Mobil versiya
Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin qalib ölkənin rəhbəri kimi öz ölkəsi və öz xalqı ilə necə fəxr etməsi barədə səsləndirdiyi ifadələr bütün dünya azərbaycanlıları üçün sonsuz qürur mənbəyidir”
Tarix: 21-01-2025 | Saat: 13:39
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-1 | çapa göndər

Eldar Quliyev: “Cənab Prezident İlham Əliyevin qalib ölkənin rəhbəri kimi öz ölkəsi və öz xalqı ilə necə fəxr etməsi barədə səsləndirdiyi ifadələr bütün dünya azərbaycanlıları üçün sonsuz qürur mənbəyidir”

Azərbaycan 2024-cü ili sözün əsil mənasında yüksək nəticələrlə başa vurdu. Ötən il ölkəmiz üçün qazanılan uğur və nailiyyətlər baxımından zəngin, eymni zamanda da istər qlobal, istərsə də regional miqyasda baş vermiş bir çox mütərəqqi hadisələrlə əlamətdar oldu. Azərbaycan iqtisadiyyatının müsbət dinamika ilə inkişafı, idman sahəsində əldə edilmiş növbəti uğurlar, keçən ilin sonlarınadək hələ də işğal altında qalan dörd kəndimizin məhz diplomatik yolla azad edilməsi, ölkəmizin nüfuzlu beynəlxalq təşkilata üzv olması – bütün bunlar 2024-cü ilin müsbət fonunu yaradan hadisələrin bir hissəsidir. Həmçinin Azərbaycan keçən il ən nüfuzlu və mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək ənənəsini davam etdirdi, planetin müxtəlif guşələrində yerləşən kiçik ölkələrin səsini dünyaya çatdırmaq üçün effektiv platforma təqdim etmək iqtidarında olduğunu göstərdi, qlobal problemlərin həllinə önəmli töhfələr vermək gücündə olduğunu bir daha təsdiq etdi. Bir sözlə, 2024-cü il Azərbaycanın öz gücünü, qüdrətini artırdığı, beynəlxalq mövqelərini möhkəmlətdiyi daha bir il kimi tarixdə qaldı.

Bugünkü buraxılışımızda Azərbaycanın 2024-cü ili başa vurduğu iqtisadi göstəricilər, keçən il beynəlxalq müstəvidə ölkəmizin əldə etdiyi uğurlar, eləcə də ölkə ictimaiyyətini maraqlandıran bir sıra digər mövzular barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.

- Xoş gördük Sizi, Eldar müəllim. Yenidən Sizinlə görüşmək bizə çox xoşdur və ilk sualımız əlbəttə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 7 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibəsi ilə bağlı olacaq...

