Mobil versiya
Xalqımızın və dövlətimizin ictimai-siyasi həyatında dönüş günü - ŞƏRH
Tarix: 13-06-2024 | Saat: 17:31
Bölmə:Siyasət | çapa göndər

Xalqımızın və dövlətimizin ictimai-siyasi həyatında dönüş günü -

Milli Qurtuluş Günü xalqımızın və dövlətimizin ictimai-siyasi həyatında dönüş günü kimi tarixə düşdü. Azərbaycanın yaşadığı o ağrılı günlərdə həyatı bahasına riskə girərək xalqın təkidli tələbi ilə Bakıya gələrək idarə olunmaz hala düşmüş dövlətin sükanı arxasına keçən Ulu Öndər Heydər Əliyev azərbaycanlıları ağır vəziyyətdən çıxardı. Heç bir siyasi təcrübəsi olmayan başıpozuq bir qrupun yarıtmaz idarəçiliyi ucbatından məhv olmaq təhlükəsi ilə üzləşən dövlətimiz, müstəqilliyimiz məhz Heydər Əliyevin sayəsində yaşadı, gücləndi. Böyük nüfuz sahibi olan ziyalılar, ictimai-siyasi xadimlər Ulu Öndər Heydər Əliyevin ətrafında birləşərək Müstəqil Azərbaycan dövlətinin müdafiəsinə qalxdılar.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cəbi Quliyev deyib.

Ulu Öndər Heydər Əliyevin hələ birinci hakimiyyəti dönəmində Azərbaycanın bütün sahələrində dinamik inkişafın müşahidə edildiyini diqqətə çatdıran deputat bildirib: “Heydər Əliyevin hakimiyyəti illərində ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparıldı, ermənilərin Moskvada Azərbaycana qarşı yürütdüyü çirkin kampaniyaların, ərazi iddialarının qarşısı qətiyyətlə alındı. Təəssüf ki, sonrakı illərdə hakimiyyətdə olan qüvvələr Heydər Əliyevin başlatdığı mübarizəni, milli maraqlara söykənən siyasəti davam etdirə bilmədilər. Heydər Əliyev ikinci dəfə Bakıya gələndə ilk işi ölkədəki xaosun, qardaş qırğınının, separatçılığın qarşısını almaq oldu. O, həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. Ölkədə vətəndaş həmrəyliyi, güclü və milli kadrlardan ibarət komanda yaratmaqla sabitlik təmin olundu, inkişafın təməli qoyuldu”.

Cəbi Quliyev deyib ki, Ümummilli Lider Heydər Əliyev özünün zəngin dövlətçilik təcrübəsinə arxalanaraq bütün dağıdıcı prosesləri aradan qaldırdı. İqtisadi sahədə əldə olunan uğurlar, xüsusilə də “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan öz təbii sərvətlərinə sahib oldu və bunun gətirdiyi dividentlər ölkəmizin inkişafına zəmin yaratdı. Milli iqtisadi siyasət ölkəmizin qüdrətini, nüfuzunu artırdı, Silahlı Hərbi Qüvvələrimizi gücləndirdi. Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Ulu Öndər Azərbaycan xalqına çox qiymətli miras qoydu. Bunlar güclü Azərbaycan dövləti, milli ruha bağlı xalq, vətənpərvər gənclik və heç şübhəsiz ki, peşəkar, qətiyyətli, güclü sərkərdə İlham Əliyevdir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bəri Azərbaycan sürətlə inkişaf edir.

Bu gün Azərbaycanın dünya miqyasında nüfuzlu ölkə kimi qəbul edildiyini vurğulayan deputat əlavə edib: “Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşdır. Ulu Öndər Heydər Əliyevin müəyənləşdirdiyi siyasəti layiqincə həyata keçirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad etdi. Ərazi bütövlüyümüz bərpa olundu. Prezident İlham Əliyev bununla ata vəsiyyətini yerinə yetirdi. Bu gün üçrəngli Azərbaycan Bayrağı Şuşada, Xankəndidə, Xocalıda dalğalanır.

Bu gün bir dövlət olaraq qazandığımız hər bir uğurun, Zəfərin arxasında Ulu Öndərin əsasını qoyduğu milli siyasət, azərbaycançılıq ideologiyası dayanır. Ümummilli Liderin həyat amalı bütün varlığı qədər sevdiyi Azərbaycan xalqına, dövlətçiliyə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024