün yaşayış evləri yandırılıb, 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb.

Xocalı faciəsini Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş Ulu Öndər Heydər Əliyev hadisəlrə beynəlxalq aləmdə əsil siyasi qiymətin verilməsinin zəruriliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib.

Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi qeyd etmək lazımdır. Məhz fondun gərgin fəaliyyəti nəticəsində dünya ölkələri erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan Xocalı soyqırımı haqqında daha dolğun məlumatlandırılır.

Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları, həmçinin ABŞ-ın 20-dən çox ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir.

20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilmişdir;

2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar.

2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən “Xocalıya ədalət” beynəlxalq məlumat və maarifləndirmə kampaniyası yaradılmışdır. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.

“Xocalıya ədalət” bu gün bəşəriyyəti terror nəticəsində zülm və işğəncələrdən əziyyət çəkən milyonlarla insanın taleyi uğrunda mübarizəyə çağıran mənəvi bir cəbhədir. “Xocalıya ədalət” çağırışı beynəlxalq terrora qarşı mübarizədə humanizm dəyərləri üzərində köklənmiş güclü və yeni strateji modeldir.

2020-ci sentyabrın 27-də işğal altında olan torpqlarımızın azad edilməsi məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi başlandı. Azərbaycan xalqı “Dəmir yumruq” ətrafında sıx birləşdi. Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Bu gün uzun illər işğal altında qalan Xocalı şəhərində quruculuq işləri sürətlə davam etdirilir. Əzəli yurdlarına dönən keşmiş köçkün ailələri artıq müasir tipli evlərlə təmin olunurlar.

Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir. Yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları iştirak etmişlər. Siyasi dialoqun təzahürü olaraq yürüşdə dövlət rəsmiləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların nümayəndələri də iştirak etmişdir.

Xocalı faciəsini, Xocalı soyqırımı qurbanlarını Azərbaycan xalqı heç vaxt unutmayacaq.

Əzizova Ceyran
Şəhid ailəsi, Xocalı rayon sakini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2025