- Mən də sizi ürəkdən salamlayıram və yenidən görüşməyimizdən məmnun olduğumu bildirmək istəyirəm. İcazənizlə suallara keçməzdən öncə mən bir neçə kəlmə ilə ümumilikdə Möhtərəm Prezidentimizin qeyd etdiyiniz müsahibəsi ilə bağlı bəzi fikirlərimi paylaşmaq istərdim. İlk növbədə qeyd etməliyəm ki, cənab Prezident İlham Əliyev bu müsahibə ilə dünyanın bir çox aparıcı siyasi liderlərinə növbəti dəfə “xalqın lideri necə olmalıdır” mövzusunda əsil master-klass nümayiş etdirdi. Mən özüm bu müsahibəni bir neçə dəfə dinlədim və inanın ki, hər dəfə dövlət başçımızın bu və ya digər məsələ ilə bağlı sarsılmaz məntiqə, inkarolunmaz faktlara və dərin təhlilə əsaslanan açıqlamalarını eşitdikcə belə bir liderimizin olduğuna görə sonsuz qürur hissi məni bürüyürdü. Əlbəttə ki, cənab Prezidentin qalib ölkənin rəhbəri kimi öz ölkəsi və öz xalqı ilə necə fəxr etməsi ilə bağlı səsləndirdiyi ifadələr əminəm ki, təkcə bizim üçün yox, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün sonsuz bir qürur mənbəyidir. İkinci bir tərəfdən də bu gün dünyada gedən proseslərin incə və eyni zamanda dəqiq təhlili, bir çox ölkə rəhbərlərinin icazəsiz adlarını belə dillərinə gətirməkdən çəkindikləri müəyyən Qərb liderlərinin qlobal miqyasda rəvac verdikləri haqsızlıqların qətiyyətli ifşası və ciddi tənqidə məruz qoyulması, anti-Azərbaycan mövqelərdə duran və bu mövqelərdən ölkəmizə qarşı hər cür təxribatlar hazırlayan bəzi qlobal güclərə açıq mətnlə göndərilən sərt xəbərdarlıq mesajları – bütün bu məqamlar əlbəttə ki, hər bir Azərbaycan vətəndaşının qürurunu artıran, ləyaqətini yüksəldən amillərdir. Bundan başqa əminəm ki, cənab Prezident İlham Əliyevin bu müsahibəsi illərdir ki, dünyanın müxtəlif guşələrində öz azadlıqları uğrunda mübarizə aparan, lakin səsləri eşidilməyən, haqları tapdanan bir çox ölkələrin xalqları üçün də sönməkdə olan ümid çırağını yenidən alovlandıraraq onu parlaq məşələ çevirə biləcək bir nəfəs effektini verdi. Artıq həmin millətlər də onların problemlərini dünyaya çatdıra biləcək, dünyanı onları dinləməyə məcbur edə biləcək bir dost tapdıqlarına əmindirlər. Məhz bütün bu məqamlar cənab Prezident İlham Əliyevin müsahibəsinin tamamilə yeni formatda siyasi dialoqun necə qurulmasına dair unikal bir nümunə konsepsiyasında mahiyyətini ortaya qoyur.

- Tamamilə Sizinlə razıyam, Eldar müəllim. Hətta mən düşünürəm ki, elə ümumilikdə də Azərbaycanın 2024-cü ildə əldə etdiyi uğur və nailiyyətlər bir çox dünya ölkələri üçün xarici və daxili siyasətin necə yönləndirilməsi xüsusunda yaxşı bir örnək ola bilər. Bu barədə nə deyə bilərsiniz?

- Burada da əlbəttə ki, ikinci bir rəy ola da bilməz. Bu gün bütün dünyada müşahidə olunan qlobal iqtisadi böhranın fonunda Azərbaycanda keçən il üzrə ümumi daxili məhsulun 4 faizdən çox artması birmənalı olaraq çox yüksək nəticədir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Artıq uzun illərdir iqtisadi inkişafla bağlı ölkəmizin əsas hədəflərindən biri məhz sənaye istehsalının artırılmasıdır ki, ötən il üzrə bu göstərici də 7 faizdən çox olub. Bu gün hətta bir çox inkişaf etmiş ölkələrin iqtisadiyyatında belə müşahidə olunan tənəzzülü nəzərə alsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Xüsusilə bir məsələni də nəzərə almaq lazımdır ki, keçən il Azərbaycanın büdcəsi rekord səviyyədə idi. İl ərzində bir çox sosial proqramlar uğurla icra edildi, o cümlədən Qarabağın bərpası ilə bağlı böyük vəsait səfərbər olundu. Lakin bütün bunlara baxmayaraq, ölkənin valyuta ehtiyatları daha da artdı. Dövlət başçımızn qeyd etdiyi kimi, 2024-cü il ərzində valyuta ehtiyatları təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. Əlbəttə ki, əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir. Qeyd etməliyəm ki, bu nəticələr heç də sadəcə ötən il görülən tədbirlər sayəsində əldə olunmayıb. Bu uğurlar uzun illər aparılan islahatların nəticələridir və bunun da təməlində cənab Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində həyata keçirilən düşünülmüş siyasət dayanır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilib və növbəti illərdə də bu dinamika saxlanılacaq.

- Yəqin ki, ötən ilin müsbət iqtisadi nəticələri 2025-ci ildə respublikamızda əhalinin rifah səviyyəsinin yüksəlişinə də öz təsirini göstərəcək ...

- Mən möhtərəm dövlət başçımızın öz müsahibəsində səsləndirdiyi bir ifadəni sizə xatırlatmaq istərdim: “Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar.” Əminəm, siz də mənimlə razılaşarsınız ki, məhz cənab Prezident İlham Əliyevin bu sözləri hər bir Azərbaycan vətəndaşının rifah yüksəlişinin ən etibarlı təminatıdır. Bu gün artıq təkcə bizim xalqımız yox, bütün dünya bilir ki, Azərbaycan Prezidenti özünün hər kəlməsini imzası qədər dəyərləndirir, verdiyi bütün vədlərə də sonadək əməl edir. Elə cari ilin ilk ayından həyata keçirilmiş minimum əməkhaqqı və minimum pensiyaların artımlarına nəzər salsaq, dövlətin sosial sahəyə nə qədər böyük diqqət yetirdiyini aydın görə bilərik. Bildiyiniz kimi, artıq yanvar ayının birindən etibarən minimum əməkhaqqı 55 manat artaraq 400, minimum pensiyalar isə 40 manat artaraq 320 manata çatdırılıb. Bu, orta hesabla 14-15 faiz artım deməkdir. Əlbəttə ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasına milyardlarla manat investisiya ayıran bir ölkədə bu sahəyə bu qədər diqqətin yetirilməsi bir daha cənab Prezident İlham Əliyevin siyasətinin mahiyyətini açır və bu siyasətin əsasında ilk növbədə məhz insan amilinin durduğunu göstərir. Bu artımı düzgün qiymətləndirmək üçün ilk növbədə onu inflyasiya dərəcəsi ilə müqayisə etmək lazımdır. Bu göstərici isə keçən il 2 faizdən bir qədər çox idi. Bu o deməkdir ki, həyata keçirilmiş artım məhz daha az müdafiə olunan təbəqə üçün dövlət tərəfindən növbəti yardımdır. Bu bir daha nümayiş etdirir ki, sosial ədalət prinsipləri Azərbaycan dövləti üçün həmişə həlledici amil olub.

- Eldar müəllim, yəqin mənimlə razılaşarsınız ki, 2024-cü ildə əldə olunmuş nailiyyətlərdən danışarkən idman sahəsində əldə olunmuş uğurlar da xüsusi qeyd olunmalıdır. Keçən ilin olimpiya ili olduğunu nəzərə alsaq, bu mövzunun aktuallığı daha qabarıq formada nəzərə çarpır...

- Tamamilə sizinlə razıyam. Bu baxımdan biz birmənalı olaraq deyə bilərik ki, 2024-cü il Azərbaycan idmanı üçün də çox uğurlu olmuşdur. Cənab Prezident İlham Əliyevin ötən ilin idman yekunlarına həsr olunan mərasimdə etdiyi çıxışında qeyd olunduğu kimi, Azərbaycan idmançıları 2024-cü ildə beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil edərək ümumilikdə 1700-ə yaxın medal qazanmışlar. Bu o deməkdir ki, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləməkdə davam edir. Əlbəttə ki, Azərbaycan idmançılarının keçən il Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarındakı uğurları da xüsusi qeyd olunmalıdır. Möhtərəm dövlət başçımızın dediyi kimi, bu oyunlarda ölkəmiz tarixi nəticə əldə etmişdir. Belə ki, komanda hesabında Azərbaycan ilk dəfə 30-cu yerə yüksəlmişdir. Bütövlükdə iki yüzdən çox milli komandanın iştirak etdiyi Olimpiya Oyunlarında 30-cu yeri tutmaq həqiqətən də çox böyük nailiyyətdir. Müsəlman ölkələri arasında isə Azərbaycan üçüncü yerdə qərarlaşdı ki, bu da daha bir tarixi nailiyyətdir. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırdı. Əlbəttə ki, biz növbəti illərdə də idmançılarımızdan yeni qələbələr, yüksək nəticələr gözləyirik. Çünki Azərbaycan dövlətinin siyasəti artıq uzun illərdir ki, idman sahəsinin inkişafını stimullaşdırır və bu sahə daim cənab Prezident İlham Əliyevin bilavasitə diqqətindədir. Gənc nəslin fiziki və mənəvi baxımdan sağlam, milli-vətənpərvərlik ruhunda formlaşmasında sözsüz ki, idmanın rolu çox böyükdür. Nəzərə almaq lazımdır ki, bu Yay Olimpiya Oyunlarında Azərbaycan qalib ölkə, idmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər. Əlbəttə ki, bu vətənpərvərlik amili daim diqqətdə saxlanılmalıdır və saxlnılacaq da.

-Eldar müəllim, Azərbaycanın 2024-cü ildə əldə etdiyi uğurlar qlobal siyasi arenada da öz əksini aydın şəkildə tapıb. O cümlədən ölkəmizin müsəlman ölkələrini birləşdirən D-8 təşkilatına qəbul olunması da böyük nailiyyət kimi qiymətləndirilir. Bu barədə nə deyə bilərsiz?

- Heç şübhəsiz Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasını bir daha nümayiş etdirdi. Bildiyiniz kimi, bu təşkilat təxminən 30 il bundan əvvəl qardaş Türkiyənin təşəbbüsü ilə yaradılıb və Azərbaycanın üzvlüyünə qədər səkkiz ölkədən ibarət idi. Maraqlıdır ki, ötən illər ərzində təşkilata əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra isə D-8-ə üzv qəbul edilən ilk ölkə məhz Azərbaycan oldu. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə önəmli rolunu göstərir. D-8 ümumilikdə bir milyarddan çox əhalisi olan və özündə ümumi iqtisadiyyatın 60 faizini cəmləşdirən müsəlman ölkələrinin təmsil olunduqları ən böyük təşkilatdır. Diqqət edin, dünyada 60-a yaxın müsəlman ölkəsi var və onların arasından məhz Azərbaycan yeni üzv seçilmişdir. Heç bir şübhə yoxdur ki, Azərbaycan bu təşkilatda da hər zamankı kimi fəal olacaq və D-8-in inkişafına mühüm töhfələr verəcək. Çünki Azərbaycan hər zaman müsəlman aləminin dəyərli üzvü olmuşdur. Təsadüfi deyil ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanla bağlı həmişə çox müsbət fikirdə olub. İslam həmrəyliyi ilə bağlı cənab Prezident İlham Əliyevin mütəmadi olaraq irəli sürdüyü təşəbbüslər və atdığı addımlar, Azərbaycanda İslam dininə olan hörmət, dinlərarası münasibətlər, müsəlman ölkələrinin xətti ilə bir çox tədbirlərin keçirilməsi, bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də Azərbaycan tərəfindən daim müsəlman ölkələrinin maraqlarının müdafiə olunması ölkəmiz barədə islam dünyasında ən yüksək səviyyədə müsbət rəyin formalaşmasını təmin edən əsas amillərdir. Azərbaycan mütəmadi olaraq bir çox müsəlman ölkələrinə yardımlar edir. O cümlədən ölkəmiz Fələstin xalqının üzləşdiyi fəlakətlə bağlı yenə də ön sıralarda oldu. Suriyada artıq Əsəd rejiminin çökməsindən, yeni hökumətin formalaşmasından sonra Türkiyənin ardınca ikinci ölkə Azərbaycan oldu ki, oraya humanitar yardım göstərdi. Bir daha deyirəm, məhz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasi xətt Azərbaycanı müsəlman dünyasının önəmli və nüfuzlu üzvünə çevirmişdir.

Söhbətləşdi: Azər Məmmədov
aia.az

(ardı var...)




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2025